Modern.az

Söz sizindir, cənab nazir...

Söz sizindir, cənab nazir...

Ölkə

19 May 2011, 19:08

İşğal altında olan rayonlarımız həmişə özlərinin ziyalı potensialı ilə fəxr ediblər. Mənim böyüdüyüm mühitdə alimin mürəkkəbi şəhidin qanı qədər müqəddəs sayılıb.

Dağlıq Qarabağ və ətraf rayonlar işğal olunandan sonra köçkünlərin kompakt yaşadığı bölgələrdə bəzi məktəblərin fəaliyyətinin bərpa olunmasına icazə verildi. Bu addımın xoş niyyətlə atıldığına zərrə qədər də şübhəm yoxdur. Amma aradan 20 ilə yaxın zaman keçməsinə baxmayaraq, həmin məktəblərin əksəriyyəti hələ də zəruri avadanlıqla təchiz olunmayıb. Rayonlardakı köçkün məktəblərinin çoxu vaqonlarda fəaliyyət göstərir.

Acınacaqlı vəziyyətdə olan belə təhsil ocaqlarından biri də Gəncənin Gülüstan qəsəbəsində fəaliyyət göstərən B.Cəfərov adına 1 saylı Kəlbəcər tam orta məktəbidir. 175 şagirdin oxuduğu bu təhsil ocağı Gəncə şəhər 12 saylı orta məktəbin nəzdində fəaliyyət göstərir. Məktəbə Gülşən Nağıyeva adlı təcrübəli pedaqoq rəhbərlik edir. Yəqin buna görədir ki, ötən il məzun olan 17 nəfərdən 8-i ali məktəbə qəbul ola bilib.

B.Cəfərov adına 1 saylı Kəlbəcər tam orta məktəbində gördüyüm mənzərəni təsvir etməyə çətinlik çəkirəm. Ümid edirəm ki, təhsil naziri Misir Mərdanov Gəncəyə gedəndə özünə əziyyət verib, Gülüstan qəsəbəsində yerləşən həmin məktəbə baş çəkəcək. Haqqında danışdığımız təhsil ocağı Gəncə şəhər 12 saylı orta məktəbin 3-cü mərtəbəsində fəaliyyət göstərir. Səhər növbəsində 12 saylı məktəbin şagirdləri oxuduğu üçün köçkün uşaqlar dərsə günorta saat 2-də gəlirlər. Onlar üçün ayrılmış sinif otaqları son 20 ildə bircə dəfə də təmir olunmayıb. Adamın üstünə gələn divarların əvvəllər hansı rəngdə olduğunu müəyyənləşdirmək istəyən insan mütləq xüsusi istedad sahibi olmalıdır. Döşəmədəki yarıqlar ancaq siçovulların rahat nəfəs almasını təmin edir. Direktorun kabineti yoxdur. O, qəzalı vəziyyətdə olan "Müəllimlər otağı"nda pedaqoji kollektivlə birlikdə əyləşir. 32 müəllimin ixtiyarında olan həmin otaqda cəmi 3 stol, 4 stul var. Buna görə də müəllimlər növbə ilə otururlar. Sinif otaqlarında parta və stullar çatışmır. Amma məni ən çox üzən məqam birinci növbədə dərslər başa çatan kimi məktəbin bufetinin bağlanması oldu. Bunu nəzərə alan şagirdlərin əksəriyyəti məktəbə özlərilə yemək gətirirlər.

Əsas problemlərdən biri də məktəbdə suyun olmamasıdır. Bu isə 3-cü mərtəbədə antisanitariya şəraitinin hökm sürməsinə səbəb olub. Oğlanların istifadə etdiyi tualetin qapısının olmaması vəziyyəti daha da ağırlaşdırıb. Qarşılaşdığım digər fakt isə daha acınacaqlıdır: B.Cəfərov adına 1 saylı Kəlbəcər tam orta məktəbində müəllimlər üçün tualet yoxdur.

Məktəbin istilik sistemi çoxdan sıradan çıxıb. Buna görə də qışda sinif otaqlarını odunla isidirlər. Amma Gəncədə odun qıt olduğu üçün şagirdlər əsasən soyuq havada yazıb-oxumalı olurlar. Görünür, Misir müəllimin Gəncədəki işçiləri məktəblər arasında odun böləndə kəlbəcərlilərin soyuqa davamlı olduğunu nəzərə alırlar.

Vəziyyətdən çıxış yolu var. Yaxşı olar ki, Gəncə şəhər 12 saylı orta məktəbin həyətində kəlbəcərlilər üçün də məktəb tikilsin. Sonra isə Gəncədə fəaliyyət göstərən Kəlbəcər məktəblərinin hamısı birləşdirilsin. Ərazidə yeni təhsil ocağının tikilməsi üçün hər cür şərait var. Bircə qalır istək.

Söz sizindir, cənab nazir...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı