“Azərsu” ASC abunəçilərin su təchizatında mövcud qrafikdən kənarlaşmalara yol verilməməsi və istehlakçıların artan tələbatını ödəmək üçün mənbələrdən götürülən və xətlərə vurulan suyun həcmini artırıb. Tələbatı ödəmək və bütün istehlakçılara normal həcmdə içməli su verilməsi üçün magistral və məhəllədaxili kəmərlərdə təzyiqlər artırılıb. Təzyiqin yüksəlməsi isə istismar müddətini başa vurmuş və fiziki cəhətdən köhnəlmiş borularda tez-tez sızma və qəzalarla müşahidə olunur.
“Bunları nəzərə alaraq “Azərsu” ASC əhalidən və istehlakçılardan xahiş edir ki, su təminatında yaranmış problemlər, həmçinin magistral xətt və küçələrdə hər hansı qəza və sızma halları ilə rastlaşdıqda dərhal şəhər telefonlarından 961 nömrəli qaynar xəttə, həmçinin 431-41-67, 431-39-42 nömrələrinə zəng edib məlumat versinlər”-deyə
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a məlumat verilib.
“Nəzərə alın ki, qəza və sızmalarla bağlı Sizin zəngləriniz su itkilərinin qarşının alınmasında, əhalinin içməli su təminatının yaxşılaşdırılmasında, həmçinin kanalizasiya xətlərində tutulmaların dərhal aradan qaldırılmasında “Azərsu” ASC əməkdaşlarının operativ fəaliyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir”.
“Azərsu” ASC-nin Operativ idarəetmə şöbəsinin məlumatına görə, sutka ərzində Bakı şəhərindəki su xətlərində orta hesabla 40 sızma və qəza, kanalizasiya xətlərində isə 150 tutulma halları qeydə alınır.
Modern.az