
Azərbaycanlıların davranışlarında böyüklərə hörmət, kiçiklərə kömək etmək, qadınlara diqqət və sayğı göstərmək hər zaman öndə olub.
Amma son zamanların müşahidələri bir çox adət-ənələrimiz kimi, məişət davranışlarımızın da aşınmaya məruz qaldığını göstərir.
Bir də görürsən ki, ictimai nəqliyyatda əyləşən gənc oğlanlar yaşlı qadınları görməməzliyə vurur, qızlara isə yer verməyə çalışırlar. Eyni hal küçələrdə də təkrarlanır. Avtomobil idarə edən cavanlar yaşlılara deyil, gənc xanımlara yol verməyi nədənsə daha üstün tuturlar. Davranışlarda müşahidə olunan bu anormallığın səbəsi nə ilə bağlıdır?
Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirir ki, geniş auditoriyaya malik olan və ictimai rəyə təsir edə bilən televiziyaların davranışlarln korlanmasında rolu böyükdür. Telekanalların son vaxtlar düzgün təbliğat aparmadığını deyən H.Rəcəbli qeyd edib ki, nəticədə cəmiyyətdə düzgün fikir formalaşmır:
“Fikir verirsinizsə, əksər hallarda televiziya ekranlarından nümunəvi qadın obrazının təmsilcisi kimi müğənnilər çıxış edirlər. Təbii ki, onlar da bu işin öhdəsindən layiqincə gələ bilmirlər. Ümumiyyətlə, son vaxtlar Azərbaycan telekanallarında Azərbaycan qadını, qızı obrazı bir qədər qarışdırılıb. Çünki bizdə bu obrazda daha çox müğənnilər görünürlər. Onların da təbii ki, bu obrazı düzgün şəkildə çatdırmağa gücləri çatmır”.
Bir vaxtlar insanlarda utancaqlıq hissinin olduğunu deyən H.Rəcəbli söyləyir ki, son vaxtlar bu xüsusiyyət öz varlığını itirib: “Əgər əvvəllər qadın, qız yol ilə gedəndə bir maşın dayanıb ona yol verirdisə, sürücü başını qaldırıb qıza baxmazdı. Amma indi biz bunun əksinin şahidi oluruq”.
Millət vəkili hesab edir ki, hər hansı ictimai nəqliyyatda qızlara yer verilməsi, ya da yolda avtomobili saxlayaraq xanımlara keçməyə icazə verilməsi təqdirəlayiq haldır: “Əgər kişilərin və oğlanların ürəyində bir humanistlik, qadına hörmət məsələsi varsa, bu, yaxşıdır. Sırf erotik baxımdan bu cür hallar baş verirsə, deməli, bu mənfi bir tendensiyadır”.
Bu kimi halların qarşısını almaq üçün cəmiyyətdə böyük işlər görməyin vacibliyini qeyd edən millət vəkili söyləyib ki, məsələ ilə bağlı ümumi konsensusa gəlməyin vaxtı çoxdan çatıb. Eyni zamanda o, bildirib ki, təbliğat da bu məsələdə yardımçı ola bilər: “Prezidentdən sitat gətirmək istərdim. O, Azərbaycanın daim inkişafının tərəfdarıdır. İlham Əliyev dünyaya inteqrasiyanın milli-mənəvi dəyərlərin qorunması ilə tərəfdarıdır. Ona görə bu məsələr paralel şəkildə həyəta keçirilməlidir”.
Jurnalist-psixoloq Azər Qaraçənli isə bildirib ki, ictimai nəqliyyatda özündən böyüyə yer vermək sovet dövründə daha çox Azərbaycanda olan bir ənənə idi və bu, başqa respublikalarda da təbliğ olunurdu: “Azərbaycan haqqında başqa ölkələrdə məqalələr dərc olunanda, bu məsələ qeyd edilirdi. Başqa xalqlar da ölkəmizdə olan bu ənənəyə rəğbətlə yanaşıdılar. Hətta bir çox respublikalara da bu adət öz təsirini göstərib. Konkret olaraq deyə bilərəm ki, Moskva şəhərininin əhalisinə Azərbaycanda olan bu ənənə təsir edirdi. Nəticədə onlar bizdən bu xüsisiyyəti götürüblər”.
Hazırda ölkəmizdə bu ənənənin davam etdiyini deyən A.Qaraçənli hesab edir ki, belə davranışlar ciddi şəkildə pozulmur və unudulmayıb: “Amma ola bilər hansısa istisna hallar baş verir. Bu o qədər də kütləvi hal deyil. Bəzən yeniyetmələrin davranşında təzahür edə bilər. Ancaq mənə elə gəlir ki, ənənə davam edir. Buna qarşı o qədər də təhlükə yoxdur”.
Jurnalist-psixoloq eyni zamanda başqa bir məqama da diqqət çəkib. Deyib ki, metro stansiyalarında “Özünüzdən böyüklərə yer verin!”, “Uşaqlı qadınlara yol verin!”, “Qocalara yer verin!” fikirlərinin əks olunduğu elanlara ehtiyac yoxdur. Müsahibimizin sözlərinə görə, bu tip elanlar xarici ölkələrin təcrübəsindən irəli gəlir və Azərbaycanın belə bir xatırlatmaya ehtiyacı yoxdur: “Görünür bu tip elanların verilməsi əslində hansısa xarici ölkənin metro stansiyasında olan təcrübədən götürülüb. Əslində Azərbaycanda belə bir elana ehtiyac yoxdur”.
Davranışlardakı mədəni ənənələrin sıradan çıxmaq təhlükəsinin olmadığını deyən A.Qarəcənli bildirib ki, hər hansı bir şəxsin özündən böyüyə yer ver verməsi məcburi deyil: “Ola bilər ki, kimsə yaşda səndən böyükdür, amma onun da ayaq üstə dürma gücü səninki qədərdir. Burada özündən böyük deyəndə, söhbət birbaşa özündən böyükdən getmir, yaşlı insanlara, uşaqlı insanlara yer vermək lazımdır. Kimsə özündən 5-6 yaş böyüyə yer vermirsə, bu o demək deyil ki, ənənə pozulub. Bu ciddi şəkildə onda pozula bilər ki, qocalara, uşaqlı qadınlara və ya kişilərə, balaca uşaqlara oturmaq üçün şərait yaradılmasın. Amma mənə elə gəlir ki, bu şərait yaradılır”.
Sədaqət SÜLEYMANOVA