
Daxili İşlər Nazirliyi 2011-2012-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu həyata keçirir.
Modern.az-ın məlumatına görə, DİN-in Polis Akademiyasına qəbulda namizədlər arasından Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi hərbi komissarlıqda qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçir.
Polis Akademiyasına sənəd verən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) keçirdiyi test imtahanlarına kimi bir neçə mərhələdən - fiziki hazırlıq, xüsusi-həkim və seçmə komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər. Modern.az-ın məlumatına görə, artıq iki mərhələ geridə qalıb. Belə ki, abituryentlər fiziki hazırlıq, xüsusi-həkim sınaqlarından keçməklə ələniblər.
Bu gün isə DİN-də abituriyentlərin “mandat” imtahanı başlayıb. Onlar daxili işlər naziri general-polkovnik Ramil Usubov başda olmaqla yüksək rütbəli polis əməkdaşlarından ibarət seçmə komissiyasının şifahi suallarına cavab verməlidirlər.
Bu imtahandan da müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarında iştirak etmələri üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndəriləcək.
İmtahanlar test üsulu ilə 3-cü qrup fənləri üzrə Azərbaycan və rus dillərində olacaq.
Modern.az-ın məlumatına görə, əvvəlki iki mərhələdə ələnmələrdən sonra 500-dən artıq abituryent qalıb. Onlar Polis Akademiyasındakı 100 yer uğrunda mübarisə aparırlar.
Birinci və ikinci mərhələdən keçən abituryentlərdən 93 nəfəri bu gün saat 14-00-da DİN-nin yüksək rütbəli şəxlərin qabağında imtahan verəcəklər.
Polis Akademiyasına qəbul olunacaq abituriyentlər dövlət hesabına yeməklə, geyim forması və yataqxana ilə təmin edilirlər. Təhsil müddəti 5 ildir.
Məzunlara "hüquqşünas" ixtisası və "polis leytenantı" xüsusi rütbəsi verilərək daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Modern.az