Ədliyyə Nazirliyi Penitensiar xidmət Baş idarəsində yeni cəzaçəkmə müəssisələrinin layihələndirilməsinə və tikintisinə nəzarətin gücləndirilməsi məqsədilə layihə institutunun, podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirədə ədliyyə nazirinin müavini Mədət Quliyev və Penitensiar xidmətin aidiyyəti qurumlarının rəhbərləri də iştirak ediblər.
Modern.az xəbər verir ki, Penitensiar xidmətin mətbuat xidmətinin məlumatına görə, müşavirədə çıxış edən nazir müavini Penitensiar xidmətin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər nəticəsində layihələndirmə və tikinti ilə bağlı aşkar edilmiş qüsurlardan danışıb. Müzakirələr nəticəsində layihə üzrə buraxılmış səhvlər, həmçinin tikinti-quraşdırma işlərinin aparılmasında yol verilmiş nöqsanlar ətraflı araşdırılıb.
Layihələndirmə ilə bağlı yol verilmiş nöqsanların, həmçinin tikintidə keyfiyyətsiz aparılmış işlərin aradan qaldırılması istiqamətində layihəçilərə və podratçılara müvafiq tapşırıqlar verilib.
Müşavirənin yekununda nazir müavini qarşıda duran vəzifələrdən danışaraq, layihə və tikinti təşkilatlarından məsuliyyət hissinin artırılmasını, görülən işlərin keyfiyyətinə nəzarətin gücləndirilməsini tələb edib.
Modern.az