Şəmkirli jurnalistlər rayondakı vəziyyətdən danışırlar...

Modern.az saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini davam etdirir. Bu dəfə suallarımızı Şəmkir rayonundan olan jurnalistlərə ünvanladıq. Onlar rayonun sosial-iqtisadi vəziyyəti, inkişaf və problemləri, təhsil və səhiyyədəki durum barədə danışıblar.
“İşsizlik Şəmkir cavanlarını Rusiyaya aparıb”
“Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru Vasif Süleyman rayonda ən böyük problemin işsizlik olduğunu deyir: “Əgər rayonda mənimlə həmyaşıd olan və Rusiyaya işləməyə getməyənlər varsa, onların da əksəriyyəti işsizdir. İşləyənlər də ancaq ticarət obyektlərində çalışırlar. Bu da rayonda o qədər çox deyil, bir-iki bazar, bir neçə ticarət obyekti. Yəni bununla istər-istəməz hamını işlə təmin etmək mümkün deyil”.
Redaktorun fikrincə, rayonda olan digər problemlər də birbaşa işsizliklə bağlıdır.
“Ona görə düşünürəm ki, rayonda da müəyyən iş yerlərinin, zavod, fabrik və digər hər hansı istehsalat sahələrinin açılması təqdirəlayiq olardı”.
V.Süleyman 1500-2000 nəfərə yaxın insanın çalışdığı Dəllər Tikinti Kombinatının isə indi fəaliyyət göstərmədiyini qeyd edib. Onun sözlərinə görə, həmin kombinatın Qafqaz regionunda anoloqu yox idi.
“Kombinatda beton borular buraxılırdı, amma indi onun fəaliyyəti tamam dayanıb. Kombinatın yerində hansısa sexlər açmaq olardı. Çünki onun ərazisi həm böyükdür, həm də çoxlu texnikaları var idi”.
Müsahibimiz işsiz əhalinin əsas dolanışıq mənbəyinin kənd və fermer təsərrüfatları olduğunu vurğulayıb.
“Kəndlərdə yaşayan insanların əksəriyyəti dolanışığını yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satmaqla, bağda, bostanda işləməklə, mal-heyvan saxlamaqla çıxardırlar. Amma Şəmkirin bir sıra kəndlərində böyüyən cavanların xeyli hissəsi, məsələn Şiştəpə kəndindən cavanların əksəriyyəti Rusiyadadır. Bunu da tamamilə işsizliklə əlaqələndirmək olmaz. Düzdür, son 15-20 ildə gedənlər də var. Amma keçmiş SSRİ dövründə də Azərbaycandan insanlar Rusiyanın müxtəlif bölgələrinə gedib işləyirdilər”.
Bütün problemlərlə yanaşı, jurnalist Şəmkirdə abadlıq işlərinin də getdiyini bildirib.
“Bütün rayonlarda həyata keçirilən regionların inkişafı ilə əlaqədar Dövlət Proqramı çərçivəsində Şəmkirdə də bir sıra uğurlu layihələr həyata keçirilir, abadlıq, yenidənqurma işləri görülür, parklar salınır və yollar çəkilir. Rayonun mərkəzi yolları və ya mərkəzlə hər hansı iri qəsəbələri birləşdirən yollar normaldır, amma kənd yollarına əl gəzdirmək lazımdır. Yerli bələdiyyələr və ya müvafiq qurumlar yolların təmir olunması məsələsinə də baxmalıdır ki, bu da istənilən halda iş yerlərinin açılmasına səbəb ola bilər” deyə V.Süleyman əlavə edib.
Vasif Süleyman Şəmkirdə səhiyyə və təhsil sahəsində vəziyyətin elə də pis olmadığını söyləyib. Onun sözlərinə görə, son illər Heydər Əliyev Fondunun xətti ilə Şəmkir rayonunda olan bir sıra məktəblərdə təmir işləri aparılıb. Amma ucqar kəndlərdə təmir olunmamış məktəblər hələ də qalmaqdadır.
“Rayonun güclü səhiyyə, pedoqoji personalı var. Şəmkirdə əhaliyə tibbi xidmətlər çox yüksək səviyyədə göstərilir. Rayon xəstəxanalarında, kəndlərdə və ya qəsəbələrdə olan amblatoriyalarda olduqca güclü həkim heyəti var. Bundan əlavə, rayonda təhsil sisteminin də pis səviyyədə olduğunu demək olmaz. Bildiyim qədər hər il Şəmkir rayonu üzrə ali məktəblərə daxil olanların sayı yüksəkdir”.
Həmsöhbətimiz Şəmkir rayonun qaz, işıq, su ilə bağlı problemlərindən də danışıb. V.Süleyman bildirib ki, əvvəllər rayonda qazın olmaması nəticəsində bir sıra meşə zolaqları məhv edilib, nəticədə onların yerində düzənlik yaranıb.
“Dəllər qəsəbəsi ilə Sabirkənd, Zəyəm arasında dəmir yolunun kənarlarında meşə zolağı var idi. Hətta orda ağaclar o qədər sıx idi ki, bəzi hallarda insan o ağacların arasından keçib gedə bilmirdi. Bir müddət qaz olmayanda insanlar ağacları hissə-hissə kəsdilər və meşə zolaqları seyrəldi. Amma 2010-cu ilin “Ekologiya ili” elan olunması nəticəsində rayonda yaşıllaşdırma hərakatı genişləndirildi. İşıqla bağlı isə Şəmkirdə problem yoxdur. Yəni ən ucqar kənddə belə, işıq var”.
Redaktor son vaxtlar rayona intensiv getmədiyi üçün İcra Hakimiyyəti başçısının insanların problemləri ilə maraqlanıb-maraqlanmadığı barədə məlumatsız olduğunu bildirib.
“Amma bildiyim qədər icra başçısı əhali ilə görüşlər keçirir, onları qəbul edir. Şəmkirdən seçilən deputatların seçicilərilə görüşüb-görüşmədiyini isə şəmkirlilərdən soruşmaq lazımdır”.
“Rayonda elə iş yerləri yoxdur ki, korrupsiya qarşı mübarizə də olsun...”
“Azərbaycan dəmiryolçusu” qəzetinin müxbiri Elbariz Məmmədli isə rayonun ümumi vəziyyətinin onu qane etmədiyini qeyd edib. O hesab edir ki, Şəmkirdə aqrar sənaye pis vəziyyətdədir.
“Sovet dövründə rayonda kollektiv təsərrüfat forması, 30-dan çox iri dövlət müəssisəsi var idi. İndi torpaq islahatları keçiriləndən sonra əkin sahələri istifadəsiz qalıb. Yəni hamı öz torpağını əkib-becərə bilmir”.
Müsahibimizin sözlərinə görə, rayon əhalisinin dolanışıq mənbəyi əsasən kənd təsərrüfatıdır.
“O sahə də dediyim kimidir. Əlavə iş yerləri yoxdur. Şəmkirlilərin iş yerləri Rusiyanın Sank-Peterbruq, Moskva və digər şəhərləridir”.
Elbariz Məmmədli Şəmkirin qaz, işıq, yolla bağlı mövcud problemlərindən də danışıb.
“Anadan olduğum Çaparlı kəndində Sovet dövründə qaz olub, amma indi yoxdur. O kəndin yolları da bərbad vəziyyətdədir. Çaparlının keçmiş bələdiyyəsinin iş görməməsi üzündən kənd pis duruma düşüb. Sayğaclar quraşdırılandan sonra isə işıqla bağlı problem yoxdur”.
Jurnalist hesab edir ki, Şəmkirdə təhsil və səhiyyə əvvəl daha yüksək səviyyədə olub, nəinki indi.
“Rayonda təhsil əvvəllər daha yaxşı olub, indi o istiqamətdə də büdrəmələr var. Səhiyyə sistemi də həmin vəziyyətdədir”.
E.Məmmədlinin fikrincə, hökumətin apardığı korrupsiya ilə bağlı mübarizə rayonda hiss olunmur.
“Çünki rayonda elə iş yerləri yoxdur ki, korrupsiyaya qarşı mübarizə də olsun”.
Elbariz Məmmədli Şəmkirin icra başçısının insanların problemləri ilə maraqlandığını hiss etmədiyini söyləyib.
“Amma onu bilirəm ki, doğulduğum kəndin daxil olduğu dairədən seçilən millət vəkili Məlahət İbrahimqızı bir neçə dəfə camaatla görüşüb”.
Aytən ƏLIYEVA