Hərbi qulluqçuların məvaciblərinin artımında yenilik tətbiq olunması gözlənilir

Yaxın günlərdə Azərbaycan Silahlı Qüvvələrində və digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçuların məvaciblərinin artırılması gözlənilir. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən bildirilib. Mərkəz ekspertləri bu qənaətə Müdafiə və Maliyyə Nazirliyindəki mənbələrdən əldə edilən informasiyalara əsasən gəliblər. Məlumatda bildirilir ki, hazırda hökumətdə hərbçilərin məvaciblərinin artırılması istiqamətində son müzakirələr aparılır, artımın iyun ayında – 26 iyun Silahlı Qüvvələr günü ərəfəsində elan edilməsi planlaşdırılır.
“Doktrina”dan verilən məlumatlara görə, hərbi qulluqçular üçün bu dəfəki məvacib artımı iki istiqamətdə gerçəkləşəcək və öz xüsusiyyətlərinə görə yenilik hesab edilə bilər:
- Birincisi, hərbi qulluqçuların məvaciblərinin 10-20 faiz ümumi artımı məzərdə tutulub;
- İkincisi, son illərdə ilk dəfə olaraq Azərnbaycanda hərbi qulluqçularının məvaciblərinin hesablanmasında 3 ölçülü yanaşmaya üstünlük verilməsi qərara alınıb.
Birinci məsələ Azərbaycan Silahlı Qüvvələrində və digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçuların məvaciblərinin 10-20 faiz arasında artımını nəzərdə tutur. Məlumatlara görə, bu prosesdə daha çox gizirlərin, müddətdən artıq xidmət hərbi qulluqçularının (MAXHQ) və aşağı rütbəli zabitlərin (leytenant- kapitan) məvaciblərinin artırılması diqqət mərkəzində olacaq. Məlumatlara görə, aşağıdakı rütbədə və vəzifədə olan zabitlərin, gizirlərin və müddətdən artıq hərbi qulluqçuların məvaciblərində qeyd olunan artımlar gözlənilir:
- Müddətdən artıq hərbi xidmət qulluqçularının və gizirlərin məvacibi – 20 faiz artırıla bilər;
- Kiçik rütbəli zabitlərin (leytenant-kapitan) məvaciblərinin 10-20 faiz aralığında artımı gözlənilir;
- Kapitan rütbəsindən yuxarı rütbəyə malik zabitlərin məvaciblərinin isə 5-15 faiz arası artırılması mümkündür.
Eyni qayda ilə təqaüddə olan hərbçilərin məvaciblərinin də artırılması gözlənilir. Bəzi məlumatlara görə, müddətli hərbi qulluqçularin - əsgər və çüvuş heyətinin məvaciblərinin də orta hesabla 50 faiz artırılması mümkündür. Amma bu barədə qərar yaxın günlərdə qəbul ediləcək.
“İkinci məsələdə isə hərbi qulluqçuların məvaciblərin bir, iki və üç qat olmaqla verilməsi ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, səngərdə xidmət edən hərbi qulluqçuların vəzifə məvacibləri 3 qat olaraq hesablanacaq. Cəbhə xəttindəki hərbi hissələrdə (səngərlər və ön cəbhə istisna olmaqla) xidmət edənlərin məvacibləri isə 2 qat olaraq hesablanacaq. Arxa cəbhədə xidmət edənlərdə isə bu bir qat olacaq”-deyə “Doktrina” mərkəzinin rəhbəri Cəsur Sümərinli qeyd edib.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ön cəbhədə ehtiyatda dayanmış hərbi hissə ilə səngərdə döyüş novbətçiliyi aparan hərbi hissələrin hərbi qulluqçularının məvaciblərində fərqlilik olacaq. Əgər hərbi qulluqçular müəyyən müddətdə səngərdə xidmət keçəcəklərsə, onların məvacibləri bu müddətdə 3 qat hesablanacaq, onlar ehtiyata, yəni cəbhə xəttinin ehtiyat hərbi hissəsinə qayıtdıqdan sonra məvaciblər iki qata enəcək.
Təqaüdə buraxılan hərbi qulluqçular isə harada xidmət etməsindən asılı olmayaraq 1 qat hesablanaraq təqaüd alacaqaqlar. Məsələnin narahatlıq doğuran cəhəti də məhz bununla bağlı ola bilər. Amma hökumətdə hesab edirlər ki, pensiyaların 1 qat olaraq hesablanması xidmət edən hərbi qulluqçuların yeni məvacib sisteminə keçilməsinə imkan verən əsas məsələlərdən biridir.
“Hələlik bu sistem yalnız Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara şamil olunacaq. Digər qoşunlarda, məsələn, Daxili Qoşunlarda və Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçular üçün mövcud qaydalar saxlanılacaq. Amma əgər bu qoşunlarda təmsil olunan hərbi qulluqçular cəbhə xəttində, düşmənlə üz-üzə döyüş tapşırığını yerinə yetirməyə cəlb olunsalar onda onların da məvaciblərinin artırılması qaydalarında yeniliklərə üstünlüklər veriləcəyi gözlənilir”.
Azərbaycan Silahlı Qüvvələrində və digər hərbi birləşmələrində xidmət edən hərbi qulluçuların mövcud məvacibləri və ehtimal olunan artım (qeyri-rəsmi məlumatlar əsasında)
| s/s | Azərbaycan hərbi qulluqçunun rütbəsi | 2011-ci ildə ehtimal olunan artım (20% və 3 ölçülü artım) (AZN) | Hazırkı məvacib (1 qat) | ||
| 1 qat (AZN) | 2 qat (AZN) | 3 qat (AZN) | |||
| 1 | Əsgər, çavuş (MAXHQ) | 350 | 500 | 650 | 250 |
| 2 | Gizir | 360 | 550 | 700 | 260 |
| 3 | Leytenant | 400 | 600 | 800 | 370 |
| 4 | Baş leytenant | 440 | 650 | 850 | 400 |
| 5 | Kapitan | 500 | 750 | 900 | 470 |
| 6 | Mayor | 600 | 850 | 1050 | 530 |
| 7 | Polkovnik-leytenant | 750 | 1000 | 1300 | 700 |
| 8 | Polkovnik | 900 | 1200 | 1500 | 850 |
| 9 | General-mayor | 1500 | 1750 | - | 1300 |
| 10 | General-leytenant | 1700 | 2000 | - | 1600 |
| 11 | General-polkovnik | 2300 | 2600 | - | 2200 |
Qeyd: Cədvəl “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi tərəfindən təqdim olunub
“Doktrina”dan hərbi mənbələrə istinadən bildirilir ki, məvaciblərin yeni sistem üzrə artırılması qaydaları ölkənin hərbi-siyasi elitasında təmsil olunanlar tərəfindən artıq dəstəklənib.
“Prinsip etibarilə məvaciblərin bu şəkildə artırılması gözlənilir. Amma yekun qərar yaxın günlərdə çıxarılacaq”, - deyə “Doktrina” mərkəzinin məlumatında qeyd olunur.
Yaxın perspektivdə hərbi qulluqçulara mənzil kirayəsi üçün verilən məbləğin də artımı gözlənir. Belə ki, hazırda 2 övladı olan ailəli zabit dövlətdən təxminən 70 manatadək kirayə pulu alır ki, bu da real qiymətlərdən çox aşağıdır. Tətbiq olunması planlaşdırılan addımlardan biri zabitlər üçün kirayə mənzillərin MN nümayəndələri vasitəsilə təsdiq edilməsidir. Belə ki, bu varianta görə, nazirlik nümayəndələri ayrılmış vəsaitə uyğun ev kirayələyir və zabitlərin orada yerləşməsini təmin edirlər. Bu variant alınmasa, onda mənzil kirayəsi üçün ayrılmış vəsait artırılacaq. Bu məsələlər hələlik müzakirə səviyyəsindədir, hər şey sənədin yekun variantı hazır olandan sonra bəlli olacaq.
Çox da uzaq olmayan perspektivdə hərbi qulluqçulara verilən "ərzaq kompensasiyası"nın məbləğinin də artması gözlənir. Xatırladaq ki, hazırda Azərbaycan zabiti bir aylıq qidalanmasına görə dövlətdən 64 manat vəsait alır. Proqnozlara görə, ərzaq kompensasiyasının tədrici artımı planlaşdırılır.
Qeyd edək ki, son illər Azərbaycanın müdafiə xərcləri kəskin olaraq artırılır. Milli Məclisin mayın 27-də keçirilən iclasında «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında» və «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklər haqqında» qanun layihələri müzakirəyə çıxarılıb və təsdiq edilib. 2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılıb. Bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat olub.
Dəyişikliklər layihəsi ilə 2011-ci il dövlət büdcəsinin xərcləri isə 15 941,2 mln. manat təşkil etməklə 2011-ci il üçün təsdiq edilmiş ilkin büdcə xərclərinə nisbətən 3 193,2 mln. manat və ya 25% artırılıb. Artımdan sonra xərclərin 48,4%-ni və ya 7 716,5 mln. manatını cari xərclər, 49,4%-ni və ya 7 878,0 mln. manatını əsaslı xərclər, 2,2%-ni və ya 346,7 mln. manatını dövlət börclarına xidmətlə bağlı xərclər təşkil edib. Cari xərclərin artırılması üçün nəzərdə tutulan 698,0 mln. manatın 462,7 mln. manatı və ya 66,3%-i ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlarla əlaqədar 2006-cı il yanvarın 1-dək təyin edilmiş pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləği arasındakı fərqin aradan qaldırılması üçün 2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqları, sosial müavinətlər və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcək.
Ümumilikdə isə Azərbaycanın 2011-ci il dövlət büdcəsində müdafiə xərcləri 39 mln. 735 min manat artırılaraq 1 364 796 025 min manata çatdırılıb.
2011-ci ildə artımla bir yerdə nəzərdə tutulan vəsaitin 1 270 857 361 manatı Müdafiə Nazirliyi,
92 932 391 manatı Dövlət Sərhəd Xidməti daxil olmaqla müdafiə qüvvələri üçün nəzərdə tutulub. Öz növbəsində, bu vəsaitdən 34 506 900 manatı əməkhaqqı və pensiya təminatına, 188 014 055 manatı ölkənin müdafiə potensialının gücləndirilməsi ilə bağlı xərclərə, 3 374 102 manatı mənzil, kommunal, kommunikasiya kimi xidmətlərdə yeni tariflərin tətbiqi ilə bağlı digər xərclərə, 49 163 227 manatı maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərə yönəldiləcək. Müdafiə xərcləri bölməsi üzrə vəsaitin 88 955 665 manatı milli təhlükəsizlik tədbirlərinə, o cümlədən, 86 955,665 manatı Milli Təhlükəsizlik Nazirliyinə, 2 mln. manat bu sahədə maddi-texniki təminatın gücləndirilməsinə sərf olunacaq. Bundan başqa, müdafiə xərcləri bölməsi üzrə Müdafiə Sənayesi Nazirliyinə müdafiə sahəsində tətbiqi tədqiqatlara görə 2 326 428 manat, digər xərclər üçünsə 2 656 571 manat yönəldiləcək.
Qeyd edək ki, büdcənin müdafiə xərcləri bölməsində digər hərbiləşmiş qurumlar olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidməti büdcənin hüquq-mühafizə orqanları bölməsi üzrə maliyyələşdirilir. 2011-ci ilin büdcəsində Daxili Qoşunlar üçün 62 862 743 manat, Xüsusi Dövlət Mühafizə Xidməti üçünsə 68 300 702 manat vəsait nəzərdə tutulub.
Bundan başqa, 2011-ci il dövlət büdcəsinin xərclərində xüsusi müdafiə təyinatlı layihələr üçün əlavə olaraq 1 mlrd. 087 mln. manat vəsait nəzərdə tutulub. Bununla da, Azərbaycanın ümumilikdə hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2 582 959 470 manat (3 mlrd. 270 mln. ABŞ dolları) təşkil edəcək
Modern.az