Orta məktəblərin 9 və 11-ci sinifləri üzrə keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri iyun ayının 20-dən sonra açıqlanacaq. Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin əməkdaşının sözlərinə görə, nəticələr Təhsil Nazirliyinin saytında yerləşdiriləcək.
Qeyd edək ki, iyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında, iyunun 4-də isə daha 8 rayon və şəhərdə- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 9-cular və 11-cilər buraxılış imtahanları veriblər.
Ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.
Növbəti imtahan isə iyunun 7-də keçiriləcək.
Modern.az