
9 ay dayanmadan dərs oxumaq, imtahanlara, sınaqlara hazırlaşmaq hər bir şagirdi hədsiz dərəcədə yorur. Yayın gəlməsini səbirsizliklə gözələyən şagirdlər 9 aylıq yorğunluğu 2-3 ay hardasa dincəlməklə üzərlərindən atmağa çalışırlar. Tətil dövründə kimi kəndə dincəlməyə gedir, kimi də hər hansı düşərgədə öz həmyaşıdları ilə vaxtını şən keçirməyə hazırlaşır.
Rəsmi məlumatlara görə, 1,4 milyondan çox şagird yay tətilinə çıxıb. İndi valideynlər öz uşaqlarının yay istirahətinin təşkili haqda düşünməyə başlayıblar. Amma Azərbaycanda hər il yay tətili günlərində uşaqların böyük əksəriyyəti yaxşı dincələ bilmir. Sovet dövründən fərqli olaraq, hazırda Azərbaycanda məktəblilərin yay istirahətinin təşkili istənilən səviyyədə deyil. Daha dəqiq desək, bu sahədə ciddi problemlər mövcuddur, düşərgələr yoxdur...
Xatırladaq ki, keçmiş SSRİ dövründə digər respublikalar kimi Azərbaycanda da uşaqların dincəlməsi üçün pioner düşərgələri fəaliyyət göstərirdi. Bundan başqa Ukraynada «Artek», Rusiyada isə «Oqonyok» adlı ümumittifaq pioner düşərgələri də var idi ki, orada Azərbaycandan olan əlaçı şagirdlər dincələ bilirdilər.
Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, 1992-ci ilədək Azərbaycanda şagirdlərin dincəlməsi üçün 50-dən çox yay istirahət düşərgəsi fəaliyyət göstərirdi. Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərimizdə, qalan isə ölkənin digər səfalı rayonlarında idi. Amma müstəqillik əldə ediləndən sonra digər sahələrdə olduğu kimi, bu sektorda da vəziyyət pisliyə doğru dəyişib.
SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. Nəticədə istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi. Ümumilikdə 50-ə yaxın uşaq istirahət düşərgəsi bağlandı.
Təhsil Nazirliyinin tərbiyə və hərbi hazırlıq şöbəsinin müdiri Ağababa İbrahimov Modern.az saytına deyib ki, hazırda nazirlik düşərgələrin təşkili ilə məşğul deyil.
“Təhsil Nazirliyi 30 il əvvəl bununla məşğul olub, amma indi olmur. Ümumiyyətlə, əvvəllər mövcud olan düşərgə şəbəkələri də yoxdur, bəzilərində məcburi köçkün və qaçqınlar yerləşiblər”.
A.İbrahimov bu gün rayon-şəhər Təhsil şöbələrinin bələdiyyələrlə birlikdə yay məktəbləri təşkil etdiyini qeyd edib. Onun sözlərinə görə, yay məktəblərinin harada təşkil olunması və neçə nəfərin orada iştirak etməsi valideynlərin arzu və istəklərindən asılıdır.
“Yay məktəblərinin təşkil edilməsi isə məktəblərdə iş, attestat verilməsi başa çatdıqdan sonra planlaşdırılır”.
Hazırda çox az sayda olan yay istirahət düşərgəsi təşkil edən qurumlardan biri Daxili İşlər Nazirliyidir. Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Çingiz Mustafayev adına Uşaq İstirahət Düşərgəsində iyunun 5-dən mövsüm başlayıb. Müsəssisənin rəisi Vaqif Şirəliyevin Modern.az-a bildirdiyinə görə, düşərgə mövsümü avqustun 23-nə kimi davam edəcək.
“Hər il olduğu kimi, bu il də 3 növbə təşkil etmişik. Birinci növbə iyunun 5-dən 26-na kimi, ikinci növbə iyulun 4-dən 24-ə kimi, üçüncü isə avqustun 2-dən 23-ə kimi davam edəcək. Düşərgə 7-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub”.
V.Şirəliyev bildirib ki, bir uşağın bir növbədə dincəlməsi üçün qiymət 240 manat, Daxili İşlər Nazirliyinin işçilərinin öz uşaqları üçün isə 50 faiz endirimlə 120 manatdır.
Gənclər və İdman Nazirliyi də yay istirahət düşərgələrinin təşkilində iştirak edir, amma uşaqlar üçün deyil, gənclər üçün olan düşərgələrin. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, yay düşərgələrinin təşkil edilməsi ilə bağlı gənclər təşkilatları tərəfindən təqdim olunan layihələrə nazirliyin hər zaman dəstəyi olur.
Br müddət öncə yay məktəbləri və düşərgələrlə bağlı Təhsil Nazirliyin Dövlət Proqramı hazırlayacağından danışılsa da, məsələ artıq gündəmdə deyil.
Uşaq Hüquqlarını Müdafiə Liqasınnı sədri Yusif Bəkirov isə aidiyyatı dövlət orqanlarını bu sahədə lazımi işlər görməməkdə günahlandırıb.
Belə çıxır ki, bu il də ciddi dəyişiklik baş verməyəcək və uşaqların böyük əksəriyyəti yay tətilini öz evlərində keçirməli olacaqlar.
Müqayisə üçün qeyd edək ki, Azərbaycana qonşu Rusiya və Türkiyədə uşaqların yay istirahətini təşkil edən yüzlərlə turizm firma və agentlikləri fəaliyyət göstərir. Həm ölkə içərisində, həm də dünyanın bir çox ölkəsindəki uşaq yay kamplarına səfərlər düzənləyən şirkətlərin təklifləri çox cəlbedici, xidmət yüksək, qiymətlər də ki, elə də baha deyil.
Aytən ƏLİYEVA