Bir müddət öncə son zəngi yola verən məzunlar indi həyəcanlı anlar yaşayırlar. Qarşıda iki seçim var: ya təhsili ali məktəblərdə davam etdirmək, ya da bir iş tapıb işləmək. Təbii ki, əksəriyyət fikirləşmədən birinci seçimi edəcək. Çünki cəmiyyətimizdə institutda oxumağa həddindən artıq önəm verilir.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyimiz ən böyük qazancalardan biri də ölkəmizdə tələbə qəbulu işinin beynəlxalq standartlara uyğun təşkil edilməsidir. Dövlətin daim diqqət mərkəzində olan bu sahədə son illər həyata keçirilən uğurlu layihələr, əldə olunan nailiyyətlər daha çox nəzər çarpır. Abituriyentlərin və onların valideynlərinin ürəyindən olan bu nailiyyətlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rolunu xüsusi qeyd etməmək mümkün deyil. TQDK mütərəqqi metodları, ən müasir informasiya və kommunikasiya texnologiyalarını öz işində tətbiq etməklə tələbə qəbulu prosesini xeyli təkmilləşdirib. Komissiyanın inzibati idarəetmə fəaliyyətinin çox hissəsi avtomatlaşdırılıb, abituriyentlər üçün mühüm əhəmiyyət kəsb edən xidmətlər elektron formaya keçirilməklə əməliyyatlara məmur təsiri minimuma yendirilib. Bütün bunlar isə tələbə qəbulu prosesində neqativ halların baş verməməsi, operativliyin, etibarlığın, rahatlığın, şəffaflığın təmin edilməsi baxımından olduqca əhəmiyyətli və təqdirəlayiqdir.
Abituriyentlər üçün elektron xidmətlər
TQDK-nın rəsmi internet saytında yaradılmış elektron xidmətlər vasitəsilə abituriyentlər sınaq və qəbul imtahanları üçün sənədlərini təqdim etmək, ixtisas seçmək, imtahanların nəticələrini öyrənmək və s. kimi imkanlar əldə edirlər. Bunlardan əlavə “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartları ilə //tqdk.gov.az/virtualkart/ səhifəsində TQDK-nın ödəmə kartlarının, //tqdk.gov.az/ejurnal səhifəsində isə TQDK-nın nəşrlərinin elektron formalarını almaq olar. Bu zaman abonentlərə aid olan məlumatların məxfiliyi, təhlükəsizliyi tam təmin olunur. Bütün elektron xidmətlərdən istifadə qaydaları hamısı saytda aydın şəkildə izah olunub. Göstərilən əməliyyat prosedurlarını ardıcıl yerinə yetirməklə istədiyin xidmətdən yararlanmaq olar.
Abituriyentlər üçün mobil texnologiyaların imkanlarından yararlanan SMS məlumatlandırma xidməti də istifadəyə verilib. Sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyəsinə qəbulla bağlı bütün məlumatları mobil telefon vasitəsilə öyrənmək mümkündür. SMS xidmətindən istifadə etmək üçün 4 açar sözün baş hərflərini – A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) qısa mesajla 82002-yə göndərmək kifayətdir. Hər məlumat bloku üçün 1 aylıq abunə haqqı 53 qəpikdir. Bundan əlavə abonentlər sınaq imtahanlarında göstərdikləri nəticələr barədə məlumatları, cavablar elan olunduqdan sonra, iş nömrələrini qısa mesajla 7727 nömrəsinə göndərməklə ala bilərlər. Daxil olduqları ali məktəbi və ixtisası öyrənmək üçün isə ixtisas kodunu 7737 nömrəsinə göndərmək kifayətdir.
Tələbə-məzun dövlət elektron məlumat sistemi yaradılır
TQDK hər il tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini aparır və bu barədə materiallar “Abituriyent” jurnalında dərc etdirir. Bundan əlavə, hər il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair xüsusi məlumat kitabçaları hazırlanıb təhsil şöbələrinə və orta məktəblərə paylanılır. Kitabçada respublikamızın bölgələri, o cümlədən şəhər və rayonları üzrə məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları ballar, məktəblərin qəbulolma göstəriciləri barədə və digər məlumatlar öz əksini tapır.
Bunlardan əlavə, dövlət başçısının 23 fevral 2010-cu il tarixli sərəncamı ilə respublikamızda tələbə-məzun dövlət elektron məlumat sisteminin yaradılması və ondan istifadəni təmin edilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilib. Sistemə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir. Azərbaycan təhsilinin keyfiyyətinin elmi təhlili, təhsildə islahatların aparılması üçün hədəflərin düzgün seçilməsi, habelə saxta diplomların aşkar edilməsi baxımından belə bir vahid elektron məlumat bazasının yaradılması olduqca zəruridir. Hazırda sistemə müvafiq dövlət qurumlarının qoşulması üçün tədbirlər görülür.
Nəzarətçilər də hazırlaşır
TQDK öz fəaliyyətində şəffaflığı və etibarlığı təmin etmək məqsədilə ölkəmizin nüfuzlu elm və təhsil müəssisələri ilə əməkdaşlıq edir. Təkcə keçən ilki qəbulda təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının 1000-dən artıq təcrübəli əməkdaşı imtahanların məzmuna aid materialların hazırlanmasında və ekspertizasında yaxından iştirak etmişlər. Bundan əlavə, hər il qəbul imtahanlarında nəzarətçi qismində iştirak etmək üçün təşkilatlardan nümayəndələr dəvət edilir. Onların arasında elmi dərəcəsi olanlar, alimlər və müəllimlər üstünlük təşkil edir. Seçilmiş nümayəndələr qəbul imtahanının texnologiyası ilə yaxından tanış edilir, onlar üçün xüsusi seminar-məşğələlər keçirilir. Seminarlarda nəzarətçilərə vəzifələri, sənədlərlə işləmək qaydaları, təlimatlar ətraflı izah olunur. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldanlar qəbul imtahanlarına cəlb olunurlar.
Ali məktəblərə plan yeri
TQDK artıq 2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul planını açıqlayıb. Bu il ali məktəblərə 31519 plan yeri ayrılıb. Onlardan 10616 yer dövlət sifarişlidir. Ümumilikdə, I ixtisas qrupu üçün 9848 yer, II ixtisas qrupu üçün 8988 yer, III ixtisas qrupu üçün 8839 yer, IV ixtisas qrupu üçün isə 3844 yer nəzərdə tutulub. Qəbul qaydalarında bir sıra dəyişikliklər də edilib. III ixtisas qrupuna daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları II ixtisas qrupuna keçirilib. Bundan əlavə Riyaziyyat fənni üzrə sualların bəzilərinin açıq tipli olacağı da gözlənilir.
2011-ci ildə qəbul imtahanlarının keçirilməsi üçün TQDK tərəfindən Respublikanın müxtəlif şəhər və rayonlarında 150-dən çox bina müəyyənləşdirilib və onlara baxış keçirilib. Binalarda bütün təhlükəsizlik tədbirləri görülüb. Qəbul imtahanlarının regionlarda da keçirilməsi həmin bölgələrin məzunlarının rahatlığı üçün çox əhəmiyyətlidir. Abituriyentlər yaşadıqları və ya yaxın rayonlarda təşkil olunmuş qəbul imtahanlarında iştirak etməklə Bakıya gəlmək problemindən azad olunacaqlar.
Qəbul imtahanları ərəfəsində TQDK abituriyentlərə kömək məqsədilə bir sıra digər tədbirlər də həyata keçirir. Bunlardan ən əhəmiyyətlisi yoxlama-sınaq imtahanlarının keçirilməsidir. Sınaq imtahanları abituriyentlər üçün imtahan qabağı psixi baryerlərin dəf edilməsində çox mühüm rol oynayır. İlk sınaqda təcrübəsizlikdən, həyəcandan aşağı bal toplayanlar, artıq ikinci, üçüncü sınaq imtahanlarında özlərinə inam nümayiş etdirib yüksək nəticələr göstərirlər.
TQDK qəbul imtahanlarının yüksək səviyyədə keçirilməsi üçün tədbirlərini davam etdirir. Bircə qalır abituriyentlərin də qəbul imtahanlarına yüksək səviyyədə hazırlaşmaları.
Vüqar Haqverdiyev
Yazı, TQDK-nın 2011-2012-ci il tədris ili üçün ali və orta ixtisas tədris müəssisələrində qəbul kampaniyasının işıqlandırılması ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilir