“İspaniyanın xiyar məhsulunun Almaniyada olan səs-küyü ilə əlaqədar yoxlanılan nəticələrin heç biri o göstərilən məlumatların Azərbaycanda olduğu versiyasını doğrultmadı”.
Bu sözləri Modern.az-a açıqlamasında Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İrahimov deyib. Onun sözlərinə görə, Azərabycanda bazarlarda satılan kənd təsərrüfatı məhsullarında bağırsaq çöpü virusu aşkarlanmayıb.
“Ümumiyyətlə, Bakı şəhərində bütün bazar sistemində Dövlət Fitosanitar Nəzarət Xidmətinin müfəttişləri işləyir. Onlar mütəmadi olaraq bazarlarda satılan bütün kənd təsərrüfatı məhsullarından, o cümlədən xiyar, pomidordan nümunələr götürürlər. Həmin nümunələr Respublika Nəzarət Toksikologiya Laboratoriyasına gətirilir, laboratoriyada onların analizləri aparılır. Və həmin analizlər aparıldıqdan sonra onların nəticələri müvafiq orqanlara verilir”.
Azərbaycanda hələki belə bir təhlükənin olmadığını deyən Y.İbrahimov qeyd edib ki, istifadə etdiyimiz xiyarlar əsasən xarici ölkələrdən İran və Türkiyədən gətirilənlər və öz ölkəmizdə yetişdirənlərdir.
“Türkiyə və İrandan gətirilən məhsullarda da elə bağırsaq çöpü virusu aşkarlanmayıb. Ümumiyyətlə, laboratoriyada biz xaricdən gətirilən məhsulların tərkibində istifadə olunan kimyəvi zəhərli maddələrin qalaq miqdarını öyrənirik. Bundan əlavə, onların tərkibinə verilən kübrələri-suyla amonium-itrat kübrəsinin, yəni nitrat ionun miqdarını, eyni zamanda ağır metalların miqdarını təyin edirik. Yəni əgər neqativ hal olursa, o zaman müvafiq nəticələr çıxarılır” deyən Yaqub İbrahimov hal-hazırda istifadə etdiyimiz kənd təsərrüfatı məhsullarında, o cümlədən xiyar, pomidorda və başqa məhsullarda elə qorxulu bir məsələnin olmadığını vurğulayıb.
Laboratoriya rəhbəri əsasən üç qrupda-bazara çıxarılan məhsullar, ölkə daxilinə xaricdən gətirilən məhsullar və ölkədən xaricə gedən məhsullarda yoxlamalar apardıqlarını söyləyib. “Restoranlarda isə yoxlamalar aparmırıq. Ümumiyyətlə, ölkəyə xaricdən gizli yolla məhsullar gətirilmir, gətirilsə də, mütləq sərhəddən keçir və bundan müvafiq orqanların xəbəri olur. Yəni restoranlarda yoxlamalar aparmağa dəyməz” deyə Y.İbrahimov əlavə edib.
Qeyd edək ki, Almaniyada aşkarlanan bağırsaq çöpü nəticəsində Avropada buna yoluxan 34 nəfər ölüb. Onlardan biri İsveçrə, qalanı isə Almaniya vətəndaşıdır.
Aytən ƏLİYEVA