Azərbaycanda yüksək vəzifələr tutan məmurlar arasında ədəbiyyata, incəsənətə maraq göstərən, mahnı bəstələyən, şeir yazan şəxslar var. Modern.az saytı bir neçə gün öncə populyar mahnıların bəstəkarı, fövqəladə hallar naziri Kəmalədin Heydərovun yaradıcılığı barədə məlumat vermişdi.
Bu sıradan olan yüksək çinli məmurlardan biri də Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdur. Yəqin çoxları Tağı müəllimin ədəbiyyat həvəskarı, şeir yazması barədə məlumatlı deyil.
13 ildir metro sahəsində birinci şəxs 63 yaşlı Tağı Əhmədov Tağı Sadiq imzası ilə şeirlər də yazır. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində "Tağı Sadiq" imzası yetərincə tanınıb, məşhurlaşıb...
Rejissor Elnaz Əbluçun çəkdiyi "İlham alıram" klipində xalq artisti Mələkxanım Əyyubovanın ifaları altında Prezident İlham Əliyevin ölkədə apardığı quruculuq işlərinin geniş vüsət almasından bəhs edilir. Bu klipin musiqi müəllifi, tanınmış tarzən, xalq artisti Zamiq Əliyevdir. Klipin sözlərinin müəllifi isə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdur (Tağı Sadiq).
2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri Zamiq Əliyevə məxsus olan “Vurulmuşam” və “Tarzən” adlı albom-disklər buraxılıb.
Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən “YAP partiyası” musiqili klipində də musiqi Zamiq Əliyevə, sözlər Tağı Sadiqə məxsusdur.
Ölkənin birinci xanımının şərəfinə ekranlaşdırılan “Elin Mehriban qızı” musiqili klipində Bakı Metropoliteninin rəisinin yaradığılıq payı var. Klipdə səslənən mahnının sözləri Tağı Əhmədova məxsusdur.
Musiqi sahəsinin bəzi simaları Tağı Sadiqi incəsənətin yaxın dostu, himayədarı, nəğməkar şair adlandırılar. Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.
Tağı Sadiqin yaradığılığında məhəbbət mövzusu da geniş yer tutur. Onun yazdığı "Boş şeydi məhəbbət", “Göz yaşına dözmək olmur” adlı şeirlərə meyxanalar da bəstələnib.
Tağı müəllimin özü Məmməd Araz yaradıcılığının vurğunu olduğunu deyir.
Qeyd edək ki, Tağı Əhmədov həm də Azərbaycan Dama Federasiyasının vitse-prezidentidir.
Sözləri Tağı Sadiqə məxsus “Vurulmuşam” mahnısı: