Bir neçə gün əvvəl nəqliyyat naziri Ziya Məmmədov mediaya açıqlamasında şəhərdaxili nəqliyyatda qiymətlərin artırılacağı barədə məlumat verib. Nazir bunu Bakıda qurulan nəqliyyatın intellektual idarəedilməsi sisteminin bahalaşması ilə əlaqələndirib.
Z.Məmmədovun açıqlaması cəmiyyətin müxtəlif sferalarında olan insanların narazılığı ilə qarşılanıb.
İqtisadcı ekspert Rövşən Ağayev Modern.az-a açıqlamasında bildirib ki, nazirin belə fikir səsləndirməsinin heç bir iqtisadi əsası yoxdur. “Qiyməti artırırlar, ancaq heç bir iqtisadi əsaslandırma yoxdur. Elan etsinlər ki, benzinin qiyməti artıb, yaxud avtomobilin təmiri ilə bağlı ehtiyat hissələrin qiyməti artıb və s. Heç bir əsaslandırma yoxdur. Mətbuatda oxuyanda ki, gedişhaqlarını elektron sistemin tətbiqinə görə artırmaq istəyirlər, bir az şübhə etdim. Bu xərclər birdəfəlik xəclərdir, bunu da camaatdan çıxırlar. Çox anormal yanaşmadır”.
R.Ağayevin sözlərinə görə, dünya təcrübəsində ictimai nəqliyyatın təşkili liberallaşıb və bu sektorda çoxlu sayda sahibkar fəaliyyət göstərir. Onların sayı bir neçə yox, onlarladır. Bu sahədə şirkətlərin çoxluğunun rəqabərin artmasına xidmət edən vacib amil olduğunu qeyd edən R.Ağayev düşünür ki, Bakıda çox sayda nəqliyyat şirkəti fəaliyyət göstərsə, onlar müştəri qazanmaq üçün rəqabət aparacaq və təbii ki, bu, keyfiyyətin artmasına xidmət edəcək, qiymətləri də bazar müəyyənləşdirəcək.
“Hökümət standart müəyyənləşdirə bilər ki, lisenziya məsələn, xəttə 50-60 avtobus buraxan şirkətə verilsin. Sonra elan edilə bilər ki, kim müəyyən olunmuş sayda avtobun 5%-ni öz hesabına təmin edirsə, qalan hissəni dövlət güzəştli kreditlə onlara verə bilər”.
R.Ağayevin sözlərinə görə, belə bir proseslər təşkil olunsa, mövcud problem-ictimai nərqliyyatın tarif məsələsi öz həllini tapacaq. Bu halda qiymətlər də bazara uyğun müəyyənləşəcək.
Hər hansı sahədə qiymətlərin artımının iqtisadi əsaslandırmaya ehtiyacı olduğunu deyən ekspert düşünür ki, bu sahədə medianın da üzərinə ciddi iş düşür.
“Bu məsələdə medianın üzərinə də vəzifələr düşür, belə ki, hökümət nümayəndələrinin əsassız səslənən fikirlərinə sərt reaksiya verilməlidir ki, onlar növbəti dəfə belə fikir səsləndirməkdən çəkinsinlər”.
Nəqliyyat naziri Ziya Məmmədovun açıqlaması şəhər sakinləri tərəfindən də ciddi narazılıqla qarşılanıb. Şəhər sakini Aynur Mirzəyeva Modern.az-a bildirib ki, marşutlarda gedishaqqının artırılması barədə xəbəri normal qarşılamır.
“Əgər qiymət artırılırsa, məsafə nəzərə alınmalıdır. Çünki 500 metr yol gedənlərlə, 10 km yol gedən sərnişin eyni pulu ödəyir. Hər gün 2 marşutdan istifadə edən vətəndaş olaraq gedişhaqqının qaldırılmasını istəmirəm”.
Təbriz Musayev tələbədir və o da atılacaq bu addımdan narahatdır. “Təbii ki, gedişhaqqının artırılmasını istəmirəm. Bu məsələ məni daha çox narahat edir, çünki tələbəyəm, qazancım yoxdur, evdən verilən pula uyğun davranıram”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirir ki, sözügedən məsələ hər hansı şirkətin, yaxud departamentin istəyindən asılı olan iş deyil.
Musa Quliyev hesab edir ki, bu çox ciddi məsələdir və böyük sosial əhəmiyyəti olan bir hadisədir.
“Bu məsələnin psixoloji məqamı da var, bu artımın qarşılığında həmin xidmət göstərən tərəf pul ödəyən tərəfə əlavə nə verəcək. Daha yaxşı bir şey vermirsə, gediş-gəlişi konfortlu etmirsə, problemlərini azaltmırsa, onda qiymət artımı sərnişin üçün ancaq problem yaradır”.
Musa Quliyevin sözlərinə görə, bu məsələ hər iki tərəfin marağına uyğun olmalıdır.
Sədaqət Süleymanova