Türkiyənin paytaxtı Ankaradakı xəstəxanada olan Azərbaycanın məşhur şair-yazçısı, keçmiş millət vəkili Vaqif Səmədoğlunun ayağındakı artsklerozu aradan qaldırmaq üçün daha bir tibbi əməliyyat aparılacaq. Bu barədə Modern.az-a şairin özü məlumat verib. V.Səmədoğlu deyib ki, birinci əməliyyatdan sonra həkimlər ayağındakı problemlə bağlı tam diaqnoz qoymayıblar. “Amma ayaq damarlarımda daralmaların olması dəqiqləşib. Əsas əməliyyatı sonraya saxladılar”-deyə V.Səmədoğlu vurğulayıb.
Yazıçı həmiçinin Azərbaycanın Türkiyədəki səfirliyindən razılığını ifadə edib. V. Səmədoğlu bildirib ki, səfirlik ondan qayğısını əsirgəmir. Şair hələ bir müddət Ankaradakı xəstəxanada qalacağını deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl şairin ayağında aparılan əməliyyat uğurlu olub və hazırda özünü yaxşı hiss edir. V. Səmədoğlunun ayaq damarlarındakı artskleroz ona normal yeriməkdə problem yaradırdı. Ona görə həkimlərin tövsiyyəsi ilə əməliyyat olunmaq qərarına gəldiyini açıqlamışdı.
Vaqif Səmədoğlu Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri işləyib. “Humay” mükafatı laureatıdır. 2000-2005-ci illərdə Azərbaycan Milli Məclisnin üzvü olub. Onun yazdığı bir sıra pyeslər əsasında televiziya tamaşaları çəkilb. Bu tamaşalar Azərbaycan televiziyasının qızıl fondunda saxlanılır.