Facebook sosial şəbəkəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, hazırda Macarıstanda ömürlük həbs cəzası çəkən baş leytenant Ramil Səfərovla bağlı yeni aksiyaya start verilib.
Modern.az saytının məlumatına görə, Facebook-da bir qrup gənc belə bir təşəbbüslə çıxış edib ki, Ramil Səfərovun yaxınlaşan ad günü ilə əlaqədar sosial şəbəkədə onun şəkilləri çoxaldılsın.
“25 Avqust Ramil Səfərovun ad günüdür! Məqsədimiz budur ki, 25 avqust hər kəs profil şəklinə Ramil qardaşımızın şəklini yerləşdirsin!!!”-deyə aksiya iştirakçıları bəyan ediblər.
Artıq bu aksiyaya qoşulanların sayı xeyli çoxalıb və 25 avqustu gözləməyən bir çox gənc özlərinin profilinə R.Səfərovun şəklini yerləşdiriblər.
Facebook-da yaradılan “25 avqustda Facebook-u Ramil Səfərovun şəkilləri ilə bəzəyək!!!” adlı səhifəni bəyənənlərin sayı hər gün artır.
Macarıstanın paytaxtı Budapeştdə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kurs keçən Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant Ramil Səfərov 2004-cü il fevralın 19-da eyni kursun müdavimi erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürüb. Budapeşt Məhkəməsinin qərarı ilə Ramil Səfərov ömürlük azadlıqdan məhrum edilib.
Ramil Sahib oğlu Səfərov 25 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məktəbdə təhsil almağa sövq edib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib. O, 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi və bir qədər sonra məlum hadisə baş verib.
Modern.az