Eks-prezident Ayaz Mütəllibovun sadiq tərəfdarlarından hesab edilən, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov keçmiş dövlət başçısının vətənə gəlməsinə şərait yaratdığına görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Modern.az-a açıqlamasında Hacı Əbdül qeyd edib ki, keçmiş prezidentin tərəfdarları bu addımdan çox razı qalıblar.
“Ayaz müəllimin vətənə gəlməsinə imkan verilməsi təkcə mənim yox, bütün tərəfdarlarının ürəyindən oldu. Çox sağ olsun ki, Prezident buna icazə verdi. Mən Ayaz Mütəllibovun qayıdışı ilə bağlı Prezidentə və bu işdə əməyi olanlara minnətdarlığımı bildirirəm. Sağ olsunlar”-deyə Hacı Əbdül qeyd edib.
“Tövbə” Cəmiyyətinin sədri qeyd edib ki, eks-prezidentin Azərbyacanda qalmasına hər hansı bir müddət qoyulmayıb.
Xatırladaq ki, 90-cı illərdə Azərbaycan parlamentinin deputatı olmuş Hacı Əbdül keçmiş prezidentin fəal tərəfdarlarından hesab edilir. 1992-ci ildə Ayaz Mütəlliibovun yenidən hakimiyətə qayıtması üçün Milli Məclisin qarşısında aksiyanın təşkilatçılarından olub.
Mail Ağaxanov