Avtobuslardakı yerlər üçün artıq 500 nəfər qeydiyatdan keçib
Azərbaycandan Həcc ziyarətinə təyyarə ilə getmək istəyənlər üçün ayrılmış yerlər artıq dolub. Bu barədə Modern.az saytına açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib.
Onun sözlərinə görə, müqəddəs ziyarətə avtobusla getmək istəyənlərin isə 500 nəfəri qeydiyatdan keçib.
Bu il üçün Azərbaycana 2000 nəfərlik kvota ayrıldığını deyən QMİ rəsmisi bildirib ki, ziyarət səfəri üçün sənəd qəbulu sentyabrın ortalarınadək aparılacaq.
“Həccə gedən zəvvarların 1160 nəfəri avtobus karvanı ilə yola düşəcək, 840 nəfər isə təyyarə ilə yola salınacaq. Avtobuslar Azərbaycan-Gürcüstan-Türkiyə- Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə hərəkət edəcək, təyyarələr isə Bakı-Ciddə, Mədinə-Bakı marşrutu üzrə uçacaq”-deyə M.Payızov qeyd edib.
28-31 oktyabr tarixlərində zəvvarlar təyyarələrlə müqəddəs məkanlara yola düşəcəklər. Avtobusların yoladüşmə vaxtı barədə əlavə məlumat veriləcək.
Qiymətlərə gəlincə, QMİ-nin rəsmisi bildirib ki, ziyarət səfəri avtobuslarla 2650 manat, təyyarə ilə 3750 manat dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.
Zəvvarlar üçün builki yeniliklər onların məcburi həyat sığortası, hotellərdə gündə isti yemək və qəlyanaltı daxil olmaqla 2 dəfə yemək, Mina və Ərəfatda isə qəlyənaltıların təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılmasıdır.
Müqəddəs Payızov onu da bildirib ki, QMİ-i bu il də Həcc ziyarətinə özəl xəttlə ziyarətçi aparılmasına icazə verməyib. Həccə gedənlər ancaq QMİ-nin xətti ilə gedə bilərlər.
Qeyd edək ki, Həcc mərasiminin başlanmasına təqribən 3 aydan az vaxt qalıb
Mali Ağaxanov