Modern.az

İran yenə ilan dilini çıxartdı...

İran yenə ilan dilini çıxartdı...

Ölkə

12 Avqust 2011, 12:08

İran Azərbaycanla münasibətdə iç üzünü açıb ortaya tökdü. Necə deyərlər, açdı sandığı, tökdü pambığı. İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi olan qondarma general Həsən Firuzabadinin dövlətçiliyimizə qarşı təhdidedici xəbərdarlıq etməsi onu göstərdi ki, Tehran bizimlə siçan-pişik oynamağa çalışır. Əslində isə başa düşmür ki, özü siçan timsalındadır və “ev yiyəsi”nin qoyduğu tələyə hər an düşə bilər. Generalın hədyanlığı görün, hansı həddə çatıb ki, birbaşa Prezident İlham Əliyevi hədələməyə belə cürət edib. Əslində, bu cürətinə görə, onun yaxasından taxtadan “medal” taxıb, sonra da çarmıxa çəkmək lazımdır. 

Ümumiyyətlə, İranın daxili işlərimizə bu dərəcədə müdaxilə etməsi ondan xəbər verir ki, istənilən an üzdəniraq dostu olan Ermənistanın yolu ilə gedərək, torpaqlarımıza təcavüz edə bilər. Generalın bəyanatından bu ab-hava daha açıq hiss olunmaqdadır. Buna görə də, Azərbaycan qonşularla münasibətlərə yenidən baxmalı və əsas da İranla dostluğu zamanı çomağını yerə qoymamalıdır.

İran zatən ta bineyi-qədimdən bu günə qədər Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanıb. Bunun nəticəsidir ki, digər böyük qonşumuz olan Rusiya ilə birlikdə 1828-ci ilin fevral ayında Türkmənçay kəndində Ana Vətənimizi iki yerə ayıran bədnam müqaviləni imzaladı. Məhz həmin gündən də ölkəmiz üçün qara günlər başladı və bu günə qədər də bitməyib.

... Ötən ayın əvvəlində Bakıya gəlib Dünya Azərbaycanlılarının III qurultayında iştirak edən Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh Yıldırımdan kiçik bir müsahibə götürdüm. Söhbətimizin əsas mövzusu güneydə baş verən proseslər, İran rejimi tərəfindən həmvətənlilərimizin başlarına gətirilən oyunlar və rəsmi Tehranın Azərbaycana olan münasibəti idi. Müsahibim İran-Azərbaycan münasibətlərini elə yorumladı ki, bu rejimin əsl iç üzü ortaya töküldü. Mənimlə söhbətində Saleh bəy bir şeyi xüsusi qeyd etdi ki, İran Azərbaycana dost desə də, öz agentlərini gizli yollarla ölkəmizə yollayaraq, daxildə qarşıdurmalar və ixtişaşlar yaratmağa çalışır. Qonağım buna misal kimi ara-sıra Nardaranda əhalinin ayağa qalxaraq dövlətçiliyimizi təhqir edən əməllini misal gətirdi. O, hətta bildirdi ki, Ermənistanla birlikdə hərbi düşərgələr yaradaraq Qarabağ ermənilərindən, əllərində əsir olan Azərbaycan qadınlarından dünyaya gətirdikləri uşaqlardan, bir də müharibədə uşaq vaxtı əsir düşən, indi gənclik dövrünü əsirlikdə keçirən insanlarımızdan ibarət ölkəmizə qarşı terorçular hazırlayırlar. Onun sözlərinə görə, istənilən vaxt həmin qruplaşmalar ölkəmizə soxularaq, terror əyləmləri həyata keçirə bilərlər. Saleh bəy başqa sübutlar da göstərdi və nəzərimizə çatdırdı ki, Azərbaycan dövləti bütün bunları nəzərə alsın və heç vaxt düşünməsin ki, İran dar ayaqda bizə arxa duracaq. Bir sözlə, çomağımızı heç zaman əlimizdən yerə qoymamalıyıq.

Bu gün fars şovinizmi elə bir həddə gəlib çatıb ki, bir an dayanmadan, bir vaxt alman faşistlərinin etdiyi kimi, xalqımızı Yer üzündən silməyə belə hazırdır. Ancaq dövlətimizin gün keçdikcə daha da güclənməsi Tehranın bu arzusunu gözündə qoyur. Ac toyuq yuxuda darı görən təki, İran rəsmiləri də yuxuda Azərbaycanı işğal etdiklərini, azəri xalqını istismar etdiklərini görür, yuxudan ayılandan sonra isə bizə qarşı hədyan fikirlər səsləndirməyə başlayırlar.   

...Əgər İran dövlətimizə qarşı düşmənçilik etməsəydi, Azərbaycandakı səfirliyini “İranın Bakıdakı səfirliyi” adlandırmazdı. Öz ərazisində olan 40 milyon azərbaycanlının bütün haqlarını tanıyar və onlara bu qədər çilələr yaşatmazdı.

Əgər İran əsl dost olsaydı, torpaqlarımızı işğal edən, qız-gəlinlərimizi əsir edən və sinəmizə Xocalı dağı çəkdirən erməni dığasına “qardaş” deyib qucaq açmazdı. Onlara qatarlarla, milyonlarla dollar dəyərində yardım etməz və işğal altında qalmış sərvətlərimizin talanması üçün Qarabağda sənaye müəssisələri açdırmazdı.

Bu dediklərim əsl faktlarla sübut olunub. İran doğrudan da bu yaxınlarda Ermənistan və qondarma  “DQR” rəhbərliyi ilə müqavilələr bağlayaraq qızıl, gümüş, mərmər və alunit mədənlərindən çıxan məhsulu xammal şəklində alaraq “qara bazar”a çıxarmaq üçün razılıq əldə edib. Tərəflər belə razılaşıblar ki, xammalı birgə bazara çıxartsınlar və satışdan əldə olunan gəlirin tən yarısını qondarma qurumun infrastrukturunun yenidən qurulmasına sərf etsin...  

P.S: İran generalı bu bəyanatı verən gün bəzi dostlarımız sevibdiklərindən az qaldılar, ağıllarını itirsinlər. Onun Prezident İlham Əliyevə ünvanlanmış hədələrini isə sanki bayram edəcəkdilər. Onlardan bu hərəkəti görəndə şok oldum. Başa sala bilmədim ki, İran heç vaxt Azərbaycanın dostu olmayıb. Hətta bəzi sübutlar da göstərdim, ancaq inanmaq istəmədilər və bildirdilər ki, İran həmişə öz müsəlman dostlarını qorumağa hazırdır. Mən başa düşmədim ki, İran müsəlmanı kimdən qoruyur? Müsəlmanı müsəlmandanmı qorumaq istəyir? Onların hərəkətlərindən belə aydın oldu ki, sabah İran Azərbaycana hücum etsə, onlar da İrana satılacaqlar.

Nə isə, bu qədər! Allah onlara ağıl versin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı