Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov hakimiyyətlə müxalifət arasında dialoqun başlanmasını təklif edib. Modern.az –a açıqlamasında İctimai Palatanın iqtidara təkilf etdiyi “yol xəritəsi”nin müzakirəsinin perspektivləri ilə bağlı fikirlərini bölüşən politoloq bildirib ki, o, hakimiyyətlə dialoqun tərəfdarıdır.
“Beynəlxaq təşkilatların vasitəçiliyi ilə dialoq cəhdləri, hansısa format axtarışları anormal vəziyyətdir. Dünyada baş verən proseslər onu göstərir ki, dialoq indiki vəziyyətdə daha çox iqtidara vacibdir. Hakimiyyətlə müxalifət arasında dialoqa böyük ehtiyac yaranıb”-deyə politoloq vurğulayıb.
E. Namazovun sözlərinə görə, dialoq baş tutsa, bu müsbət qiymətləndiriləcək.
“Əslində prosesin özü önəmlidir. Məsələlərə fərqli baxışlar həmişə olub. Siyasi partiyalar arasında belə fərqli baxışlar mövcuddur. Odur ki, əsas məsələ prosesə start verilməsidir”-deyə E.Namazov vurğulayıb. Politoloq qeyd edib ki, bunun üçün əvvəlcə dialoq mühiti yaradılmalıdır. Müxalifətlə dialoq üçün zəmin olub-olmamasına gəlincə, E. Namazov bildirib ki, hakimiyyətlə müxalifət arasında dialoqa ehtiyac yaranıb.
“Dialoq bir günlük proses olmamalıdır. Dialoq davamlı olmalı, həyat tərzinə çevrilməlidir. Dialoq ona görə vacib məsələyə çevrilib ki, vətəndaş cəmiyyətinin mövqeyini hakimiyyətə çatdıran mexanizm yoxdur. Halbuki, telekanallarda tok-şoular təşkil edilməli, iqtidar və müxalifət burada mövqeylərini ortaya qoymalıdır. Bununla da cəmiyyət tərəflərin möqeyindən xəbər tutaraq özünün münasibətini seçiklərdə sərgiləyir. Sivil Avropa ölkələrində bu məsələ belə həll olunur”-deyə E.Namazov vurğulayıb.
Modern.az