İctimai Palata “Yol xəritəsi”ni hakim partiya ilə müzakirə etməyə hazırdır
İctimai Palatanın (IP) ölkədə demokratik islahatlar keçirmək üçün hakimiyyətə təqdim etdiyi “Yol xəritəsi” adlı təkliflər paketi avqustun 17-də keçiriləcək dəyirimi masada müzakirəyə çıxarılacaq.
Bu barədə Modern.az-a İP-in təsisçilərindən olan eks-millət vəkili Pənah Hüseyn məlumat verib. Qeyd edək ki, tədbirlə bağlı yayılan məlumatda bu dəyirmi masaya hakim partiya olan Yeni Azərbaycan Partiyasının da dəvət ediləcəyi açıqlanıb.
P.Hüseyn qeyd edib ki, “Yol xəritəsi”ndə ölkədə vacib islahataların aparılması üçün İctimai Palatanın təqdim etdiyi təkliflər toplanıb. O, bu müzakirələrdə hakim partiyanın iştirakı ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, İP-in təklifləri layihə şəklindədir və müzakirələr üçün açıqdır.
“Təkliflər müzakirəyə açıqdır. Hakimiyyətin bununla bağlı hər hansı təklifləri varsa, birgə müzakirəyə hazırıq”-deyə P. Hüseyn bildirib.