Modern.az

Bələdiyyələr gənclərlə əməkdaşlıq edirmi?

Bələdiyyələr gənclərlə əməkdaşlıq edirmi?

Ölkə

30 Noyabr 2009, 15:12

Azərbaycanda yerli özünüidarəetmə qurumları-bələdiyyələrın yaradılmasından 10 il ötür. Bələdiyyələr öz səlahiyyətləri çərçivəsində bir sıra yerli məsələlərin həlli ilə məşğul olmalıdırlar. Bura əhalinin məşğulluğu məsələsi də daxildir. Məşğulluq məsələsindən söz açanda isə ilk növbədə gənclər yada düşür. Axı bu gün Azərbaycan gəncliyinin əsas problemi məşğulluqla bağlıdır. Bu problemin aradan qaldırılmasında dövlət orqanları ilə yanaşı, yerli özünüidarə orqanlarının iştirakı vacibdir.

 

Avropa ölkələrinin əksəriyyətində bələdiyyələr maliyyə təminatına, idarəçilik gücünə və başqa üstünlüklərinə görə fərqlənir. Bu qurumlar vətəndaşlara yaşadıqları ərazidə olan problemləri müstəqil şəkildə həll etmək imkanı verir.

Bələdiyyə orqanlarının əsas vəzifəsi əhalinin həyat şəraitini yaxşılaşdırmaq, məktəbəqədər tərbiyə, təhsil, o cümlədən ərazinin su, yanacaq, kanalizasiya və s. məsələlərin həlli olunmasıdır. Eyni zamanda bələdiyyələr səlahiyyəti daxilində müxtəlif yaş qrupundan olan insanların, o cümlədən gənclərin öz peşələri üzrə işlə təmin olunmasına da yardım etməlidirlər.

Bələdiyyə orqanları gənclərin ictimai-siyasi işlərdə fəallıq göstərməsinə köməklik göstərməli, onların təhsil səviyyəsinin yüksəldilməsinə çalışmalı, fərdi ehtiyaclarını və yaşadıqları şəraiti nəzərə almalıdırlar.

 

Təəsüf ki, 10 ildir fəaliyyət göstərən Azərbaycan bələdiyyələrinin əksəriyyəti üzərinə düşən vəzifəni lazımi səviyyədə həyata keçirə bilməyib. Məsələn, bəzi bələdiyyələrin bugünkü işi sanki maklerlikdir, onlar yalnız torpaq alqı-satqısı ilə məşğul olurlar, yerli əhəmiyyətli problemlər isə üst-üstə yığılıb qalır. Bələdiyyələrin yaradılmasından ötən zaman göstərdi ki, yerli özünüidarəetmə qurumlarına yeni təfəkkürün, yeni düşüncə tərzinin gəlməsi çox vacibdir.

Çünki araşdırmalar göstərir ki, bu gün bir sıra bələdiyyə üzvlərinin təhsil səviyyəsi aşağıdır, bəzi hallarda onlar heç qanunları yaxşı bilmirlər. Bu baxımdan bələdiyyə institutuna sağlam düşüncəli iş potensialı geniş olan gənclərin seçilməsi aktual məsələyə çevrilib.

Təhlillər bələdiyyə və gənclər əməkdaşlığının yetərli səviyyədə olmadığını göstərir. Baxmayaraq ki, bəzi yerli özünüidarəetmə orqanları gənclərlə yaxşı işlədiklərini iddia edirlər.

Nərimanov rayonu Bələdiyyəsinin sədri Hüseyn Cəfərovun sözlərinə görə, bu yerliözünüidarəetmə orqanı səlahiyyəti çatdığı qədər gənclərlə əməkdaşlıq edir: “Ötən müddətdə Nərimanov bələdiyyəsi ərazidə yaşayan əhalinin rifah halının yüksəldilməsi üçün bir sıra işlər görüb. Həmçinin də gənclərlə bağlı bəzi layihələrimiz olub. İctimai təşkilatlarla əlaqələr daha da möhkəmləndirilib və onlarla faydalı əməkdaşlıq edilib. Gənclərin yaratdığı bir sıra təşkilatlarla bələdiyyədə görüşlər keçirilib, onların sosial təminatı ilə bağlı təkliflər araşdırılıb”.

Nərimanov Bələdiyəsinin Gənclərlə iş daimi komissiyasının üzvü Ayaz Bayramov gənclərlə daim əməkdaşlıq etdiklərini deyir: “Komissiyamız müntəzəm olaraq gənclərin problemlərini araşdırır. Bizim səlahiyyətimiz çatdığı qədər çalışırıq onlara köməklik göstərək”.

 

Bəs gənclərin özlərinin bələdiyyələrlə bağlı fikir və düşüncələri necədir. Bununla bağlı kiçik bir sorğu keçirdik. Azərbaycan Dillər Universitetinin tələbəsi Könül Mehdiyeva bələdiyyə-gənclər əməkdaşlığından narazıdır: “Hazırda bələdiyyələrin iqtisаdi və kadr çətinlikləri var. Onların daxili problemləri o qədərdir ki, gənclərlə işləməyə vaxt tapmırlar”.

Sumqayıt Dövlət Universitetinin tələbəsi Sahil Quliyev də yerli özünüidarəetmə orqanlarının gənclər siyasətinin zəif olduğunu deyir: “Bələdiyyələr informasiyalara yol tapmaqda çətinlik çəkən gənc əhali qruplarının informasiya ehtiyaclarının ödənilməsi üçün tədbir görməli, onların işlə təmin edilməsinə kömək göstərməli və digər problemlərini həllində maraqlı olmalıdırlar. Ancaq bu gün Azərbaycan cəmiyyətində bələdiyyələrin yalnız adı var. Onlar gənclərin inkişafı istiqamətində heç bir iş görmürlər”.

BDU-nun III kurs tələbəsi Arifə Mikayılova bir gənc kimi bələdiyyə tərəfindən heç bir köməkliyi hiss etməyib: “Bələdiyyələrin gənclərlə işi zəifdir”.

Azərbaycan Beynəlxalq Universitetinin tələbəsi Rahil Məmmədov da eyni fikirdədir: “Universitetin tələbə-gənclər təşkilatı bələdiyyələrlə bağlı gənclər arasında sorğu keçirib. Sorğuda iştirak edən gənclərin əksəriyyətinin bələdiyyə haqqında təsəvvürləri belə yoxdur. Problem bələdiyyələrin özlərindədir. Çünki onlar cəmiyyətdə təbliğat və təşviqat prosesləri aparmırlar”.

“Gənc Liderlər” Uşaq və Gənclər təşkilatının sədri Fərid Şahbazlı növbəti bələdiyyə seçkilərində gənclərin təmsil olunacağına ümid edir: “Nə özüm, nə də ətrafımdakı gənclər heç vaxt bələdiyyələrə müraciət etməyib. Açığı bunun üçün zəmin olmalıdır. Amma biz bunu görməmişik. Bəzi bələdiyyələrdə indiyə qədər yaşlı nəsil və köhnə təfəkkürlü insanlar təmsil olunub. Onlarla gənclərin hansısa problemlərinin həlli istiqamətində layihə yox, söhbət etmək belə uyğun deyil. Amma biz qarşıdan gələn seçkidən böyük nəticələr gözləyirik. Bütün siyasi qüvvələr tərəfindən irəli sürülən namizədlər arasında gənclərin say faizinin çox olması müsbət haldır. Bundan sonra bələdiyyələrlə daha çox əməkdaşlıq edəcəyimi hesab edirəm”. 

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin nümayəndəsi, bələdiyyə məsələləri üzrə ekspert Rövşən Ağayev bələdiyyələrlə gənclər arasında uçurumun olduğunu düşünür: “Təkcə gənclərdən söhbət getmir, ümumiyyətlə bələdiyələrlə cəmiyyət arasında əlaqə həddən artıq zəidir. Gənclər də cəmiyyətin bir üzvüdür. Azərbaycanda bələdiyyələr real təhsil institutlarına çevrilə bilməyiblər. O qurumun vətəndaşlarla əlaqəsi geniş olur ki, konkret olaraq əhalinin problemini həll etmək səlahiyyətini onda görürsən. Gənclərin problemini həll etməyən quruma vətəndaş heç vaxt etimad göstərib, onun çağırışına getmir, onunla əlaqə qurmur. Çünki vətəndaş əmin olmalıdır ki, bələdiyyə onun problemini hökumət qarşısında qaldırıb, həll edəcək. Bələdiyyələrin səlahiyyətləri o qədər məhduddur ki, cəmiyyətdə nəyisə onların qərarı ilə həll etmək mümkün deyil”. R.Ağayevin sözlərinə görə, indiki vəziyyətdə bələdiyyələrlə gənclər arasında əlaqə ürəkaçan deyil, tam əlaqəsiz bir situasiya hökm sürür. “Bələdiyyələr yaradıcı olmalıdırlar. Onlar müntəzəm olaraq müəyyən bir mexanizm yarada bilərlər. Bu qurumlar  hansısa bir forum yaradaraq orada gənclərin problemlərinin müzakirəsini, mətbuatda debatların təşkilini, dəyirmi masaların keçirilməsini, gənclərin müəyyən peşə və kompüter biliklərinin artırılması üçün kursların yaradılmasını reallaşdıra bilərlər. Onlar eyni zamanda məşvərətçi komissiyalar yaradaraq həmin ərazidə yaşayan gənclərin problemini araşdırmaq, müəyyən idarə etmə qərarlarına gəncləri cəlb etmək, beynəlxalq donor təşkilatları ilə gənclərin problemlərinin həlli istiqamətində layihələr gerçəkləşdirmək istəqamətində çox işlər görə bilərlər”-deyə ekspert bildirib. Onun fikrincə, sadalanan işlər həyata keçiriləcəyi  təqdirdə bələdiyyə-gənclər münasibətlərinin normal olmasından danışmaq olar.

 

Onu da qeyd etmək lazımdır ki, qarşı tərəfdən-bələdiyyələrdən hərəkət yoxdursa, gənclərin özləri müəyyən məsələlər qaldırmalı, yerli özünüidarəetmə qurumları qarşısında təkliflərlə çıxış etməlidirlər. Amma bu gün gənclərimizin ictimai-siyasi aktivlik səviyyəsi heç də müsbət qiymətləndiriləcək səviyyədə deyil. Gənclərin ictimai aktivliyinin aşağı olması isə, onların bir sıra problemlərinin aradan qaldırılmasına mane olur.

 

Günay MUSAYEVA 

Yazı Gənclər üçün Təhsil Mərkəzinin keçirdiyi müsabiqəyə təqdim olunur

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı