Modern.az

ARDNŞ-in vətəndaşların evini sökməsinin nə qədər hüquqi əsası var..?

ARDNŞ-in vətəndaşların evini sökməsinin nə qədər hüquqi əsası var..?

Ölkə

17 Avqust 2011, 11:02

Belə çıxır ki, sabah Təhsil Nazirliyi də neftçıxarma ilə məşğul ola bilər...

Azərbaycanda dövlət qurumlarının fəaliyyətində bəzən təyinatlarına aidiyyatı olmayan işlər görməsi adi hala çevrilib. Səhiyyə Nazirliyi xəstəxana tikdirir, Təhsil Nazirliyi məktəb tikdiri, Dövlət Neft Şirkəti (ARDNŞ) isə insanların evlərini başlarına uçurur…
Əgər Dövlət Neft Şirkəti bu ev sökürsə, onda Təhsil Nazirliyinin sabah neft çıxarmaqla məşğul olacağı barədə xəbəri eşidəndə təəccüblənməməliyik.
Keçək mətləbə, ARDNŞ-in Azərbaycan vətəndaşlarının evini sökməklə məşğul olmasının hüquqi əsası varmı? 
Doğrudur, Dövlət Neft Şirkətinə məxsus mədən sahələrinə düşən torpaqların bir hissəsində vətəndaşlar tərəfindən sənədsiz evlər tkilib, amma həmin torpaqlar bələdiyyələr tərəfindən satılanda, orada əhali günlərlə, aylarla tikinti işləri aparanda ARDNŞ rəsmiləri hara baxırdılar, niyə və nəyin müqabilində buna göz yumurdular?
Şirkət niyə evlər tikilib başa çatdırılandan, onlarda yaşayış başlayandan sonra evyıxmaqla məşğul olmalıdır?

Bu məsələlərlə məşğul olan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Modern.az-a bildirib ki, ARDNŞ-nin işçiləri tərəfindən mədən sahələrinə düşən torpaqlarda evlərin sökülməsi heç bir halda düzgün deyil:

“Ümumiyyətlə, bu gün respublikada gedən proseslərin özü belə düzgün deyil. Dövlət Neft Şirkəti hesab edir ki, bu ərazi ona məxsusdu və evlərin sökülməsi ilə də onlar məşğul olmalıdır. Birincisi, onların apardığı o prosesin özü belə düzgün deyil. Vətəndaşın evini sökməzdən qabaq məsələ ilə bağlı araşdırma aparılmalıdır. Üç ay qabaq bildiriş verilməlidir. Bildirişdə yazılmalıdır ki, şirkət  hansısa layihəni həyata keçirdiyi üçün bu ev sökülür, yaxud da dövlət ehtiyaclarına görə sökülür. Sökən şirkətin, müəssisənin, qürumun blankı gəlməlidir, rəsmi  olmalıdır hər şey. Həmin sənəd qeydiyyatdan keçməlidir. İmza qoyulmalıdır ki, hansı qurum bunu sökməlidir, hansı qurum bu prosesi həyata keçirilməlidir və s.  Bundan sonra həmin evin sakini razılaşarsa, bura əlavə qiymət sənədi də göndərilməlidir. Göndərilən qiymətin miqdarı əsaslandırılmalıdı, yəni bunu komissiya müəyyənləşdirilməlidir və komissiyanın qərarı göndərməlidir ev sahibinə”.

Hüquq müdafiəçisi deyib ki, hazırda Dövlət Neft Şirkəti heç bir göstəriş, əmr, sərəncam olmadan öz sahəsi hesab elədiyi ərazilərdə söküntü işləri aparır.

“Birmənalı olaraq deyirəm ki, bu proses düzgün deyil. Birincisi, Dövlət Neft Şirkətinin ərazisində yaşayan insanların günahı yoxdu. Müəyyən vaxtlarda Dövlət Neft Şirkətinin vəzifəli şəxsləri torpağı pulla satıblar həmin insanlara, o torpaqları satanda bu işdə polis sahə müvəkillərinin də, bələdiyyə sədrlərinin də, İcra hakimiyyətlərinin nümayəndələrinin də iştrakı olub, onlara da pul verilib və “özbaşına tikililər” adlandırılan ev sahiblərinin çoxunda hansısa idarənin kağızı var. Dövlət Neft Şirkəti Azərbaycanın müvafiq  qanunvericiliyini pozur və öz səlahiyyətlərinə aid olmayan işlərlə məşğuldur. Bu şirkətin işçiləri nə söküntü ilə məşğul olmalıdır, nə də ARDNŞ-nin ərazisi sayılan torpaqlardakı evlərdə yaşayan insanları zorla oradan məhkəmə qərarı olmadan çıxartmqla. Bu qurum təyinatından kənarlaşmamalıdır, ancaq neft və qaz çıxarmalıdır”.

Mail AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı