"Bakı Taksi" MMC-də taksilərə qoyulan gündəlik planın və sürücülərin maaşı məsələsini yenidən müzakirə edilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi qəzeti olan “Ülfət” “London taksiləri” ilə bağlı vəziyyəti araşdırb və onlarda xidmətin bahalı olmasını tənqid edib. Bəzi məlumatlara görə, nəqliyyat naziri Ziya Məmmədovun Bakıya gətirdiyi məşhur “London taksiləri” ilə bağlı yeni problem yaranıb. Belə ki, gündəlik planın çoxluğundan narazı olan sürücülər istifadələrində olan taksiləri geri qaytarmağa başlayıblar. Sürücülər bildiriblər ki, Ramazanın ilk iki həftəsindən sonra təxminən 30-dək taksi sürücüsü analoji addım atıb.
Modern.az bildirir ki, paytaxta gətirilən “London taksiləri”nin gözləntiləri doğrultmadığını yazan qəzet qeyd edib ki, vətəndaşların bu taksilərin xidmətindən istifadə etmək imkanında olmaması qısa müddətdə özünü göstərib. Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi qəzeti yazır ki, sürücülər gündəlik 70 manat plan ödəməli imiş. Lakin sonradan plan 50 manatadək aşağı salınıb. Bu planı ödəyə bilməyən sürücülərdən bəziləri işləməkdən imtina edib.
“Artıq yeni taksilərin xidmətindən istifadə edənlərin azlığı qiymətlərə yenidən baxılması zərurətini ortaya qoyub. Yeni tariflərdə də sərnişin taksiyə minərkən 1 manat ödəməsi prinsipi qalır. Amma yeni qaydaya görə, tarif məsafədən asılı olaraq dəyişir. Bir kilometr üçün 10 kilometr məsafəyə qədər 70 qəpik, 10 kilometrdən 20 kilometrədək 40 qəpik, 20 kilometrdən yuxarı 20 qəpik. Maraqlıdır, bu qiymət vətəndaşları razı salacaqmı?”-deyə qəzet yazıb.
Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov bildirib ki,
taksi xidməti dövlət tərəfindən tənzimlənmir.
“Hər bir bazar iştirakçısı oradakı vəziyyətə, tələbata, xidmətin keyfiyyətinə və digər təşkilat xərclərinə uyğun olaraq qiymət tətbiq edir. Bu gün taksi xidmətində daha çox müşahidə etdiyimiz odur ki, burada qiymət tələb və təkliflə, eyni zamanda keyfiyyət əmsalına uyğun olaraq müəyyənləşir. Hər bir bazar iştirakçısı və şirkət öz xidmətində keyfiyyət dəyişikliyi etməklə və buna təsir edən xərcləri nəzərə almaq əsasında qiymətdə müəyyən artım yarada bilər. Yəni bu, bazar iştirakçısının özünün müəyyən etdiyi qiymət taktikasıdır. Yeni taksilərin qiyməti isə əhalinin böyük bir hissəsinin imkanına uyğun deyil”.
“London taksiləri”nin məxsus olduğu "Bakı Taksi" MMC-dən isə bildirilib ki, yeni taksilərə qoyulacaq gündəlik planın və sürücülərin maaşı məsələsi hazırda müzakirə edilməkdədir. Yaxın günlərdə bu məsələrlə bağlı konkret qərarlar veriləcək.
Qeyd edək ki, Bakıya artıq 100 ədəd bənövşəyi rəngli London Taxi TX4 avtomobili gətirilib. İlin sonunadək onların sayı 1000-ə çatdırılacaq. Taksilər Nəqliyyat Nazirliyinin tərkibində yaradılmış "Bakı Taksi" MMC-nin balansına verilib. İngiltərə texnologiyası əsasında Çində istehsal olunan bu maşınlar iyunun 15-dən istismara verilib, onlar üçün paytaxtda xüsusi yerlər müəyyənləşdirilib.
Taksilərdən istifadə zamanı hər sərnişin 10 min manatlıq sığortalanır. Yeni taksilərdə işləmək üçün yaş həddi 25-50 arasında müəyyənləşib. Sürücülər qarşısında qoyulan tələblər də sərtdir. Belə ki, istənilən yerdə maşını saxlamaq qadağandır. Sürücülər yol hərəkəti nişanlarının tələblərinə tabe olmalıdırlar. Onlara sərnişinlərlə çox danışmağa, sükan arxasında mobil telefondan istifadə etməyə icazə verilmir.
Modern.az