Təhsil naziri Misir Mərdanov 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlı əmr imzalayıb. Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Əmrə əsasən, 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları 2011-ci ilin 2-10 sentyabr tarixlərində saat 14.30-da keçiriləcək.
İmtahan tarixləri rayonlar üzrə aşağıdakı kimidir :
- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 2 sentyabr 2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 5 sentyabr 2011-ci il tarixində;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 6 sentyabr 2011-ci il tarixində;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 7 sentyabr 2011-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 8 sentyabr 2011-ci il tarixində;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 9 sentyabr 2011-ci il tarixində;
- Bakı şəhərində 10 sentyabr 2011-ci il tarixində;
- məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixlərdə.
Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.
Payız imtahanlarına hazırlıqla əlaqədar Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, bütün şəhər (rayon) təhsil şöbələrinə, ümumi təhsil müəssisələrinin direktorlarına müvafiq tapşırıqlar verilib.
Modern.az