İki nazirlikdə isə heç kimin yaşı 65-ə çatmayıb
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır. Artıq Kənd Təsəsrrüfatı, Maliyyə, Mədəniyyət və Turizm Nazirliyində təqaüd yaşı çatmış dövlət işçilərinin ixtisarları barədə məlumat vermişik. Digər nazirlik və komitələrdə isə təqaüd yaşı çatmış işçilərin siyahısı hazırlanır. Modern.az-ın əməkdaşı daha üç dövlət qurumundan bu istiqamətdə hansı işlərin aparıldığını öyrənməyə çalışıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov nazirlikdə hazırda bu istiqamətdə işlərin aparıldığını qeyd edib.
“Siyahı artıq hazırdır və sentyabrın əvvəlinmdə imzalanmaq üçün cənab nazirə təqdim olunacaq. Ondan sonra neçə illər bizdə çalışmış işçilərin yüksək səviyyədə təqaüdə göndərilməsi üçün təşkilatı işlər aparılacaq”.
Diaporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, komitədə 65 yaşdan yuxarı işçilər olmadığı üçün təqüdə göndərilənlər yoxdur.
“Bizim kollektivimizdə gənc və orta yaşlı insanlar işlədiyi üçün 65-dən yuxarı yaş həddində işçilərimiz yoxdur”.
Eyni tendensiya İqtisadi İnkişaf Nazirliyində də müşahidə olunur. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də qeyd edib ki, onların da təqaüdə göndəriləcək işçiləri yoxdur. A.Əliyev deyib ki, İqtisadi İnkişaf Nazirliyi sistemində çalışanların hamısı yaş həddi 65-ə çatmayan işçilərdir.
Aytən ƏLİYEVA