Modern.az

Binəqədinin keçilməz yolları, piyada sakinləri...

Binəqədinin keçilməz yolları, piyada sakinləri...

Ölkə

24 Avqust 2011, 14:44

Bakıda varlılar üçün qəbristanlıq ayrılacağı barədə xəbərlər dolaşmağa başlayıb. Ancaq əsas qəbirdə yatmaq deyil, yaşamaq və necə yaşamaq barədə düşünməyə lüzum var. Qəbirdə yatmaq başqa dünyadır və orada kimin necə rahatlanacağı pulla, var-dövlətlə ölçülə bilməz. Oranın sahibinin diqqətindən bu üsullarla yayınmaq istəyənlər yəqin ki yanılırlar. Orada necə yatmağı bu dünyada qazanmaq barədə düşünsəydilər zənnimcə daha çox qazanc əldə etmiş olardılar...

Son illərdə kütləvi informasiya vasitələrimizdə mənə doğma olan sosial istiqamətli yazıların azalması mətbuatımızın insan amilinə daha az diqqət yetirməsinin sonucu kimi dəyərləndirilməlidir. Özünü insan amilindən – fərdi insanların problemlərindən kənarda tutan KİV qurumununsa nə sənətkar qiyafəsində danışmağa, nə də təkəbbürlü davranışlara haqqı çatmır. Heç bir tədqiqat, axtarış aparmadan, ölkə insanının fərdi qayğılarından bixəbər, yalnız agentlik və xəbər saytlarının məlumatları əsasında öz mövcudluğunu qorumaq istəyən KİV-in fəaliyyəti əslində görüntü yaratmaqdan başqa bir şey deyil.

Qış qapını döyməmiş, məktəblilər dərsə getməyə başlamamış sosial qayğılarımızı faktların dili ilə Binəqədi rayonunun rəhbər qurumlarının diqqətinə çatdırmaqla bu düyün nöqtəsində bir oyanma yaratmaq istəyirəm. Nəticənin necə alınacağına baxmayaraq bunu özümə insanlıq borcu hesab edirəm. Məqsədim şikayət də deyil. Sadəcə həllini gözləyən işlərin yerini nişan verməkdir. Daim milli-mənəvi dəyərlər mövzusunda yazılarımı işıqlandıran Modern.az saytının kollektivinin də bu mövzulara – insan taleyinə biganə qalmadıqlarını dəqiq bildiyimdən yenə də onların qapısını döyməyi üstün tuturam.  

XXI əsrin yolsuz, marşrutsuz, kanalizasiyasız, susuz insanları

Söhbət Binəqədi rayonundakı I Mədən küçəsindəki bir neçə korpusdan gedir. Əvvəla ondan başlayaq ki, on minlərlə Azərbaycan vətəndaşının məskunlaşdığı bu əraziyə ən yaxın orta məktəb 4-5 kilometr uzaqlıqda Binəqədi qəsəbəsinin mərkəzində yerləşən 179 saylı məktəbdir. Bu məktəbdə sıxlıq nəticəsində hazırda şagirdlər 3 növbədə təhsil alırlar. Analoji acınacaqlı fakt heç bəlkə ucqar rayonlarımızda da yoxdur. Ancaq valideynlər bu problemi vaxt itkisi, əlavə məsrəflər, ailədə kiminsə yalnız uşağın dərs qayğıları ilə məşğul olmasına rəğmən birtəhər yoluna qoya bilirdilər. 2011-ci ilin başlanğıcında onların bu probleminin üstünə biri də əlavə edildi. Belə ki, ərazi üçün nəzərdə tutulmuş 280 saylı marşrut qəflətən dayandırıldı. Ölkəmizdə korrupsiya ilə mübarizə başlanılan həmin ərəfədə 60 nəfər sakinin imzaladığı məktubu nəqliyyat naziri Ziya Məmmədovun qəbuluna apardıq. Cəmisi bir neçə günün içərisində məktubun üstü yazılaraq nazirliyin tabeliyindəki Sərnişinnəqliyyat Departamentinə göndərildi. Adıçəkilən departamentin bir neçə instansiyasının əməkdaşları Marlen Atayev, Etibar Əliyev, direktor Davud Əfəndizadə ilə dəfələrlə əlaqə saxlamışıq. Hər dəfə də aldığımız cavab “məsələ yaxın günlərdə həll olunacaq”,  “270 saylı marşrut ora qədər uzadılacaq” cavabını veriblər. Beləcə 2011-ci ilin əvvəlində süni şəkildə yaradılan problem indiyədək nə həllini tapır, nə də insanlara rədd cavabı verilir. Əhali arasında isə başqa söhbətlər dolaşır. İnsanlar marşrutu 2-3 kilometr aralıdan keçən 285 saylı marşrutun sahibinin bağlatdırdığını və elə bu səbəbdən də 280-nin açılmasının düyünə düşdüyünü, nəticədə imkansız, kasıb insanlara cəhənnəm əzabı verildiyini iddia edirlər.
Bu söhbətlərin nə qədər həqiqət olduğunu dəqiq bilmirik, ancaq Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Alı Qocayevin, millət vəkili Madər Musayevin belə bir “fövqəlmarşrut sahibi”nə vətəndaşlıq və insanlıq normalarını başa salmalarını istəyirik. Şəhər əhalisi adlandırılan vətəndaşların, onların məktəbli övladlarının taleyi ilə oynamaq hansı qanunlarla və ya insanlıq norması ilə tənzimlənməlidir?!. Kiminsə varlanmaq ehtirası onminlərin yaşamaq hüququnun məhdudlaşdırılması, cəhənnəm əzabına çevrilməsi bahasınamı başa gəlməlidir?!. Üstəlik dövlət başçısı Bakı kəndlərinin infrastruktunun yaxşılaşdırılmasını tənzimləyəcək xüsusi sərəncam da imzalayıb.

I Mədən,  Korpus 9-un palçıqlı yollarından keçib şagirdlərçün məktəbə, böyüklərçün Bakıya işə gəlməksə az qala adamdan qəhrəmanlıq tələb edir. Yol məsələsi də Prezidentin sərəncamında əsas infrastruktur vasitəsi kimi xüsusi qeyd olunur və elə Binəqədi rayonuna tabe olan Biləcəri qəsəbəsinin müəyyən hissəsində də artıq yol təmirinin ciddi şəkildə aparıldığı  müşahidə olunur.

I Mədəndə isə suyu da insanlar öz hesablarına çəkib özlərini birtəhər təmin edə biliblər. Ancaq su əraziyə yalnız gecə saatlarında gəlib çatır. Kanalizasiya xətti ümumiyyətlə yoxdur. Yeri gəlmişkən, suyun, kanalizasiyaların çəkilməsi də adıçəkilən sərəncamda nəzərdə tutulan infrastruktur layihələrinə aiddir.

P.S. Bu problemləri rayon rəhbərliyinin diqqətinə çatdırmağımı xahiş edən I Mədən, korpus 9-da yaşayan sakinlər elə bu il əraziyə yüksək səviyyədə çəkilən qaz boruları və işıq kabellərinə görə Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərenerji Açıq Səhmdar Cəmiyyətinin, ARDNŞ Azəriqaz Səhmdar Cəmiyyətinin rəhbərliklərinə onların minnətdarlıqlarını çatdırmağımı da istədilər.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı