Modern.az

Sabiq deputat şeyxə müraciət etdi

Sabiq deputat şeyxə müraciət etdi

Ölkə

24 Avqust 2011, 17:40


İslam aləmi üçün müqəddəs Ramazan ayı sona yaxınlaşır. Bir neçə gündən sonra - Şəvval ayı hilalının görünməsindən asılı olaraq, avqustun 30-31-də müsəlmanlar müqəddəs Ramazan bayramını qeyd edəcəklər. Bu mübarək günləri nəzərə alan sabiq millət vəkili Nazim Məmmədov Qafqaz Müsəlmanlarıl İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadəyə müraciət edib. Modern.az saytına açıqlamasında Nazim Məmmədov deyib ki, onun müraciəti Ramazan bayramında yığılan fitrələrlə bağlıdır.

Sabiq deputatın sözlərinə görə, o, QMİ sədrinə müraciətində təklif edib ki, Ramazan bayramında yığılan fitrə sədəqəsi toplanıb yardım olaraq Afrikanın Somali ölkəsində acından ölən məzlum insanlara göndərilsin.

“Məlumdur ki, imkanı olan hər bir müsəlman bayramda fitrə sədəqəsi verməlidir. Bu günlər Somalidəki insanların dadına çatmaq üçün həmin ölkəyə yardım əli uzadanlar az deyil. Somalidə acından ölən insanlar müsəlmanlardır. Bizlər də bir müsəlman toplumu olaraq Somalidəki din qardaşlarımıza insanlıq naminə yardım edə bilərik. Həm insanlıq naminə, həm də yaşadığımız müqəddəs Ramazan ayı xatirinə bu addımı atmaq lazımdır”-deyə sabiq deputat vurğulayıb.

Nazim Məmmədov Modern.az-a onu da deyib ki, əgər QMİ sədri onun müraciətinə cavab verməsə, onda digər tanınmış ictimai-siyasi xadimlərlə yardım kampaniyasının təşkilinə çalışacaq:
“Amma istərdim ki, şeyx öz nüfuzundan istifadə edib qarşıdan gələn müqəddəs Ramazan ayını nəzərə alaraq, Azərbaycandakı məscidlərdə, ziyarətgahlarda yığılan fitrə sədəqəsinin Somalidə acından ölən insanlara göndərilməsinə kömək etsin”.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı