Bu yazını yazmaqda əsas məqsədim, “Facebook” şəbəkəsində, İranın Ali dini lideri Ayətullah Xamneyini tənqid etdiyimə görə məni “kafir” adlandıran insanlardı. Mən bu yazımla, sizlərə öz fikirlərimi açıqlamaqla, nəyə görə A.Xamneyini “təhqir” (əslində, təhqir etməmişəm, olanı demişəm) etdiyimə aydınlıq gətirəcəyəm.
“Facebook”da bir nəfərin: - “Nə istəyirsən, farslardan, sənə nə ediblər ki?.. Nə borcları var ki, zavallılardan əl çəkimirsən?!” sualına cavab olaraq, bildirim ki, İran mollalarının nağıl kitablarından başı ayılsa, az da olsa, Azərbaycan tarixinə nəzər salsın və “zavallı” adlandırdığı fars şoviniziminin Azərbaycanın başına hansı oyunları açdığını görəcək. Borca qaldıqda isə fars şoviniziminin Türkmənçay müqaviləsindən bu yana, Cənubi Azərbaycan borcu var bizə. Bunu yadınızdan çıxarmamağı tövsiyyə edərdim.
Bu yaxınlarda A.Xamneyinin Qarabağla bağlı fətvasını axtararkən, bu məlumata rastladım:
"SalamNews" İnformasiya Agentliyinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İranın ali dini lideri Ayətullah Xamneyiyə ünvanladığı sorğusuna cavab verilib. Tehranın Azərbaycan xiyabanında yerləşən İranın dini liderinin baş ofisi Qarabağ münaqişəsi ilə bağlı öz fətva və siyasi mövqeyini açıqlayıb.
“Ayətullah Xamneyinin Qarabağ məsələsinə mövqeyi ilk gündən çox açıq və konkret olub. Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq haramdır və qanunla qadağandır. Bu, ilk növbədə bir Ayətullah kimi onun fətvasıdır. Bu fətva şəriətin hökmüdür və bütün müsəlmanların mövqeyi belə olmalıdır.
Bu həm də ölkə rəhbəri kimi onun siyasi mövqeyidir. Belə ki, separatçı rejimlə hər hansı əlaqə sübut olunarsa, bu barədə cinayət işi qaldırılmalıdır. Onu da bilmək lazımdır ki, bu mövqe heç vaxt dəyişməyəcək", - sorğunun cavabında vurğulanıb”/
İndi gəlin, baxaq, bu fətvanı verən şəxs özü necə, öz dediyinə əməl edirmi?..
Bildiyimiz kimi qonşu ölkələr arasında Ermənistanla sıx əlaqə quran və istər ticarət, istərsə də başqa sahələrdə aşkarda və gizlində əməkdaşlıq edən də məhz İrandır. İndi deyəcəksiniz ki, Rusiya da Ermənistanla əməkdaşlıq edir, burda nə var ki?! Sualınıza cavab olaraq bildirim ki, əgər, A.Xamneyi yuxarıda göstərilən fətvasını verməsəydi və bizə qarşı açıq düşmənçiliyini elan etsəydi, o zaman bu əməkdaşlığa mən bir söz deməzdim. Zatən, bu boyda dünyada Qarabağ məsələsində bizə açıq dəstək olan Türkiyədən başqa dövlət yoxdur. Amma bu İslam ölkəsi olan İranın Ali dini lideri A. Xamneyi dünya müsəlmanlarından qorxaraq, yuxarıdakı fətvanı verir, ardınca da “Kitab əhli” deyib, Ermənistanla özü əlaqə qurur və buna haqq qazandırmaq üçün Ermənistanla əlaqələrində: “Biz İslam dövləti yox, fars dövləti adından əməkdaşlıq edirik” fikirləri də onların bir daha nə qədər riyakar insan olduqlarını üzə çıxarır.Az da olsa, dindən anlayışım var. Mənim bildiyimə görə günahı üzdə olan birinə nə iqtida etmək olmaz, nə də ki, rəhbər hesab etmək olmaz. Əgər, hər şeyi kənara qoysaq, A.Xamneyinin öz fətvası ilə gərək, ona cinayət işi qaldırılsın.
Bu adamı İranda və Azərbaycanda Azərbaycan türkü kimi tanıyırlar. Bu da fars şoviniziminin məkirli siyasətidir ki, Azərbaycan türklərinin çoxluğundan istifadə edib, öz xeyirlərinə çalışdırırlar. Necə ki, Xomeyni inqilab etməzdən öncə İrandakı Azərbaycan türklərini aldadıb, öz xeyrinə istifadə etdi, bu gün A.Xamneyi də həmin çirkin siyasəti davam etdirir.
Əslində İranın Ali dini lideri kimi tanıdığımız Ayətullah Xamneyi kimdir?..
“Ayətullah Seyid Əli Hoseyni Xamneyi: İranın dini rəhbəri 1939-cu ildə Məşhəddə anadan olub. Atası əslən İranın Təfreş şəhərindəndir və bu şəhər bir Fars şəhəridir ki İranın Mərkəzi vilayətində yerləşibdir. Anası zərdüştlərin paytaxtı Yəzd şəhərindəndir ki ora da Fars şəhəridir. Xamneyi Azərbaycan dilini zəif bilir, çünki onun atası bir zamanlar müvəqqəti olaraq Güney Azərbaycanın Xamənə şəhərində sakin olub, amma sonralar İraqın Nəcəf şəhərinə gediblər. Xaməneyi Güney Azərbaycanlı dəyil çünkü onun atası da, anası da Farsdırlar”.
Tarixdən bildiyimiz kimi farsların türklərə nifrəti ermənidən də çoxdur və hər zaman da müsəlman olmaqlarına baxmayaraq, ermənilərə dəstək olmuşdular, erməni ilə türkü müqayisə edərkən, türklərin müsəlman olmasına baxmayraq, onlara düşmən kəsilmişdilər. Buna sübut kimi İranda yaşayan iki yüz min erməninin ana dilində olan dörd məktəbini və otuz milyondan çox Azərbaycan türkünün isə bir dənə də olsun ana dilində məktəbinin olmamasını göstərmək olar.
Tamamən hər bir şeyi qırağa qoyuram. Bu gün bizim millətin başına olmazın oyunlarını açan fars şovinizimini ölkəmizdə müdafiə edən şiə təriqətində olan bəzi (təbii ki, hamı bura aid deyil) “dindarlarımız” var ki, A.Xamneyiyə görə bu gün onun ayıblarını açıb qoyanları öldürməyə hazırdırlar. Bu insanlar içimizdə otura – otura dövlətçiliyimizə kölgə salır, Azərbaycanın müstəqilliyi uğurnda canlarını fəda edən şəhidlərimizin ruhlarına qarşı hörmətsizlik edirlər. Bu yaxında, mənə də həmin dindarlardan xəbər gəldi ki, A.Xamneyiyə qarşı başladığım kompaniyanı bitirməsəm, məni gəlib, evimdə öldürəcəklər. Təbii ki, mən bu kimi xəbərlərdən qorxmuram. İnanıram ki, xalqımız A.Xamneyinin yalançı simasını açdığıma görə mənə dəstək olacaqdır. Gərək, bu gün biz, hamımız bir olaraq, fars şoviniziminin Azərbaycanın öz içində başlatdığı antiazərbaycan təbliğatına qarşı mübarizə aparaq, bu adamların aşkarlanaraq, zərərsizləşdirilməsi üçün əlimizdən gələni əsirgəməyək.
Bu gün Qarabağın qayıtmasını İran niyə istəmir?!
Ona görə ki, əgər, Azərbaycan Qarabağ torpaqlarını qaytarmış olsa, dərhal da ortaya Bütöv Azərbaycan ideyası atılacaq, bu isə İrana sərf etmir. Bu üzdən də Ali dini liderin fətvasına baxmayaraq, onlar özləri əllərindən gələni əsirgəməyərək, Ermənistana dəstək olurlar ki, Qarabağ qaytarılmasın.
Bu gün Güney Azərbaycanda yaşayan qırx milyondan çox həmvətənlərimizdən xəbərimiz yoxdur. Onların orada fars şoviniziminin əlindən nələr çəkdiyini yazmağa qalxsaq, gərək, böyük bir kitab yazaq. Amma mən, bu problemləri yazmağın əleyhinəyəm, hamımız birləşib, bunlara qarşı mübarizə aparmalıyıq.
Bu günlərdə İran ordusunun Baş Qərargah rəisi general Həsən Firuzbadi Azərbaycan dövlətinə xəbərdarlıq edərək, bildirib ki, xalqın oyanışını yatırtmaq olmaz. Bəs, özləri niyə qırx milyondan çox xalqın oyanışını yatırır, başını qaldırıb, azadlıq istəyəni edam edir?! Bununla yanaşı əlli milyondan çox olan Azərbaycan xalqını İran xalqı adlandırıb. Biz bir millət olaraq, bu gün bu adamlara – düşmənlərimizə münasibətimizi bildirməsək, onların Azərbaycanda maliyyələşdirdikləri və Azərbaycan əleyhinə işlətdirdikləri bəzi “dindar”ları zərərsizləşdirməsək, sabah bunlar Azərbaycanı bütünlükdə işğal etmək iddiasıyla çıxış edəcəklər. Mən yüzdə - yüz inanıram ki, fars şoviniziminin əsas məqsədi budur.
Bu gün bəzi İran mövqeyindən çıxış edən Azərbaycan dindarlarının qanına artıq şübhə ilə yanaşıram. Erməniylə əməkdaşlıq edib, onun maraqlarını müdafiə etdin, ya farsla, nə fərqi var ki, ilanın ağına da lənət, qarasına da...