“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 30 avqustda Ramazan bayramı münasibəti ilə İçərişəhərdə yerləşən bütün muzeylərə, Qız Qalası və “Şirvanşahlar Sarayı Kompleksinə” giriş pulsuz olacaq və ziyarətçilərə mədəni irsimiz , tarixi abidələrimizlə tanış olmaları üçün pulsuz ekskursiyalar təşkil olunacaq.
Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Tədbirlər çərçivəsində eyni zamanda “İçərişəhər” tarixi muzeyi tərəfindən “Qədim Şəhərdə bir gün “ adlı tədbir keçiriləcək, 11 nömrəli Xüsusi internat məktəbinin valideyn himayəsindən məhrum uşaqları üçün İçərişəhərdə gəzinti təşkil olunacaq.
Həmin gün saat 11.30da Qız Qalasının qarşısındakı meydanda Dövlət Neft Şirkətinin Nəfəs Alətləri Orkestrinin ifasında konsert proqramı keçiriləcək.
““İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər kəsi Ramazan bayramı münasibəti ilə təbrik edir və Bakının qədim hissəsi və tarixi abidələrimizlə yaxından tanış olmağa dəvət edir”-deyə idarədən bildirilib.
Modern.az