Modern.az

“Eurovision-2012” üçün 25 min nəfərlik "Bakı Büllur Zalı" tikilir

“Eurovision-2012” üçün 25 min nəfərlik "Bakı Büllur Zalı" tikilir

Ölkə

6 Sentyabr 2011, 16:36

Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üçün arenaın tikintisinə başlanılıb. İnşaat işlərini “Alpine Bau Deutchland AG” şirkəti həyata keçirir.

Şirkətin mətbuat katibinin “Eurovisionaz.com” saytına verdiyi məlumata görə, Milli Bayraq Meydanın yaxınlığında tikilən "Bakı Büllur Zalı" idman kompleksinin tutumu 25.000 nəfərlik olacaq. "Alpine Bau Group"un qız şirkəti olan “Alpine Bau Deutchland AG” “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirilməsi üçün namizəd yerlərdən olan "Bakı Büllur Zalı"nın planlaşdırılması və tikintisinə cavabdehdir. “Alpine Bau Deutchland AG”nin layihə üzrə partnyorları - gmp International GmbH, isveçrə şirkətləri olan Nüssli AG və Basler & Hofmann AG, eləcə də avstriya şirkəti GmbH & Co. KG və Münhendən SSF Ingenieure AG-dir.

Məhz "Bakı Büllur Zalı" layihəsinin partnyoru olan Nüssli AG şirkəti Almaniyada keçirilmiş “Eurovision-2011” Mahnı Müsabiqəsinin səhnəsini qurmuşdu ki, bu işə həm də kameralar üçün platforma, şərhçi otaqları, işıqlandırma, səs və Green Room daxil idi.

"Alpine" müasir idman obyektlərinin tikintisində geniş təcrübəyə sahibidir. Bu sıraya Polşada keçiriləcək futbol üzrə Avropa çempionatı AVRO 2012 üçün tikilməkdə olan üç sayda futbol stadionu, Münhendəki Allianz Arena, Avstriyada futbol üzrə Avropa çempionatı-2008 üçün üç sayda stadionun genişləndirmə və yenidən qurma işləri, eləcə də Dubaydakı beynəlxalq kriket stadionu daxildir.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 6 (altı) milyon manat məbləğində vəsait ayrılıb. 

Bu ilin avqust ayının 2-də “Alpine Bau Deutchland AG” şirkəti ilə əsas müqavilə imzalanıb, Kompleksin inşa ediləcəyi ərazi müəyyən edilib.
İnşa edilən İdman-Konsert Kompleksinin müasir standartlara uyğun olaraq layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Müqaviləyə əsasən, “Alpine Bau Deutchland AG şirkəti” Kompleksin tikinti işlərini 8 ay ərzində başa çatdırmalıdır. Xarici görünüşü və daxili dizaynı ilə xüsusi fərqlənən Kompleks beynəlxalq miqyaslı mədəni-kütləvi tədbirlərin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bütün tələblərə və standartlara cavab verəcək.

Müqavilə üzrə nəzərdə tutulmuş işlərin gedişatına nəzarət üçün peşəkar texniki nəzarətçilər cəlb edilib.

“Eurovision-2012” mahnı müsabiqəsi gələn il mayın 22, 24 və 26-da keçiriləcək. Mayın 22-də birinci yarımfinal,  24-də ikinci yarımfinal baş tutacaq.  Müsabiqənin final mərhələsi isə mayın 26-da olacaq.

Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva rəhbər təyin edilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı