Sabirabad sakini məmurlardan şikayətlənir
2010- cu ilin yazında baş verən Kür daşqınları təkcə insanların ev-eşiyinə, təsərrüfatına deyil, həm də bir sıra məmurlara olan inamına da böyük zərbə vurub. Hər gün dövlət başçısına və digər dövlət qurumlarına yüzlərlə şikayət məktubu ünvanlanır. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından Modern.az-a bildirilib ki, vətəndaşlar öz məktublarında Kür daşqınlarının baş verdiyi ötən 16 ayda üzləşdiyi problemlərdən, məmur səhlənkarlığından, laqeydlikdən və özbaşınalıqdan, korrupsiya faktlarından, ədalətsizlikdən bəhs edirlər.
Belə məktubların birini də bu yaxınlarda Sabirabad rayonunun Ulacalı kənd sakini, vaxtilə Azərbaycan SSRİ- nin tərkibində olarkən Kubada vuruşmuş, 2- ci qrup müharibə veteranı, 72 yaşlı Səyyah Əhmədov ünvanlayıb. Ötən ilki Kür daşqınlarından sonra evi bərbad hala düşən müharibə veteranı hazırda imkansız durumda və xəstə vəziyyətdədir. Evinə, təsərrüfatına ciddi şəkildə ziyan dəyən Səyyah Əhmədov indiyə qədər dövlətdən cəmi 100 manat yardım alıb (!?). Halbuki, dövlət başçısının müvafiq sərəncamlarında və Nazirlər Kabinetinin 197 s saylı sərəncamında Kür daşqınlarının təsirinə məruz qalan insanların problemlərinin həll olunması, onların reabiltasiyası üçün müvafiq tapşırıqlar və dövlət yardımlarının edilməsi nəzərdə tutulur ki, bu məqsədlə də dövlət büdcəsindən 320 milyon manatdan artıq vəsait ayrılıb.
Dövlət yardımından və qayğısından kənarda qalan, üzləşdiyi haqsızlıq və ədalətsizliklə bağlı indiyə qədər bütün dövlət qurumlarına müraciət edən müharibə veteranı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək ona köməklik edilməsini xahiş etməklə yanaşı, Qərargahdan Prezident İlham Əliyevə ünvanladığı məktubun ünvanına çatdırılmasına köməklik göstərməsini xahiş edib. Məktubda evinin yaşayış üçün yarasız vəziyyətdə olduğunu bildirən Səyyah Əhmədov xəstə olduğunu, müalicəyə ehtiyası olduğunu, eyni zamanda evinin qəzalı olmasına baxmayaraq dövlətdən heç bir yardım almadığını bildirir.
Müharibə veteranı Səyyah Əhmədov öz məktubunda deyir: “Sizin sərəncamlarınız bizim Sabirabad rayonunun Ulacalı kəndinə gəlib çatmır. Dəhşətli vəziyyətdir ki, 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarından 16 ay ötməsinə baxmayaraq kəndimizdə 117 ailəyə hələ də tam kompensasiya verilməyib. Axi sizin təşəbbüsünüzlə bu istiqamətdə pul ayrıldı. Bəs ayrılan pullar hara xərcləndi? Mən hazırda yataqda müalicə olunuram. Evim qəzalıdır, qabaqdan da qış gələcək. Bəs bizi kim düçünməlidir, biz nə edək, dərdimizi kimə deyək? Vəzifəyə təyin etdiyiniz məmurları insanların taleyi deyil, yalnız pul qazanmaq düşündürür”.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı müharibə veteranı Səyyah Əhmədovun məktubunu Prezident Administrasiyasına və Fövqaladə Hallar Nazirliyinə göndərib.
Modern.az