Modern.az

“Palsüd” məhsullarının keyfiyyətindən xəbəriniz var? (Ekspertlərin rəyi)

“Palsüd” məhsullarının keyfiyyətindən xəbəriniz var? (Ekspertlərin rəyi)

Ölkə

23 Sentyabr 2011, 16:05


Ölkəmizdə müxtəlif sahələr üzrə bir sıra iri şirkətlər fəaliyyət göstərir. Bu sırada həm yerli, həm də xarici şirkətlər də var. Onların xidmətlərindən, istehsal etdikləri məhsullardan Azərbaycan əhalisi bu və ya digər dərəcədə yararlanır. Ümumiyyətlə, onların istehsal etdiyi məhsullar, xidmətlər necədir, keyfiyyət hansı səviyyədədir?  

Modern.az bir müddət öncə “Azersun Holdinq”in istehsal etdiyi məhsullar və “Gilan Holdinq”ə məxsus Qəbələ Konserv Zavodunda istehsal edilən “Jalə” içkilərinin keyfiyyəti barədə ekspertlərin rəyini vermişdi. Həmin vaxt ekspertlər bu şirkələrtin malları barədə birmənalı rəy söyləməmişdilər, “Azersun”un yağları və çaylarının, eləcə də “Jalə” içkilərinin insan orqanizmi üçün zərərli maddələrlə zəngin olduğu qeyd edilib.

Modern.az-ın əməkdaşı bu dəfə ağartı məhsulları sahəsində Azərbaycan bazarının liderlərindən olan “Palsüd” şirkətinin istehsal etdiyi məhsulların keyfiyyəti barədə ekspertlərdən rəy öyrənib.

Palmali Şirkətlər Qrupuna tərkibində 48 müxtəlif müəssisə və cəmiyyət fəaliyyət göstərir. Qrup tabeliyində “Palsüd”lə sənaye sahəsində təmsil olunmağa başlayıb. İlk olaraq 2005-ci ildə “Nursüd” süd və süd məhsulları zavodu təsis edilib. 2008-ci ilin əvvəlindən etibarən “Palsüd” ticarət nişanı adı altında geniş çeşiddə süd məhsullarının istehsalına başlanılıb. “Palsüd” nişanı ilə süd, yoğurt, qatıq, xama, kərə yağı, pendir, süzmə və s. hazırlanır.

Ərzaq Təhlükəsizliyi Uğrunda İctimai Birliyin sədri Zahid Abbasov “Palsüd” şirkətinin istehsal etdiyi məhsullarla bağlı heç bir narazılıq eşitmədiyini bildirib. O hesab edir ki, bu həmin şirkətin keyfiyyətli məhsul istehsal etməsinin göstərcəsidir.

“Hər halda o şirkətin məhsulları mağazaların əksəriyyətində var. Bu günə kimi mən nə mətbuatda, nə də cəmiyyət arasında o məhsullar  barədə narazılıq eşitməmişəm. Bu onu göstərir ki, “Palsüd” şirkəti keyfiyyətli məhsul istehsal edir ki, heç kəs ondan narazılıq etmir. Deməli onların məhsullarında problem yoxdur”.

Birliyin sədri “Palsüd” məhsullarından ailəlikcə nadir hallarda istifadə etdiklərini qeyd edib.

“Südü Bakı kəndlərindən gətirib satanlardan alırıq, elə ondan da qatıq hazırlayırıq. Pendiri isə rayonda yaşayan qohumlarımız göndərir. Yağ alanda isə daha çox xaricdən gətirlən məhsullardan istifadə edirik. Bəzən xama və ya kəsmik alarkən “Palsüd” məhsullarından istifadə edirik”.

Zahid Abbasovun fikrincə, təkcə “Palsüd” yox, elə xaricdən gətirilən bütün məhsullar da mağazalardan götürülüb təhlil olunmalıdır ki, onun içindəki nədir.

“Təəsüf ki, bizdə bu edilmir. Bundan əlavə, bir az öncə qeyd etdim ki, mağazalarda kəsmik satılır, amma üstündə yazılmır ki, bunun istehsalçısı kimdir, tərkibi nədir? Halbuki, qanunvericilklə bunlar hamısı göstərilməlidir. Təəssüf ki, buna əməl edən yoxdur” - deyə birlyiyin sədri əlavə edib.

Azad İslethlakçılar Birliyinin sədri Eyyub Hüseynov də “Palsüd” barədə birliyə bu vaxta qədər hələ bir şikayətin gəlmədiyini bildirib.

Şirkətin istehsal etdiyi məhsullarla bağlı monitorinqlər aparmadıqlarını qeyd edən E.Hüseynov istehlakçılara hər zaman yararlılıq müddəti az qoyulan süd məhsullarını almalarını təbliğ etdiklərini vurğulayıb.

““Palsüd”ə nöqsanım isə onun markalanması ilə bağlıdır. Belə ki, onun bəzi mallarında markalanma, yəni buraxılma və son yararlılıq müddəti qapaqdadır. O qapaq çıxarıla və yenisi qoyula bilər”.

Yaxşı mal haqqında heç vaxt heç nə demədiyini bildirən Eyyub Hüseynov “Palsüd” məhsullarından çox az hallarda istifadə etdiklərini qeyd edib.

Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib ki, onlarda müxtəlif süd məhsulları ilə yanaşı, “Palsüd” məhsullarının da laborator tədqiqtaları aparılır və hələlik həmin məhsullarda insan orqanizmi üçün təhlükəli faktorlar aşkarlanmayıb.

“Bu ilin birinci yarımilliyində bizdə 100-dən çox məhsulun tədqiqatları aparılıb. Onların içərisində “Palsüd” şirkətinin məhsulları da var. Həmin tədqiqatlarda nə qədər məhsulun tədqiqatının aparıldığını bilmirəm, amma deyə bilərəm ki, “Palsüd” dondurmaları və süd məhsullarında hələlik insan orqanizmi üçün təhlükəli faktorlar aşkarlanmayıb”.

İ.Abdullayev ancaq özünün “Palsüd” məhsullarından istifadə etmədiyini bildirib.

“Amma bilmirəm evdəkilər alıb işlədirlər, yoxsa yox. O işlərə mən baxmadığım üçün bilmirəm. Özüm isə istifadə etməmişəm, bəlkə də lazım olsa, istifadə edirəm”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı