Doğma yurdumuzdan - Laçının Oğuldərə kəndindən çıxmağa məcbur olduğumuz 1993-cü il martın 31-dən başımıza gələnləri nəql eləmişdim.
Bu yazıda isə 992-ci il mayın 14-dən 1993-cü il martın 31-dək gördüklərimi diqqətə çatdırıram.
Oğuldərəlilər üçün Dağlıq Qarabağ müharibəsi ermənilərin Laçından Ağdama və əks istiqamətdə gedən avtobusları, minik və yük maşınlarını daşlaması, qabağını kəsməsi, azərbaycanlıları döyməsi, xəsarət yetirməsi ilə başlamışdı. Bakıda, başqa rayon və şəhərlərdə yaşayan oğuldərəlilər kəndə adətən Ağdam-Əsgəran-Xankəndi-Şuşa-Laçın yolu ilə gəlib-qayıdırdılar. 1980-ci ilin sonlarında kəndə gələnlərdən hamı ilk növbədə yolu xəbər alırdı: hansı yolla gəldin, ermənilər yolunuzu kəsdimi, avtobusu daşladılarmı?..
***
Erməni silahlıları kəndlərə tez-tez hücum etdiklərinə, əliyalın günahsız insanları amansızlıqla qətlə yetirdiklərinə görə qonşu Qorçu kəndində hərbi hissə yerləşdirildi. Kənd məktəbinin bir hissəsi hərbçilərin qərargahı idi. Yenicə yaranmağa başlayan Azərbaycan ordusu, ya da könüllü özünümüdafiə batalyonu Qorçuda, dağlarda post qurmuşdu. Qorçuya gedəndə ilk dəfə hərbi geyimli şəxsləri görmüşdüm. Çiyinlərində avtomat vardı, həyətdə hərbi maşınlar dayanmışdı, bir neçə əsgər odun doğrayır, səyyar mətbəxdə yemək hazırlayırdı.
Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistanla quru yolla əlaqəsi kəsilmişdi. Ermənilər hava nəqliyyatından istifadə edirdilər. Xankəndi-Ermənistan hava dəhlizlərindən biri də Oğuldərənin üzərindən keçirdi. Gün ərzində bir neçə vertolyot Ermənistandan Qarabağa və əks istiqamətdə uçurdu. Buna heç kim mane olmurdu. Oğuldərə sakinlərinin bir neçə dəfə vertolyotlara atəş açmasını saymasaq...
***
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım kənddə böyük narahatlıq yaratdı. İnsanlar gününün böyük hissəsini televiziya və radionun qarşısında keçirirdilər. Məktəbdə soyqırım qurbanlarının xatirəsi yad olundu. Dərslərdə fasilə yaranmışdı.
Ancaq 1992-ci ilin yaz aylarında kənddə həyat öz axarı ilə davam edirdi. İlin bu çağında bizim yerlərdə təbiət göz oxşayır. Artıq yazın isti nəfəsi duyulur, dağları ağ ümmana çevirən qar əriyib yox olur, çaylarda axan suya dönür, dağlar və düzənliklər yaşıllaşır, novruzgülü, bənövşə və nərgiz dağların döşünü bəzəyirdi. Payız aylarında isti yerlərə uçub gedən quşlar, mal-qoyun saxlamaq üşün aran rayonlarına köçmüş insanlar geri qayıdırdılar...
Erməni separatçılarının törətdikləri təhlükə, atəş səsləri təbiətin bu gözəlliyinə və füsunkarlığına təsir göstərmək qüdrətində olmasa da, hiss olunurdu ki, artıq adamlar bu gözəllikdən çox da həzz almır, yazın gəlişinə ürəkdən sevinə bilmirdilər. Ancaq kənd sakinlərinin əli işdən soyumamışdı. Hamı bağ-bostanını əkib-becərir, yaylağa köçməyə hazırlaşırdı. Heç kəs Laçının işğal olunacağına inanmırdı.
***
1992-ci ilin may ayının 8-i Azərbaycan tarixinə və xalqımızın yaddaşına qara hərflə yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa düşmən caynağına keçdi. Artıq hamının qulağı səsdə idi, kənd sakinləri arasında yalnız bir məsələ müzakirə olunurdu: Laçının və bizim taleyimiz necə olacaq? Laçın da düşmən əlinə keçəcək? Bu arada şayiələr də sürətlə yayılır, kənd sakinlərini qorxu içində saxlayırdı. Şuşa işğal olunduqdan sonra Oğuldərə məktəbində dərslər dayandı. Nə şagirdlər məktəbə gedirdi, nə də müəllimlərdə dərs demək həvəsi qalmışdı.
1992-ci il may ayının 14-ü idi. Bakıdan gəlmiş maşınlar kəndə çatdı. Maşınları Bakıdan Oğuldərəyə kənd sakini Baxşeyiş Ağayev gətirmişdi. O bildirdi ki, artıq Laçın tamamilə boşalıb, rayon mərkəzində hərbçilər və polislərdən başqa, demək olar ki, heç kim qalmayıb. Oğuldərə rayon mərkəzindən 70 kilometr uzaqda yerləşdiyindən Laçında hansı hadisələrin baş verdiyindən çətin xəbər tuta bilirdik, bəzi hallarda isə bu məlumatlar doğru olmurdu.
***
Heç kim kənddən çıxmaq istəmirdi. Böyüklər bir yerə yığılıb xeyli məsləhətləşdilər. Hətta Bakıdan gələn maşınları geri qaytarmaq istəyirdilər. Amma fikirlərini dəyişdilər. Qocaları, qadınları və uşaqları daha təhlükəsiz yerə köçürmək qərarına gəlmişdilər.
Bakıdan gələn maşınlarla yalnız bir evin əşyalarını köçürmək olardı. Bu səbəbdən hər evdən bir neçə xalça, yorğan-döşək götürmək mümkün oldu. Qoca-qarını, uşaqları və qadınları maşınlara yığdılar. Hamı ağlaşır, heç kəs ev-eşiyindən ayrılmaq istəmirdi.
Düşmən təhlükəsi yaxınlaşırdı, ermənilər Laçının rayon mərkəzinə yaxın kəndlərini işğal edib evləri yandırırdılar, tüstü göyə qalxırdı. Bakılı sürücü burada vəziyyətin belə ağır olduğunu təsəvvür etmirmiş, gördüklərindən dəhşətə gəlmişdi, ciddi təlaş keçirir, bizi tələsdirirdi. Beş evin hərəsindən bir neçə kiçik əşyanı maşına yığdılar, 40 nəfərə qədər adam üçün yer saxladılar.
Yola düşməyə hazırlaşarkən məlum oldu ki, erməni silahlı dəstələri Laçının mərkəzini işğal edib və Laçın-Qubadlı yolunu bağlayıblar. Yalnız bir yol - Murovdağdan aşan Laçın-Kəlbəcər-Xanlar (hazırkı Göygöl rayonu) yolu ilə hərəkət etmək imkanı qalırdı. Murovda isə, demək olar, ilin bütün fəsillərində qar olur və hər maşın bu dağ yolunda hərəkət edə bilmir.
Atam dedi ki, Tərtər rayonunun Hüsənli kəndinə gedəcəyik. Bu kənddə dayılarım - Hüseyn və Həsən Talıbovlar yaşayırdı. Atam bacı-qardaşlarımı dayımgildə qoyub Oğuldərəyə qayıdacaqdı. Mənə dedi ki, kənddə qal, mal-qoyunu saxlamaqda anana kömək elə.
Maşına yığılanda nənəm Rəhimə İbrahimova getməkdən imtina etmişdi. Atam nə qədər təkid etsə də, xeyri olmadı. Amma atam nənəmi də aparmaqda qərarlı idi. Maşının yola düşməsinə az qalmış nənəm sanki qeybə çəkildi. Evdə, həyətdə, qonşuda axtardıq, tapa bilmədik. Atam nənəmin qalmasından bərk narahat oldu, gözləri arxada qaldı.
***
Maşın Kəlbəcər istiqamətində yola düşdü. Ağlaya-ağlaya atamdan, bacı-qardaşlarımdan ayrıldım. Anamla evə qayıtdıq. Az sonra nənəm də gəlib çıxdı. Məlum oldu ki, nənəm kəndin aşağı hissəsi ilə axan çay yuxarı gedib, orada oturub və maşının getməsinə əmin olduqdan sonra evə qayıdıb. Anam gileyləndi. Dedi ki, ermənilər gəlir, burada qalmaqla nə etmək istəyirsən, ermənilər səni də Xocalı qadınları kimi əsir aparsa, oğlun camaat içinə necə çıxar, deməzlərmi ki, niyə ananı orada qoyub gedirdin, özünlə aparmırdın?
Nənəmsə fikrindən dönmək istəmirdi: “Heç hara gedən deyiləm, ermənilər bura gələ bilməzlər, gəlsələr də, qayaların arasında gizlənəcəm, onlar gedəndən sonra evə qayıdacam”.
***
Axşam düşürdü. Mal-qoyun örüşdən qayıtdı, tövləyə yığdıq, anam inəkləri sağdı. İşi yekunlaşdırıb evə getdik. İşıqlar yanırdı. Anam çay dəmlədi, qatıq, pendir, çörək yeyib yatdıq. Həmişə rahat olduğumuz doğma evimiz indi bizi sıxırdı. Atam, qardaşlarım, bacılarım getmişdi, həmişə səsli-küylü, abad evimizə qəm çökmüşdü. Həyətdə bir yerdə oynadığım, birlikdə qoyun-quzu otardığım qonşu uşaqlar da yox idi, onlar da getmişdi, tək qalmışdım.
Anam maşınla yola düşənlərin sağ-salamat getməsi üçün dayanmadan Allaha dua edirdi. Allahı, peyğəmbəri, “Quran”ı, imamları, seyidlərin cəddini köməyə çağırırdı. Erməniləri lənətləyirdi. Deyirdi ki, Allah, kafirlərin ağzını, gözünü yum, bura gələn yollarını bağla… Mənə danışdı ki, ilk dəfə deyil ermənilər bizi öz evimizdən, torpağımızdan didərgin salır, tarixdə bir neçə dəfə belə olub.
Nənəm kənddən çıxanlardan ciddi narazı qalmışdı. Deyirdi ki, insanlar küyə düşüblər, erməni təhlükəsi yoxdur, camaat evini qoyub hara gedir? Belə düşünən yalnız nənəm deyildi. Yaşlı nəsli erməni təhlükəsinin real olmasına inandırıb kənddən çıxarmaq, başqa yerə köçürmək heç də asan deyildi. Baxmayaraq ki, üç ay əvvəl - fevralın 26-da ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımdan, qocaların, uşaqların amansızcasına qətlə yetirilməsindən hamının xəbəri vardı. Amma yaşlı nəslin böyük əksəriyyəti kəndi tərk etmək istəmirdi.
Atam danışır ki, 1993-cü ildə ermənilər Oğuldərəni ikinci dəfə işğal edəndə 70 yaşlı Temir İbrahimov kənddən çıxmaqdan qəti imtina edirdi. Laçın cəbhəsində döyüşən Azərbaycan ordusu mövqelərini tərk etmişdi, ermənilər Oğuldərəyə yaxın kəndləri də işğal etmişdi, evləri yandırmışdılar, tüstü göyə qalxmışdı, Temir İbrahimov isə hələ kənddən çıxmaq istəmirdi. bir neçə nəfər çətinliklə onu getməyə razı salmışdı. (Temir İbrahimov, oğlu Ağaşirin İbrahimov və bacısı oğlu Mötəbər İbrahimov 1993-cü ilin aprelin 3-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində ermənilərlə döyüşdə itkin düşüblər, onların taleyindən bu gün də xəbər yoxdur).
Yaşlı nəslin belə düşünməsi səbəbsiz deyildi. Əvvəla, heç kim doğulduğu, boya-başa çatdığı doğma torpağını, kəndini, evini atıb getmək, ömrünün ahıl çağında qaçqın həyatı yaşamaq istəmirdi. İkincisi, yaşlı nəsil ermənilərin bizim torpaqları işğal etmək gücündə, qüvvəsində olduqlarına, bunu bacaracaqlarına inanmırdı. Deyirdilər ki, ermənilər Oğuldərəyə heç vaxt gələ bilməzlər, gəlsələr də, burada qala bilməzlər. Yaşlı nəslin gözündə ermənilər at nalı düzəldən, taxtadan alətlər kəsib satan, qaranlıq düşəndə qorxudan çölə çıxa bilməyən, qan görəndə özündən gedən varlıqlardı. Erməninin Azərbaycan torpaqlarını işğal edəcək gücdə olduğuna inanmırdılar.
***
Səhər açıldı. Bu səhər başqa bir səhər idi. Kənd boşalmışdı. Gecə bir neçə ailə də maşınlara yığılıb getmişdi, yatdığıma görə bundan xəbərim olmamışdı. Anam dedi ki, gözümə yuxu getməyib, səhərə qədər yatmamışam. Anam maşınla gedən körpə övladlarından nigaran idi.
Mal-qoyunu örüşə ötürdük. Əlimiz hər şeydən soyumuşdu. Anam quzuları qoyunlardan ayırmamağı tapşırdı. Bizim yerlərdə yaz aylarında quzuları qoyunlardan ayrı otarırlar. Qoyunları sağıb südündən pendir tuturlar. Bir yerdə otlayanda quzular qoyunları əmir, südü qalmır. Anam dedi ki, pendiri kim üçün hazırlayacam, evdə heç kim qalmayıb.
Bir-iki tikə çörək yedik, boğazımızdan güclə keçirdi yediyimiz...
Kənddə mal-qoyuna baxmaq üçün bir neçə qadın, əsasən isə kişilər qalmışdı. Evlərin əksəriyyətində yalnız bir nəfər vardı. İnsanlar kəndin ortasına toplanır, danışıb, dərdlərini bir-biri ilə bölüşüb dağılırdılar, dərənin bu tayından o tayına bir-birini çağırıb vəziyyətin necə olduğunu, yeni xəbər olub-olmadığını soruşurdular. Hər kəs bildiyini digəri ilə bölüşürdü. Real vəziyyətlə bağlı doğru məlumat almaq isə çətin idi. Yəqin ki, insanların bir-birinə verdikləri məlumatlar daha çox şayiələr idi. Müharibə bölkəsində şayiə ildırım sürəti ilə yayılırdı.
İnsanlar Oğuldərədən çıxırdı. bir neçə nəfər mal-qoyununu da çıxarmışdı. Yük maşınları tapılmadığına görə ev əşyalarını aparmaq mümkün olmurdu.
Günorta işıqlar söndü. Işiqlar Oğuldərədə sonuncu dəfə mayın 15-də yanıb. Nənəm həyətdə daşın üstündə oturmuşdu. Məlum oldu ki, kəndin qurtaracağında yaşayan bibimin ailəsi maşın olmadığına görə gedə bilməyib. Körpə uşaqlar da daxil olmaqla, ailənin bütün üzvləri kənddə idi. Nənəm bibimgilə getdi.
Mal-qoyun örüşdən qayıtdı. Artıq qaranlıq düşmüşdü. Anam çıraq yandırdı, bayatı deyib ağlaya-ağlaya mal-qoyunu tövləyə yığdı, mən də ona kömək elədim. İşi qurtarandan sonra öz evimizə getmədik. Anam söylədi ki, evimizdə qalmağımız təhlükəlidir, gecə ermənilər hücum edər, camaat qaçar, xəbərimiz olmaz. Qonşumuz Arif Zülfüqarovun evinə getdik. O, qoca valideynlərini, övladlarını qohumların evində yerləşdirmək üçün maşınla getmişdi. Evdə yalnız həyat yoldaşı Fatimə Zülfüqarova qalmışdı.
Az sonra bir neçə nəfər də gəldi. Onlar da ailə üzvləri getmiş, evdə tək qalan kəndlilər idi. Dedilər ki, gecə nə olacağını heç kim bilmir, evdə tək qalmağa ehtiyat edirik. Yemək bişirməyə heç kimin həvəsi olmamışdı, çıraq işığında pendir, qatıq, çörək yedik, çay içdik. Hamının üzündə kədər, qəm vardı, maşınla gedənlərin məsələsi müzakirə olunur, kimin ailəsinin harada, hansı qohumun evindəqalacağı haqda danışılırdı. Əsas narahatlıq isə qarlı-şaxtalı Murov dağının necə aşılacağı idi. Erməni işğalına qədər Oğuldərədən heç kimin yolu Murovdan düşməmişdi, bəlkə də əksəriyyət bu dağın adını ilk dəfə eşidirdi. İndi isə qarlı və şaxtalı Murov erməni cəlladlarından yaxa qurtarmaq üçün yeganə ümid yolu idi.
Evdə kiçik radioqəbuledici vardı. Çıraq işığında hamı radionun ətrafına toplanıb diqqətlə xəbərləri dinləyirdi. Radio isə elə bir ciddi xəbər vermədi. Xəbərlər daha çox Bakıda baş verən siyasi proseslər haqdaydı. Radiodan eşitdiyimiz “Ermənilər Laçın rayonuna hücumlarını intensivləşdiriblər” xəbəri isə bizim üçün yenilik deyildi, Oğuldərə sakinləri bunu bilirdi. Ermənilərin Laçının mərkəzini işğal edib-etməməsi, düşmənin harada dayanması haqda məlumat verilməməsi insanları əsəbiləşdirmişdi.
Siyasi xəbərlər, həmişə olduğu kimi, çıraq işığında oturanlar arasında da ciddi müzakirələrə səbəb oldu, “siyasi müzakirələr” bir xeyli davam etdi. Fikir ayrılığı yaradan əsas məsələ ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə görə hansı siyasi qüvvənin və siyasətçinin günahkar olması idi.
Oğuldərəlilər arasında ən populyar şəxs Laçın alayının komandiri Arif Paşayev idi.
Gecədən xeyli keçmişdi, yatmaq vaxtı idi. Heç kim paltarını soyunmadı, ermənilər gecə hücum etsə, geyinməyə vaxt olmaya bilərdi.
***
Səhər açıldı. Laçının kəndlərindən bir neçə ailə mal-qoyununu çıxarıb gecə Oğuldərə ərazisinə gəlmişdilər. Kəlbəcər istiqamətində gedirdilər. Ermənilər gecə hücum etmişdilər, onlar çətinliklə qaçıb qurtulmuşdular. Deyirdilər ki, vəziyyət çox ağırdır, ermənilər kəndləri işğal edir, evləri yandırır. Bizə də çıxmağı məsləhət gördülər.
Mal-qoyunu örüşə ötürdük. Anam kəndlə üzbəüz yerləşən Çalbayır dağına gedib az sonra geri qayıtdı. Söylədi ki, kənd xarabalığa oxşayır, bir evin bacasından tüstü çıxmır, qonşu Zağaltı və Qorçu kəndlərində də eyni vəziyyətdir. Anam dedi ki, Məhəmməd İbrahimovun evinin qarşısında yük maşını dayanıb, ev əşyalarını yığırlar. Məni yola salmaq qərarına gəlmişdi, “hazırlaş” dedi. Bir kisəyə kiçik əşyalar - süfrə, parça, adyal yığdı, birlikdə Məhəmməd İbrahimovun kəndin yuxarı hissəsində yerləşən evin qarşısına getdik.
Məhəmməd İbrahimovun qardaşları Sərdar, Əjdər, Əli də burada idi. Onlar atamın bibisi oğlanlarıdır. “KAMAZ” markalı maşına kuzovdan yuxarı yük yığılmışdı. Əşyalar bir ailənin deyildi, qardaşların hər birinin evindən bir qədər əşya götürülmüşdü, ümid yeri kimi. Anam dedi ki, İmdad mal-qoyuna baxmaqda kömək etmək üçün qalıb, amma qorxuram, daha qalmasını istəmirəm, onu da özünüzlə aparın. Soruşdular ki, hara aparaq. Anam cavab verdi ki, ailə üzvlərimiz Tərtər rayonunun Hüsənli kəndinə - qardaşlarımın evinə gediblər. Özünüz hara gedirsiz, İmdadı ora aparın, sonra Hüsənliyə yola salarsız. Razılaşdılar.
Maşın yüklə dolu olduğuna görə kuzova qalxmaq mümkün deyildi. Kabinədə isə sürücüdən başqa üç nəfər oturmuşdu. Sərdar İbrahimov, həyat yoldaşı Rahilə İbrahimova və Məhəmməd İbrahimovun həyat yoldaşı Səfa Paşayeva.
Maşın yola düşməyə hazırlaşırdı. Anamla vidalaşdım, məni bağrına basıb öpdü, ağladı: “Səfa müəllimə, İmdadı sizə, sizi də Allaha tapşırıram”. Rahilə İbrahimova məni dizlərinin üstündə oturtdu.
Hamı hönkür-hönkür ağlayırdı. Maşın Oğuldərənin ortasından keçdi. Anam evə qayıtmışdı, həyətdə tək dayanmışdı. Maşın kəndi tərk etdi. Gözlərimi dağlardan çəkə bilmirdim...
***
Heç də bütün insanlar həyatlarının sonunadək doğulduqları yerdə yaşamırlar. Milyonlarla insan təhsil, iş, yaxşı yaşayış ümidi ilə doğma kəndini, rayonunu, ölkəsini tərk edir. Elə Oğuldərədən də onlarla insan başqa şəhərlərdə, rayonlarda məskunlaşmışdı. Amma bizim köçməyimiz faciə idi. Çünki evimizdən, kəndimizdən könüllü çıxmırdıq, bizi buna məcbur edirdilər, təhsil, iş, yaxşı yaşayış ardınca getmirdik, erməni quldurlarından qurtulmaq, sağ qalmaq üçün başqa çıxış yolumuz yox idi. Həyatda insan üçün ən ağır dərdlərdən biri də doğma torpağını, kəndini, evini məcburiyyət qarşısında tərk etməkdir.
Hara getdiyimizi bilmirdik...
Bu dünyada bir qəriblik dərdi var. İstər könüllü, istərsə də məcburiyyət qarşısında öz doğma elindən köçüb başqa yerlərdə - qürbətdə yaşayanlara həm də qərib deyirlər. Bizim tərəflərdə qəribə xüsusi qayğı ilə yanaşırdılar. Başqa rayonlardan, hətta qonşu kəndlərdən Oğuldərəyə gəlin köçəndə hamı deyirdi ki, filankəs qəribdir, burda heç kimi yoxdur, ona dayaq olmaq lazımdır. Anam, nənəm həmişə deyərdilər ki, filankəs qəribdir, qürbət ellərdə yaşayır, onun vəziyyəti yaxşı ola bilməz.
İndi isə Oğuldərə bütün elliliklə qəribə çevrilirdi, qürbətə köçürdü. Məcburən...
ağaltı, Qorçu kəndləri də boşalmışdı. Maşın Qorçu kəndini keçib yeni çəkilən Laçın-Kəlbəcər yoluna çıxdı. Çilgəz dağında dəhşətli vəziyyət vardı, insanın ürəyini göynədən, tüklərini biz-biz edən mənzərə yaranmışdı. Qışdan qalan qar əridiyinə, yaz yağışı yağdığına görə yol palçıq idi, insanlarla, yüklə dolu maşınlar Çilgəz dağına çətinliklə qalxırdı, piyada gedənlər, mal-qoyun bir-birinə qarışmışdı, ağlayanların naləsi ərşə dirənmişdi.
Günortaya yaxın maşın Çilgəz dağını aşıb Kəlbəcər ərazisinə keçdi. Yol kənarında yerləşən və adını indi də bilmədiyim bir kənddə dayandıq. Sürücü maşını bir evin qarşısında saxladı. Bura sürücünün evi idi, düşüb valideynləri ilə görüşdü, az keçmiş geri qayıtdı və yolumuza davam etdik. Tuneldən keçib, Qamışlıdan ötüb Murov istiqamətində getdik. Murovun ətəyində olan sonuncu kənd Yanşaqdır. Bu kəndə çatanda axşam düşürdü. Keçib gəldiyimiz ərazilərdə gözəl yaz havası vardı. Yanşaqda isə hava soyuq və çiskinliydi, narın yağış yağırdı. Murovun ətəyində isə əsl qış hökm sürürdü.
Bizim yerlər də dağlıqdır. Amma ilk dəfə idi belə sərt dağa rast gəlirdim. Murovun ətəyindən baxanda sonu görünmürdü. Qarla örtülü dağda sərt döngəli yol çəkilib. Dağın ətəyində yol palçıq, bir necə döngə qalxanda qarlı, yuxarı hissə isə buzdur.
Qaranlıq düşmüşdü, sulu qar yağırdı, yolda tıxac yaranmışdı. Sürücü dedi ki, hətta yol açıq olsa belə, gecə getmək təhlükəlidir, yuxarı hissələr buzdur, yüklə dolu maşınla gecə dağı aşmaq olmaz, əgər dağı aşa bilməsək, yuxarı hissələrdə qalsaq, şaxta bizi qırar: “Ona görə də Murovun aşağı hissələrində qalsaq yaxşıdır”.
Sərdar İbrahimov sürücünün sözlərindən narazı qaldı. Dedi ki, bunu vaxtında deyəydin, kəndlərdən birində dayanardıq, səhər tezdən yola düşərdik. İndi nə edək, nə geri qayıtmağa imkanımız var, nə də dayanmağa.
“KAMAZ” tıxacda dayanmışdı, işlək vəziyyətdə idi. Maşının sobası yanırdı, ona görə də çölün soyuğu içəridə o qədər də hiss olunmurdu. Yol üçün bir qədər çörək götürülmüşdü, gündüz bir-iki tikə yemişdik. Axşam düşəndə yatmışam, sonra nə olduğunu xatırlamıram.
Yuxudan səhər oyandım. Maşın xeyli irəliləmişdi, Murovun yuxarı hissəsində dayanmışdı, yol yenə də tıxac idi. Laçından olanlar mal-qoyununu bura qədər gətirmişdi, amma şaxta xeyli heyvan qırmışdı, yol leşlə dolu idi.
Sərdar İbrahimov dedi ki, maşının kuzovuna qalx, yeşiklərdə olan toyuq-cücəyə dən, su ver. Kuzova qalxdım, əşyaların üzərinə çəkilən çadırı qaldırdım. Şaxtadan xeyli toyuq-cücə qarılmışdı, leşləri yerə atdım, sağ qalanlara dən, su verdim.
Yavaş-yavaş Murova qalxırdıq, günorta dağı aşdıq. Murovun Xanlar (Göygöl) üzündə də relyef çox sərtdir, maşın qarlı, buzlu yolla yavaş-yavaş aşağı enirdi.
***
Bərdə rayonunun Ağalı kəndinə, Sərdar İbrahimovun qohumlarının evinə gəldik, əşyalar boşaldıldı, maşın getdi və biz burada məskunlaşdıq. Böyük ailə idi, evdə dindar qadın vardı. Bu ailə seyid nəslindəndir.
Nə Oğuldərədə qalan anamdan, nənəmdən, nə də mayın 14-də maşınla kənddən gedən atamdan, bacılarımdan, qardaşlarımdan xəbər vardı, harada olduqlarını bilmirdim. Onların da məndən xəbərləri yox idi.
Tanımadığım bir ailəyə sığınmışdım, hər gün sıxıntı ilə keçirdi. Utana-utana süfrə arxasında oturmaq, ev yiyəsinin əlinə baxmaq, bir hərəkət edəndə icazə almaq adamı üzürdü. Baxmayaraq ki, ev sahibi böyük qonaqpərvərlik göstərirdi, bizə qayğı ilə yanaşırdı, əlindən gələni edirdi.
On günə yaxın burada qaldım, məni Hüsənliyə, dayım evinə aparmağa adam tapılmırdı, arxamca gələn də yox idi, gözlərim yollarda qalmışdı.
Sonra məni əvvəlcə Bərdənin Alpout kəndinə, oğuldərəli Valeh İlyasovun evinə apardılar. Bir neçə gün də burada qaldım.
Nəhayət, məni dayım evinə, bacı-qardaşlarımın yanına gətirdilər. Nənəm də burada idi. Görüşəndə çox sevindik. Bacı-qardaşlarımın sağ çıxmasına, nənəmin də kənddə qalmamasına çox sevindim.
Atam bacı-qardaşlarımı Hüsənliyə gətirib dayım evində yerləşdirdikdən sonra yenidən kəndə qayıtmışdı. Maşın tutub bəzi ev əşyalarını çıxarıb Hüsənliyə gətirmişdi. Bir neçə qohumun da ev əşyalarını dayım evinə gətirmişdi. Nənəmi də həmin maşınla çıxarmışdı.
Mən Hüsənliyə gələndə atam-anam burada yox idi. Anam piyada mal-qoyunu gətirirdi. Atam da yenidən geri qayıtmışdı.
***
Dayım evinə bizdən başqa üç ailə sığınmışdı. Biz dayımın ailəsinin yaşadığı evdə olurduq. İki ailə həyətdəki digər evdə məskunlaşmışdı. Bir ailə üçün həyətdə çadır qurulmuşdu. Dayımın həyətində iyirmidən artıq uşaq vardı, bir yerdə oynayırdıq, dalaşırdıq, qonşuların meyvə bağlarını daşlayırdıq. Yemək zamanı süfrə arxasında qırxdan artıq adam otururdu. Dayılarım bizə böyük qayğı ilə yanaşırdılar. Böyük dayım Hüseyn Talıbovun həyat yoldaşı Nüşabə Talıbova hər gün çörək bişirir, gündə üç dəfə yemək hazırlayıb süfrə açırdı. Amma bir dəfə də olsun bu ağır əziyyətindən narazılıq etmirdi.
Qardaşım Babəklə təsərrüfat işlərində dayıma kömək edirdik, mal otarırdıq. Havalar isinmişdi və bu bizə ciddi əziyyət verirdi. Qaçqın düşənədək biz belə isti görməmişdik. Həmişə dağlıq yerdə yaşadığımıza görə aranın istisinə dözə bilmirdik. Ata-anamdan isə xəbər tuta bilmirdik.
Bir neçə gündən sonra atam Hüsənliyə gəldi. Tək gəlmişdi, anam yox idi, mal-qoyunu da gətirməmişdi. Dedi ki, Murovu aşmışıq, dağın Xanlar (Göygöl) rayonu ərazisində məskunlaşmaq qərarına gəlmişik. Atam söylədi ki, bir-birinə qohum olan bir neçə oğuldərəli ailə Murovun ətəyində qalmaq qərarına gəlib. Bu ailələr uzaq rayonlara getmək istəməmişdilər, Laçına, Oğuldərəyə daha yaxın yerdə məskunlaşıb kəndimizin erməni işğalından azad olunmasını gözləməyi və geri qayıtmağı nəzərdə tutmuşdular. Atam da qohumlardan ayrı düşmək istəmədiyinə və tezliklə geri qayıtmağa ümid etdiyinə görə Murovun ətəyində məskunlaşmağı qərara almışdı.
Dayılarım buna etiraz etdilər. Bildirdilər ki, həm ailəmizin məskunlaşması, həm də mal-qoyunun saxlamağımız üçün hər cür kömək edəcəklər. Ona görə də Murovda qalmamağı, Hüsənliyə gəlməyi təklif etdilər. Atam razı olmadı. Dedi ki, nə qədər yaxın və əziz insan olsa da, heç kimin evində məskunlaşa bilmərəm, çadır olsa da, bilərəm ki, özümünküdür. Dayımgilə sığınan insanlar da Murovda məskunlaşmağımıza etiraz etdilər, amma atam qərarlı idi.
***
Murovun ətəyinə qayıdırdıq, atam qoşqulu traktor gətirdi, gündəlik istifadə üçün zəruri olan ev əşyalarını traktorun qoşqusuna yığdıq, özümüz də həmçinin. Səhər tezdən yola düşdük. Böyük dayım Hüseyn Talıbov da bizimlə getdi. Traktor yavaş-yavaş irəliləyir, biz də atamıza suallar yağdırırdıq. Kəndə nə vaxt qayıdacağıq? İndi Oğuldərədə ermənilər varmı? Bizim evi yandırıblar? Getdiyimiz yerdə ev var? Anam haradadır? Mal-qoyunumuz sağdır? Filankəs əmigil də bizim olduğumuz yerdə yaşayacaq? Qonşu uşaqları yenə görəcəyik? Bura haradır? Nə vaxt çatırıq?
Hacıkəndi, Toğananı keçdik. Toğana Murovun Xanlar üzündə sonuncu kənddir, Xanlar-Kəlbəcər yolu ilə Murov istiqamətində xeyli getdik, kənddən uzaqlaşdıq. Təbiət göz oxşayırdı, yaşıl meşələr, dağlar, gül-çiçək idi. Bura Oğuldərəni xatırladırdı, oxşarlıq çox idi. Günorta Murovun ətəyinə yetdik, traktor çayın kənarında dayandı. Atam dedi ki, çatmışıq, çayın digər sahilindəki obanı göstərdi, orada məskunlaşdığımızı bildirdi. Burada xeyli adam çadır qurmuşdu, ailəsini bura gətirmişdi. Yenidən görüşməyə ən çox sevinən uşaqlar idi, bir yerdə oynamaq, gün keçirmək imkanı olacaqdı.
***
Sahilində məskunlaşdığımız çayın adı Kürəkçay idi. Mənbəyini Murovun qarlı yüksəkliklərindən, dağlardan alır. Çay bol sulu və gur idi.
Traktordan düşdük, anam çayı keçib yanımıza gəldi, bizi bağrına basdı, ağladı. Onu görəndə üzümüz güldü, sevincimizin həddi-hüdudu yox idi. Axı bizim anadan ayrı düşmək yaşımız deyildi, böyüyümüzün 13, kiçiyimizin 4 yaşı vardı. Mənim 12 yaşım təzəcə tamam olmuşdu. Ana nəvazişi üçün çox darıxmışdıq…
Atam bizi çaydan keçirdi. Traktor çayı adlayıb alaçıqlar qurulan yerə gələ bilmədi, əşyaları boşaltdılar. Qohumlar əşyaları çaydan keçirməyə kömək etdilər.
Çaydan bir qədər aralıda böyük bir daşın dibini yurd yeri seçdik, humanitar yardım kimi verilən çadırı qurduq. Hərbçilər üçün səhra çadırı idi. Qohumlar kömək edirdilər, ancaq alaçığın qurulması əziyyətlə başa gəldi və xeyli vaxt apardı. Axşam düşürdü, çadırın içini rahatlaya bilmədik, yamaçı qazıb düzəltmək sabaha qaldı. Əşyaları çadıra yığdıq. İndi bura bizim evimiz idi. Yataq otağı, qonaq otağı, yemək otağı, mətbəx - hamısı bu humanitar yardım çadırından ibarət idi. Amma atam haqlıydı, hər halda bu bizim özümüzə məxsusuydu.
Anam yemək bişirdi. Bir aydan artıq davam edən ayrılıq sona çatmışdı, çıraq işığında süfrə başına toplandıq. Nənəm Allaha şükür edib dedi ki, nə yaxşı sağ-salamat bir yerə yığıla bildik: “Öz çörəyimiz, öz süfrəmizdir, gərək adamın başını daldalamaq üçün bir yeri olsun. Bu günə də şükür, nə qədər kiminsə yanına sığınmaq olar…”
***
Anam kənddən necə çıxdıqlarını, yolda başlarına gələn faciələri danışdı. Məni yola salandan sonra Oğuldərədə bir gün qalmışdılar: “Kişilər Arif Zülfüqarovun evinin qarşısına yığılıb məsləhətləşdilər. Dedilər ki, Laçın işğal olunub, Azərbaycan ordusu öz mövqelərini tərk edib, ermənilər hər an Oğuldərəyə gəlib çıxa bilərlər. Ona görə də kənddə qalmaq təhlükəlidir.
Kənddən çıxmaq qərarına gəldik. Mal-qoyunu örüşə ötürmüşdük, bir neçə nəfər gedib heyvanları yığıb gətirdi. Atları yəhərlədik, evdən bir yorğan, çörək və bir qədər də un götürdük, mal-qoyunu yığıb kənddən çıxdıq.
Hamı ağlayırdı, isti ev-eşiyimizi, doğma kəndimizi tərk etmək asan deyildi. Həmin gün Sarıyoxuşa gəldik. Burada insan, heyvan əlindən tərpənmək mümkün deyildi, Laçının mərkəzi tutulduğuna və Laçın-Qubadlı yolu bağlandığına görə kəndlərdə qalan insanların Kəlbəcər istiqamətinə üz tutmuşdular. Qorçu, Zağaltı kəndlərindən tanış olan xeyli adam gördük. Kəlbəcərin Tirkeşəvənd kəndinin yaxınlığına gəldik. Köçü orada tökdük, gecəni orada qaldıq.
Həmin gün atanız gəlib çıxdı. Soraq edə-edə gəlib bizi tapmışdı. Ev əşyalarını çıxarmaq üçün maşın gətirmişdi. Dedi ki, gedək kəndə, əşyaları yığaq. Arif, Fatimə, Mötəbər, Güləbətin, Təvəkkül, Ağaşirin, Məmmədalı, Cənnət maşına mindilər. Onlar da kənddən ev əşyalarını gətirməyə gedirdilər. Kəndə yollandıq. Sarıyoxuşu aşanda Lolabağırlı kəndinin güneyində yolun içində bir maşın durmuşdu. Bizim sürücü istədi ki, dayanmış maşının yanından keçsin, elə bildi yol yaxşıdır. Amma maşın uçuruma düşdü, adamların qışqırtısı göyə qalxdı. Maşın bir qədər silkələndi, amma uçurumdan çıxdı. Təhlükədən sağ qurtardıq. Əvvələr bu dağlardan baxanda kəndlərdən işıq gəlirdi. Yollarda maşınların ardı-arası kəsilmirdi. İndi dağlar sanki yas içindəydi, hər yer səssizlik idi.
Axşam kəndə çatdıq. Kənd min ilin xarabalığına oxşayırdı, heç kim yoxuydu. Maşın evdəki bütün əşyaları yığmaq üçün kifayət edirdi. Amma qonşularımız da evdən heç nə aparmamışdı. Ona görə də maşına çox az şey yığdıq. Bir neçə ailənin əşyalarından da götürdük və kənddən çıxdıq. Səhərə yaxın Tirkeçəvəndə çatdıq. Maşın Tərtərin Hüsənli kəndinə gedirdi. Atanız dedi ki, sən maşınla get, mən mal-qoyunu gətirim, razı olmadım. Tirkeşəvənddə maşından endim.
Mal-qoyun otlaması üçün sahə yox idi. Yerimizi dəyişməyə məcbur olduq, çayı keçib güneyə adladıq, meşənin içində köçü tökdük.
Gecəni orada qaldıq. Tikili yox idi, çadır qurmaq imkanımız olmadı. Yorğanı üstümüzə atıb yatdıq. Gecə güclü qar yağdı, şaxtadan donmuşduq, yorğanlarımız su idi. Ocaq qaladıq, xeyri olmadı, soyuq bizi taqətdən salmışdı. Şaxta, boran, qar mal-qoyunu qırırdı.
Səhər açıldı. Yanımıza bir neçə nəfər gəldi. Oğuldərəlilərin Kəlbəcər rayonundan olan qohumlarından idi. Bizə meşə yuxarı getməyi, meşənin ortasında olan mağarada daldalanmağı məsləhət gördülər. Əşyaları atlara yüklədik, mal-qoyunu yığıb mağaralar olan əraziyə gəldik. Bura bizdən əvvəl köç düşmüşdü, bir hissəsi oğuldərəlilər idi. Çətinliklə mağarada yerləşdik və iki gecə burada qaldıq.
Sulu qar yağdı. Mağaraya su doldu, yorğanlarımız, paltarımız yaş oldu, dəyişmək üçün əlavə paltar yoxuydu, vəziyyət ağır idi. Çörəyimiz qurtarmışdı. Unumuz olsa da, çörək bişirmək imkanı yoxuydu. Mal-qoyun da açından qarılırdı. Köçməyə məcbur olduq. Kəlbəcərin Qoşnallar kəndinin yaxınlığına gəldik. Bu kənddə oğuldərəlilərin qohumları yaşayırdı. Acından ölürdük, yemişan ağacının yarpaqların yeyirdik. Bir neçə nəfər un götürüb getdi. Evlərdən birində çörək bişirib gətirdilər. Çörək yeyib toxtadıq. Bir gecə də burada qaldıq, yorğana bürünüb yatdıq.
Səhər yenə yerimizi dəyişdik, kənddən yuxarıda olan dağlara qalxdıq. Burada heyvanlar üçün ot vardı. İki gün də burada qaldıq. Yenə nə bir tikili vardı, nə də alaçıq qura bildik. Yorğana bürünüb çöldə yatırdıq. Burada ərzağımız, çörəyimiz qurtardı.
Oğuldərəyə gedib qayıdanlar vardı. Bildirdilər ki, nə Oğuldərədə, nə də qonşu kəndlərdə erməni var. Ona görə də kəndə qayıtmaq qərarına gəldik. Atları yükləyib, mal-qoyunu yığıb yola düşdük. Oğuldərə ərazisində Pəri bulağı adlanan əraziyə gəldik. Burada xeyli gicitkən, yarpız yığıb yedik, bir az toxtadıq. Günorta kəndə çatdıq. Xəmir yoğurub çörək bişirdik.
Axşama yaxın Aşağı Haçayalda bir dəstə adam göründü. Əvvəl elə bildik ki, ermənilərdir, qorxduq. Bir qədər yaxınlaşdan sonra məlum oldu ki, aralarında qadınlar da var. Belə qənaətə gəldik ki, azərbaycanlılardır. İki kişi, iki qadın və 12-13 yaşında əlil bir oğlan idi. Laçının Katos kəndinin sakinləriydi. Dedilər ki, ermənilər qəfildən hücum etdilər, çətinliklə qaçıb kənddən çıxdıq. Ermənilər bir neçə nəfəri qətlə yetirmişdilər, əsir aparmışdılar. Ev əşyasını, mal-qoyunu çıxara bilməmişdilər. Bir neçə gün ac-susuz yol gəlmişdilər. Uşaq açlıq-susuzluqdan ağır vəziyyət düşmüşdü. Çörək verdik. O yedikcə alman faşistlərinin ölüm düşərgəsindən çəkilən filmlər gözümün qabağına gəldi.
Gecə Oğuldərədə qaldılar. Növbəti gün Kəlbəcər istiqamətində getdilər.
Biz isə kənddə qaldıq. Katosdan gələnlərin ermənilərin hücuma keçməsi haqda dediklərinə inanmadıq.
Kəndə bizdən başqa da qayıdanlar vardı. Bir həftə kənddə olduq, iki axşam öz evimizdə, dörd gecə Arif Zülfüqarovun evində qaldım. Evdə təmizlik işləri apardım, xalça-palazı çayda yudum. Amma rahatlıq tapmaq mümkün deyildi, ailə yox, uşaqlar yox. Hücum təhlükəsindən adamın gözünə yuxu getmirdi.
Ayın necəsi olduğu yadımda qalmayıb, gecə saat on radələri olardı. Dayım İbrahim İbrahimov qışqırdı ki, ermənilər gəlir, qaçın. Mal-qoyunu tövlədən açdıq, çətinliklə kənddən bir qədər uzaqlaşdıq. Zülmət qaranlıq idi, göz-gözü görmürdü, yerimək mümkün deyildi.
Sarıyoxuşda dayandıq, gecəni burada qaldıq. Hava soyuq idi, yorğana bürünüb çöldə gecələdik. Səhər açılanda məlum oldu ki, bataqlıq ərazidə qalmışıq, yatdığımız yer bataqlıq olub.
Yola düşdük, Sarıyoxuş dağına qalxdıq. Buradan Laçının kəndləri aydın görünürdü. Ermənilər Qurdqajı, Ərikli, Piçənis, Hacısamlı kəndlərini işğal etmişdi, evləri yandırmışdılar, dağları tüstü bürümüşdü, döyüş gedirdi, güllə səsindən qulaq tutulurdu.
Yenidən Qoşnallar kəndinin yaxınlığına gəldik, köçü burada tökdük. İki gün burada qaldıq. Temir İbrahimov, Arif Zülfüqarov, Mötəbər İbrahimov dedilər ki, Oğuldərəyə gedirik. Kənddə vəziyyətin necə olduğunu, ermənilərin harada dayandığını bilmirdik. Ona görə də kəndə getmək təhlükəliydi. Hamımız onların kəndə getməsinə etiraz etdik. Lakin biz dinləmədilər, atları minib getdilər.
Gecə qaranlıqda qayıtdılar. Dağlarda gizlənə-gizlənə kəndə getmişdilər. Dedilər ki, ermənilər Oğuldərəyə girib evləri yandırıb qayıdıblar. Oğuldərədə otuza yaxın ev yandırmışdılar. Amma kənddə qalmamışdılar.
Hansı istiqamətdə getmək məsələsində fikir ayrılığı yaranmışdı. Bir qrup kəndə qayıtmağı, bir hissə Kəlbəcər ərazisində qalmağı, bir qrup isə Murov dağını aşıb Xanlar rayonuna getməyi təklif edirdi. Hara köçmək məsələsində iki günə ancaq razılıq əldə olundu.
Murovu aşıb Xanlar rayonu ərazisinə geçmək qərarına gəldik. Köçü, mal-qoyunu yığıb yola düşdük. Ərazğımız, çörəyimiz qurtarmışdı. Hava yağışlı və soyuq idi. Bir kəndin yaxınlığında dayandıq. Güləbətinlə birlikdə bir evin qarşısına getdik. Həyətdə təndiq yandırıb çörək bişirirdilər. Təndirin kənarında dayanıb isindik, yaş paltarlarımızı qurutduq. Bizə bir çörək verdilər. Pulla çörək satmalarını istədik, amma əlavə vermədilər.
Çörəyi qaldığımız yerə gətirdik, bir təndir çörəyini on beş nəfər arasında böldük, hərəyə bir tikə düşdü. Gecəni burada qaldıq.
Səhər yola düşdük. Bir qədər gəldikdən sonra hərbi posta çatdıq. Hərbçilər bizi buraxmaq istəmirdi. Pul yığıb verdik, buraxdılar. Bir çayın qırağı ilə getdik. Hava soyuq idi, yağış yağırdı, dumandan heç haranı görmək mümükn deyildi. Burada Xasay İbrahimov sürüşüb yıxıldı, qolu çatladı.
Gəlib bir yerdə dayandıq. Meşənin ortasında köçü tökdük. Sulu qar yağırdı, hava duman-çiskin idi. Ocaq qaladıq. Artıq iki gün idi çörəyimiz qurtarmışdı. Burada bir qoyun kəsdik, əti közdə bişirib yedik. İnəkləri sağıb horra bişirdik. Gecə burada qaldıq. Sulu qar yağırdı. Yorğana bürünüb ocağın kənarında yatdıq.
Səhər açıldı. Yaxınlığımızda bir köç düşmüşdü. Onların yanına getdik. Məlum oldu ki, Laçının Qorçu kəndindəndirlər. Çörək bişirirdilər. Ələk alıb apardıq, un ələdik. Amma çörək bişirməyə sacımız yoxuydu. Qorçulu onların sacında çörək bişirməyimizə icazə vermədi. Ac-susuz yola düşdük. Hava açıldı, gün çıxdı. Gəlib bir binəyə çıxdıq. Mal binəsi idi, iki qadın və bir kişi mal-qoyun saxlayırdı. Onların yanına getdik. Xəmir yoğurmağa qazan, çörək bişirməyə sac istədik. Verdilər, çörək bişirdik, yeyib toxtadıq.
Burada qalmadıq, yola düşdük. Bir kəndin yaxınlığına gəldik, köçü tökdük. Xasay İlyasov xəstələnmişdi, həm də qolu sarıqlı idi, orda qala bilmədi. Yaxınlıqdakı kəndə getdi, bir evdə qalmışdı. Gecə qaldığı evdə cibindən pulunu çıxarmışdılar.
Ordan köçüb Zallar kəndinin yağınlığına gəldik. Burda üç gün qaldıq. Artıq Murovun ətəyinə çatırdıq. Atanız gəldi. İki torba çörək alıb gətirmişdi. Yenidən hansı istiqamətdə getmək məsələsində mübahisələr başladı. Kəndə qayıtmağa qərar verdilər. Köçü, mal-qoyunu yığıb Oğuldərəyə qayıtmaq üçün yol düşdük. Kəlbəcərin Qamışlı kəndinə çatanda Oğuldərədən bir neçə nəfərlə qarşılaşdıq. Oğuldərəyə qayıtmağımıza etirazlarını bildirdilər. Dedilər ki, kəndi ermənilər yandırıb, ermənilərin harada dayandığı məlum deyil, getmək təhlükəlidir.
Bundan sonra Oğuldərəyə qayıtmamaq qərarına gəldik. Mal-qoyun heydən düşmüşdü, yeriyə bilmirdi. Ona görə də Qamışlıda bir neçə gün dayandıq. Malı maşına yığdıq. Qoyunu isə yolla gətirib Murovun ətəyinə çatdıq. Burada malı maşından tökmüşdülər. Qarlı və soyuq Murovu aşmalıydıq. Murovun ətəyində köçü tökdük. İnsanlar yaylağa çıxmışdı, yaxınlıqda alaçıqlar vardı. Güləbətin bir alaçığa gedib ləyən, ələk, saç alıb çörək bişirdi. Gecəni burada qaldıq, səhər yol düşdük. Yol üçün götürdüyümüz çörəyi inəklərə verdik, aclıqdan, uzaq məsafə gəlməkdən taqətdən düşmüş malları çörəyin hesabına Murov dağını aşırdıb Xanlar ərazisinə gəldik.
Murovun ətəyində meşənin qırağında köçü tökdük. Burada yenidən hara getmək məsələsində fikir ayrılığı yarandı. Bir neçə adam mal-qoyununu maşınlara yığıb müxtəlif rayonlara getdilər. Biz isə burada qaldıq. Alaçıqlar qurduq, ay yarımdam sonra başımızı daldalamaq üçün bir yerimiz oldu”.
Anamın yolu belə ağır olmuşdu...
.......................................
Ətəyindən baxanda sonu görünməyən, yuxarı hissələri qarla örtülü, zəhmli bir dağın - Murovun ətəyində, meşənin qırağında, bulağa yaxın yerdə məskunlaşmışdıq. Hər tərəf yaşıllıq idi. Bura Göygöl qoruğunun ərazisi idi. Ərazidə bizdən başqa da yüzlərlə çadır qurulmuşdu, oba-oba ailələr məskunlaşmışdı.
Yay olmasına baxmayaraq havalar yağışlı, soyuq keçirdi, bir neçə dəfə sulu qar yağdı. Çadırlarda odun sobası qoyulmuşdu. Dəfələrlə sel çadırımızı basmış, bütün əşyalar suyun altında qalmışdı. Güclü yağış yağan bir gecə anam vaxtında yuxudan oyanmasaydı, bizi sel aparacaqdı.
Böyük bir ailənin çadırda yaşaması asan deyildi. Baxmayaraq ki, oğuldərəlilər üçün yayda yaylağa qalxmaq, dağlarda çadır qurub yaşamaq yenilik deyildi. Kənd sakinləri hər il mal-qoyununu yaylağa çıxarırdı, payızda kəndə qaytarırdı.
Murovda isə böyük bir ailə dar alaçıqda, soyuq, yağışlı havada, palçığın içində, axşamlar çıraq işığında yaşamını sürdürürdü. Ən ağırı bizim getməyə, sığınmağa bir yerimizin olmamasıydı. Murovda qurulan alaçıq yaylaq çadırı deyildi, yaşamaq uğrunda mübarizənin bir parçasıydı.
Doğma torpaqlarımıza, evimizə qayıtmaq ümidi bizə çətinliklərə dözmək gücü verirdi. Mal-qoyun saxlayırdıq, meşədən odun qırıb gətirirdik, çətin şəraitdə yaşamımızı davam etdirirdik. Böyüklər Gəncə bazarına mal-qoyun aparıb satır, lazım olan əşyaları, ərzaq alıb gətirirdilər. Atam iki dəfə məni də özüylə Gəncəyə aparmışdı, şəhəri, onun tarixi yerlərini gəzdirmiş, keçmişindən danışmışdı. Bura mənim gördüyüm ilk böyük şəhərdi. Mənə indi də elə gəlir ki, dünyada Gəncədən gözəl şəhər yoxdur.
***
Gözümüz yolda, qulağımız səsdəydi, kəndimizin erməni işğalından azad olunmasını, evimizə qayıdacağımız günü gözləyirdik. Ailələrdən birində el arasında “əl radiosu” adlandırılan radioqəbuledici vardı. Hər gün axşam saat 20-də hamı çadırların ortasında, obanın “mərkəzində” olan böyük daşın ətrafına toplanırdı. Yaxşı eşidilməsi üçün radionu ya daşın üstünə qoyur, ya da bir nəfər əlində tuturdu. “Xəbərlər” başlayanda ortaya sükut çökür, heç kim danışmır, diqqət radioya yönəlirdi. Diktor gur səslə əvvəlcə müharibə xəbərlərini, cəbhə bölgəsindəki döyüşlər haqqında məlumatları oxuyur, Azərbaycan ordusunun cəbhənin hansı istiqamətində düşmənə zərbə endirdiyini, hansı kəndlərin erməni işğalından azad olunduğunu müjdələyirdi.
Azərbaycan ordusunun uğurları haqda informasiyalar böyük sevincə səbəb olurdu. Bu həmin dövr idi ki, milli ordu cəbhədə uğurlu döyüş əməliyyatları aparırdı, Ağdərəni, keçmiş Şaumyan rayonunu, Laçını erməni işğalçılarından təmizləyirdi, hər qarış torpaq uğrunda ağır döyüşlər gedirdi, qan su yerinə axırdı.
Hər gün Xanlardan Kəlbəcər və Laçın istiqamətində hərbi maşın, ağır texnika karvanları gedirdi. Əsgərlərlə dolu maşınları görən kimi yolun kənarına qaçır, onları salamlayırdıq. Əsgərlər də bizə əl yelləyirdilər. Yol boyu hamının birlikdə mahnı oxuması hərbçilərin döyüşə yüksək əhval-ruhiyyə, əzimkarlıqla getdiklərini göstərirdi. Hərbi karvan yavaş-yavaş Murova qalxır, gözdən itirdi.
Dövlət qurumlarından isə bizi yada salan, bir dəfə də olsun çadırda yaşayanlara baş çəkən, problemləri ilə maraqlanan yoxuydu. Yalnız bir dəfə meşəbəyi gəlmişdi. Meşədən odun qırmamağı tələb edirdi. Qoruq gözətçisi ilə odun mübahisəsi xeyli davam etdi. Amma heç kim onun dediyinə əhəmiyyət vermədi. Axı bizim başqa yanacağımız yoxuydu.
Yağışlı bir gündə isə Azərbaycan Dövlət Televiziyasından gəlib çəkiliş apardılar, çadırda yaşayanların vəziyyəti haqda reportaj hazırladılar. Dörd nəfərlik jurnalist qrupu özləri ilə “Astra” siqareti və bir qədər çörək gətirmişdilər.
***
1992-ci ilin yayında Azərbaycan ordusu cəbhədə uğurlu hərbi əməliyyatlar keçirdi, Ağdərənin böyük hissəsini, Laçının bir neçə kəndini, o cümlədən Oğuldərəni erməni işğalından azad etdi. Yayda bir neçə ailə - Kamal Abdulkərimov, Kərəm Abdulkərimov, Möylan Rəsulov, Musa Rəsulov, Yusif İsgəndərov, Cəlal İsgəndərov, Rasim Məcnunov, Cabbar Cabbarov Oğuldərəyə qayıtmışdılar.
Müxtəlif yerlərdə məskunlaşmış oğuldərəlilər tez-tez kəndə baş çəkirdilər. 1992-ci ilin avqust ayında Murovda olan əhali yavaş-yavaş köçürdü. Həmin dövrdə atamla kəndə getmişdim. Murovdan Oğuldərəyə gedənə qədər bir neçə maşın dəyişdik. Kəlbəcərin Tirkeşəvənd kəndində hərbi maşına mindik. “Zil-131” markalı maşının kabinəsində hərbçilər oturmuşdu, kuzova qalxdıq.
Yola bələd deyildim, tez-tez Oğuldərəyə nə qədər qaldığını, nə vaxt çatacağımızı soruşurdum. Kəndə getdiyimə görə sevincimin həddi-hüdudu yox idi. Maşında hərbçilər musiqiyə qulaq asırdılar, maqnitofonda aşıqların ifasında “Baş sarıtel” səsləndirilirdi. İndi də harada “Baş sarıtel” musiqisini eşidirəm, tüklərim biz-biz olur, çiskinli, dumanlı, narın yağışlı bir gündə hərbi “Zil-131” maşının kuzovunda doğma Oğuldərəyə qayıtdığımız gün gözlərimin önündə canlanır.
Axşama yaxın Qorçu kəndinə çatdıq. Qorçu Oğuldərə ilə qonşu kənddir. Maşın Laçın cəbhəsinə gedirdi. Qorçuda maşından düşdük. Qaranlıq idi. Atam dedi ki, burada qohumların birinin evində gecələyək, səhər tezdən Oğuldərəyə gedərik. Etiraz etdim. Oğuldərə ilə Qorçu qonşu kəndlər olsa da, aralarnda bir xeyli məsafə var. Yağış yağmışdı, gecə və həm də yol palçıq olduğundan piyada getmək çətin idi. Laçın Rayon Polis Şöbəsinin qərargahı Qorçuda yerləşirdi. Gecə qərargaha getdik, atam Oğuldərəyə getmək üçün maşın istədi, vermədilər. Gecəni Qorçuda qohumların evində qalası olduq.
Səhər açılanda gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Qorçu altı kəndin mərkəzi hesab olunurdu. Vaxtilə natamam orta və orta məktəb, kənd soveti, kolxoz idarəsi, xəstəxana ancaq bu kənddə yerləşirdi. Hamının yolu bu kənddən düşürdü. Ona görə də Qorçuya hamı doğma evi kimi baxırdı.
Namlı və Qorçu çaylarının arasında yerləşir bu kənd. Qorçu çayının kəndlə üzbəüz sahilində meşə zolağı uzanır. Aşağı tərəfdə də nəhəng ağacları, dadlı meyvələri olan meşəlikdir. Bu meşənin qırmızı palıdı dünyada məşhurdur. Babamın anası, nənəmin anası bu kənddəndir.
Babamın əmisi, Qori Müəllimlər Seminariyasının məzunu, görkəmli maarifçi, 1937-ci ilin qanlı sovet repressiyasının günahsız qurbanı olmuş Museyib İlyasovun tikdirdiyi Qorçu məktəbini ermənilər yandırmışdı, külü qalmışdı. Adamlar yanmış məktəbə baxıb göz yaşı axıdırdılar.
Növbəti gün Oğuldərəyə getdik, üç aylıq ayrılığa, doğma ev, torpaq həsrətinə son qoyuldu. Bir neçə gün kənddə qaldıq, evimizdə özümüzə yer hazırladıq, orada gecələdik, rahat nəfəs aldıq, ruhumuz dincəldi. Kənd yüz illərlə insan ayağı dəyməyən xarabalığı xatırladırdı. Yanmış evlər, sahibsiz itlər, biçilməmiş biçənəklər… Amma təbiət göz oxşayırdı, hər tərəf yaşıllıq idi. Adam doğma yurdundan, evindən ayrılıb soyuq, yağışlı Murovdakı çadıra qayıtmaq istəmirdi. Amma buna məcbur idik. Müvəqqəti evimiz, ailə Murovda idi.
***
1992-ci ilin sentyabr ayının sonunadək Murov dağın ətəyində alaçıqda yaşadıq. Murovun ətəyində məskunlaşan insanlar arasında köçmək məsələsində böyük mübahisə yaranmışdı. Bir qrup Oğuldərəyə, digəri isə Azərbaycanın başqa rayonlarına köçməyi təklif edirdi. Hara köçmək məsələsində mübahisələr həftələrlə davam edirdi. Doğma yurdundan didərgin düşən, taleyinə köçkünlük yazılan bu insanlar üçün bir-birindən ayrılmaq çətin idi. Ona görə də eyni yerdə məskunlaşmaq üçün hamını qane edəcək varinat axtarılır, ortaq məxrəcə gəlinməyə çalışılırdı.
Murovda isə havalar getdikcə soyuyurdu. Bir dəfə qar yağdı, çox əziyyət çəkdik, qorxu keçirdik. Güclü qar insanlara və mal-qoyuna ciddi ziyan vurardı. Amma qar tez kəsdi.
Köçməyə maşın axtarırdıq. Atamgil bir neçə dəfə Xanlar rayonuna getmiş, maşın tapmayıb əliboş qayıtmışdılar. Atam yenə də Xanlara maşın dalınca getmişdi. Atam gecə qayıtmadı. Həmin axşam oğuldərəli Həsən Salahov gəldi, onun maşını ilə kəndə qayıtdıq. Bizdən sonra Şəki və Qaxda qaçqın kimi məskunlaşmış bir neçə ailə də kəndə qayıtdı. Ailəsi ilə birlikdə köçüb Oğuldərəyə qayıdanlar bunlar idi:
Əliyev Əli
Zülfüqarov Arif
İbrahimov Dadaş
İbrahimov Mötəbər
İbrahimov Təvəkkül
İlyasov Əşrəf
İbrahimov Xasay
İbrahimov Temir
Salahov Tofiq
Lacın Rayon İcra Hakimiyyətinin başcısı Azər Məmmədov, Ali Sovetin deputatı Səlim Səlimov, məsul şəxs Qəzənfər Hüseynov, hərbi komendant Hüseynalı Həsənov Oğuldərəyə gəldilər, ev-eşiyinə qayıdanlara baş çəkdilər, gözaydınlığı verdilər.
Ermənilər Oğuldərəni işğal edəndə onlarla evlə yanaşı, kənd məktəbini də yandırmışdılar. Atam məktəb təşkil etdi. Dərsə gedirdik, müəllimlərin hamısı kənddə yox idi. Amma dərslərimiz boş keçmirdi, kəndə qayıdan müəllimlər onları əvəz edirdi.
Oğuldərədə sakit həyat yaşayırdıq. Qonşu Qorçu kəndində Şuşa və Laçının polis şöbələri, Ərikli kəndində isə Laçın Rayon İcra Hakimiyyəti yerləşirdi. Oğuldərədə yaşadığımız dövrdə döyüşən əsgərlərə əlimizdən gələn qayğını göstərməyə çalışırdıq. Elə bir gün olmurdu ki, onların vəziyyətindən xəbər tutmayaq.
***
1993-cü ilin fevralında radio məlumat verdi ki, Kəlbəcər-Ağrərə yolunu ermənilər bağlayıb. Bu yol əvvəlki illərdə də ermənilərin nəzarətində olmuşdu. 1992-ci ilin yayında Azərbaycan ordusu hücum etmiş, yolu və onun ətrafında olan kəndləri ermənilərdən azad etmişdi.
1993-cü il martın 31-i. Soyuq və küləkli bir gün idi. Görünür, təkcə təbiətlə bağlı deyildi, həm də yaxınlaşan düşmən təhlükəsinin gətirdiyi soyuq idi. Oğuldərədən bir neçə kilometr aralıdakı cəbhə bölgəsindən həyəcanlı xəbərlər gəlirdi. İşğal zamanı elektrik və telefon xətləri də sıradan çıxarılmışdı. Azərbaycan ordusu Laçının bir neçə kəndini, o cümlədən Oğuldərəni erməni işğalından azad etsə də, Laçının mərkəzi düşmənin nəzarətində olduğundan kommunikasiya xətlərini bərpa etmək mümkün olmamışdı. Ona görə də Azərbaycanda, cəbhə xəttində baş verən hadisələr haqda xəbərləri öyrənmək çox çətin idi. Məlumatları yalnız el arasında “əl radioları” adlandırılan kiçik radioqəbuledicilərdən almaq mümkün olurdu.
Radio xəbər verirdi ki, Ermənistan silahlı birləşmələri Kəlbəcərə hücumları intensivləşdirib, rayon bir neçə istiqamətdən düşmən həmləsinə məruz qalırdı. Cəbhə bölgəsindən aldığımız xəbərlər də narahatlığımızı artırırdı. Çünki Kəlbəcərin işğalı bizim erməni mühasirəsinə düşməyimiz demək idi. Düşmənin caynağından qurtulmaq üçün uzaq yol qət edib Kəlbəcərdən keçməliydik. Ermənilər Kəlbəcəri işğal edənədək oradan çıxa bilməsək, bizi ölüm və ya əsir düşmək təhlükəsi gözləyirdi.
La çın dan Kəl bə cə rə ge dən yolun kənarında yerləşən Qor çu kəndinin sakinləri de yir di lər ki, bir ne çə gün dür La çın cəb hə sin də yer lə şən Azər bay can qo şun bir ləş mə lə ri ni və hərbi texnikanı yer ləş dik lə ri möv qe lər dən çı xa rıb ge cəy lə Kəl bə cər is ti qa mə ti nə apa rır lar. Qorxu içində yaşayırdıq. Valideynlərimiz ordunun Laçından çıxarılmasının sə bə bi ni öy rən mə yə ça lı şır dı. La kin bu nun bir nə ti cə si ol ma dı. La çın cəb hə sin də yer ləş di ril miş or du his sə lə ri nə rəh bər lik edən şəxs lər dən ya lan ca vab lar vermişdilər. De mişdilər ki, La çın cəb hə sin dən qo şunla rın çı xa rıl ma sı er mə ni lə rin Kəl bə cərə hü cu mu ilə bağ lı dır, yu xa rı dan Kəlbəcərə kömək göndərilməsi haqda gös tə riş ve ri lib. Ermənilər Kəlbəcərə hücum edib, cəbhənin həmin istiqamətində kömək lazımdır, bir neçə gündən sonra ordu geri - Laçındakı mövqelərə qayıdacaq.
Mart ayının 30-da axşamtərəfi məlumat aldıq ki, Qorçu sakinləri artıq kəndi tərk etməyə başlayıblar. Bu xəbəri eşidəndə hamı kəndin ortasına toplandı. Qadınlar dizlərinə, sinələrinə döyüb ağlayırdılar, nalələri ərşə dirənmişdi. Kişilər onları sakitləşdirməyə çalışırdılar, ancaq özləri də gərgin vəziyyətdə idilər, dayanmadan siqaret çəkirdilər. Xeyli danışdılar, belə qərara gəldilər ki, sabaha qədər gözləmək lazımdır. Sabah isə yenidən Laçın cəbhəsinin qərargahı yerləşən Ərikli kəndinə gedib vəziyyəti öyrənməyi planlaşdırdılar.
Gecəni narahat yatdıq. Yatmamışdan əvvəl atam bizə bir neçə tapşırıq verdi: “Heç kim paltarlarını soyunmasın. Əgər ermənilər gecə kəndə hücum etsələr, evdən çıxmayın. Evin künclərində, pəncərənin alt hissədində gizlənin. Qorxmayın, atanız yanınızdadır, arxayın yatın”.
Atam tapşırdığı kimi etdik. Özü də paltarlarını soyunmadı. Avtomat silahını ehtiyat güllələri ilə birlikdə yastığının altına qoydu. Narahat yatdığımız həmin gecə Oğuldərədə doğma və isti evimizdə qaldığımız sonuncu gecə oldu.
Martın 31-də səhər sübhdən yuxudan oyandıq. Həmişə olduğu kimi mal-qoyuna ot verdik, anam inəkləri sağdı və evə qayıtdıq. Kənddə sakitlik idi. Səhər yeməyi üçün süfrə arxasında oturduq. Atam dedi ki, tələsir, Ərikliyə gedəcək. Anam samovardan çay süzürdü. Ancaq heç kim bir tikə də çörək yeməmişdi. Oturduğumuz otağın pəncərəsindən kəndə daxil olan yol görünürdü. Kəndimizə iki nəfər hərbi geyimli şəxs gəldi. Atam söylədi ki, Laçın polisinin əməkdaşları idi. Biri qorçulu Cəfərin oğlu Zöhrabdır. Atam həyətə çıxdı, biz də onun ardınca. Atama dedilər ki, vəziyyət çox ağırdır: “Laçın cəbhəsindəki bütün qüvvələr mövqelərini tərk eləyib. Ermənilərlə üzbəüz olan postlarda heç kim qalmayıb. Erməni hərbi birləşmələr heç bir maneəyə rast gəlmədən bura yaxınlaşırlar. Təkcə siz qalmısınız. Təcili kəndi tərk eləyin”. Hərbçilər bunu deyib getdilər.
Onlardan fərqli olaraq bizim kəndimizi, doğma evimizi, ata-baba yurdumuzu tərk etməyimiz asan iş deyildi. Digət tərəfdən isə piyada getməsi mümkün olmayan qocaları, qadınları, uşaqları aparmaq üçün maşın yox idi.
Kənddə yalnız bir nəfərdə - Abdulrərimov Kamalın oğlu Məcidin "QAZ-52" markalı sınıq-salxaq bir avtomobil vardı. Həmin "QAZ-52"ün texniki imkanları qarlı-palçıqlı dağ yolları ilə hərəkət etməyə imkan vermirdi. Kəndin ortasında dəhşətli vəziyyət yaranmışdı. İnsanlar ağlaşır, nə edəcəklərini bilmirdilər. Heç kim də qocaları, arvad-uşağı düşmən caynağına vermək fikrində deyildi, onları nəyin bahasına olursa-olsun xilas etmək lazım idi. Düşmən qarşısında əlacsız və köməksiz qalan adamların bir fikri vardı: nəyin bahasına olur-olsun hamımız bir yerdə hərəkət etməliyik. İstər kənddən çıxmaq olsun, istər qalmaq.
Arif Zülfüqarovun vəziyyəti daha ağır idi. Anası Pəri xala bir neçə il əvvəl iflic olmuşdu, ağır yataq xəstəsi idi. Arif söylədi ki, anasını aparmaq imkanı olmasa, heç bir yerə getmək, Oğuldərəni tərk etmək niyyətində deyil, ailəsi, uşaqları ilə birlikdə kənddə qalacaq.
Erməni silahlı birləşmələri artıq bizdən bir qədər aralıda olan kəndləri də tutmuşdular, evləri yandırırdılır, tüstü göyə qalxırdı. Düşmən heç bir maneəsiz bizim olduğumuz əraziyə yaxınlaşsa da, Arif dediyindən dönmürdü. Qohum-qardaşı belə bir vəziyyətdə tək qoyub getmək yolverilməz olduğuna görə heç kim bununla razılaşmırdı.
Belə bir ağır vəziyyətdə Kamal oğlunu göndərdi ki, qocaları və uşaqların hamısı hazırlansın, maşın gəlir onları götürməyə. Bir qədər sonra maşın gəldi və yeriyə bilməyən yaşlıları, uşaqları maşına yığdıq. Maşın evlərdən bir qədər aralıda dayanmışdı. Arif Zülfüqarov neçə illərdir yataq xəstəsi olan anası Pəri xalanı kürəyində maşına gətirdi, yerini rahatladı (Pəri xala Murovdağda donaraq dünyasını dəyişdi).
Qocaları, on yaşdan kiçik uşaqları maşına yığdılar. Maşın yerindən tərpənəndə uşaqlı-böyüklü hamı ağlayırdı. Ağlaşma səsi dağları lərzəyə salmışdı. Bu, bir ildə ikinci dəfə doğma evindən, torpağından didərgin salınan insanların ürək göynədən fəryadı idi. Həmin mənzərə onun şahidi olanların yaddaşından heç vaxt silinməyəcək.
İnsanla dolu "QAZ-52" palçığı yara-yara, sürüşü-sürüşə yola düşdü. Palçığa bata-bata gözdən itdi. Evə tərəf qayıtdıq. Hər kəs öz evindən gücü çatanla - təzə paltar, adyal, ayaqqabı şəllənmişdi. Bundan başqa yalnız çörək götürülürdü. Az şey götürmək lazım gəlirdi ki, at yolda yorulmasın, tez yerimək mümkün olsun. Piyada gedən qadınlar, uşaqlar ağlaya-ağlaya yola düşdülər.
Yol ağrısı -I - //modern.az/articles/13878/1/
Yol ağrısı -II -//modern.az/articles/13905/1/
Yol ağrısı -III - //modern.az/articles/13974/1/
Yol ağrısı -IV - //modern.az/articles/14160/1/