Modern.az

Nazirlik əməkdaşları 81 ədəd silahı müsadirə edib

Nazirlik əməkdaşları 81 ədəd silahı müsadirə edib

Ölkə

16 Dekabr 2011, 12:02

Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) kollegiya iclası keçirilib. İclasda üç əsas məsələ müzakirə olunub, ətraf mühitin mühafizəsi, meşələrin inkişafı, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentləri və onların tabeli qurumlarının 2011-ci ilin 11 ayı ərzində fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. 
İclası giriş sözü ilə açan nazir Hüseyn Bağırov ölkə Prezidentinin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini və hazırda da davam etdirildiyini bildirib.
Yaşıllıq ərazilərinin artırılması, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, təhlükəli tullantıların idarə olunması, pilot layihələrin həyata keçirilməsi və s. sahələrdə görülmüş tədbirlər barədə də kollegiya iclasında məlumat verilib. Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2011-ci ilin 11 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1881 akt və 577 protokol tərtib olunub, aşkar olunan  nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 957 icrası məcburi olan göstəriş verilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 121, məhkəmələrə 125, məhkəmə icraçılarına 394 iş göndərilib. Qanunu pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq olunan cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilən işlərin əksəriyyətinin baxılmamış qalması da iclasda təəssüflə qeyd olunub.
Bundan əlavə iclasda xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirildiyi də vurğulanıb. Bunun nəticəsində, hazırda, ölkəmizdə ümumi sahəsi 880 774,04 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir və ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir. 
Qeyd olunub  ki, xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 816 akt, 220 protokol tərtib edilib, təbiətə 71047,49 manat məbləğində ziyanın vurulduğu hesablanıb, inzibati qaydada 139980 manat cərimə tətbiq edilib, 34 iş baxılması üçün hüquq-mühafizə orqanlarına, 93 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilib.
Həmçinin, 2011-ci ilin 11 ayı ərazində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərdən 81 ədəd ov silahı götürülüb, 77 şəxs barəsində akt və protokol tərtib edilərək 72 800 manat məbləğində cərimə tətbiq edilib, 1166 manat məbləğində iddia qaldırılıb, 4 nəfərin isə şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
Bundan əlavə, meşələrin artırılması və bərpası istiqamətində cari ilin ötən dövrü ərzində 26615 min ədəd müxtəlif cinsli əkin materialları yetişdirilir 127173 kq toxum tədarük olunan, 3085 hektar sahədə meşə əkini və səpini işləri aparılıb.
Əhalinin yanacağa olan təlabatını qismən ödəmək məqsədilə 2011-ci ilin 11 ayı ərazidə müəssisələr üzrə 38482 m3 həcmində oduncaq tədarük olunub.
Cari ilin 11 ayı ərzində, ümumilikdə 3,75 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınıb, yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə fonduna ciddi ziyan dəyib.
Kollegiya iclasında meşələrin mühafizəsi və bərpası sahəsində görülən işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlər də müzakirə edilib. Bəzi Meşə Mühafizəsi və Bərpası Müəssisələrində (MMBM) əkinlərin bitiş faizi orta respublika göstəricisindən yuxarı olsa da, bir neçə müəssisədə isə bu göstərici xeyli aşağı olub. MMBM-lərdə aparılan yoxlamalar zamanı 125519 manat köküstə nırx dəyərində 20994 m3 həcmində ağacın özbaşına kəsildiyi müəyyənləşdirilərək aktlaşdırılıb və qanunamüvafiq tədbirlər görülüb. Meşə qanunvericiliyinin pozulması halları ilə bağlı hüquq-mühafizə orqanlarına göndərilib 222 işdən 117 işə baxılması təmin edilib. Bütün bunlarla yanaşı, iclasda 2011-ci ildə ətraf mühitin mühafizəsi sahəsində əldə olunan uğurlar, görülmüş müsbət işlərlə bərabər, bir sıra nöqsan və çatışmazlıqların olduğu da qeyd olunub. Belə ki, nöqsanlara yol verən müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün Departament və onların tabeli qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. İşlərində yol verdikləri nöqsanlara görə Şahdağ Milli Parkının direktoruna şiddətli töhmət, 4 və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin direktorlarına töhmət verilib. 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəhbərinin vəzifəyə uyğun olub-olmamasının araşdırılması tapşırılıb. Həmçinin, Qusar, Qazax, Şamaxı, Daşkəsən və Cəngi MMBM-lərin direktorlarına töhmət verilib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı