Fransa ilə Türk dünyası arasında münasibətlər kəskinləşir. Buna səbəb Fransa parlamentinin “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini dekabrın 22-də müzakirəyə çıxarmasıdır.
Fransa hökumətinin bu addımı Azərbaycanda da ciddi etirazla qarşılanıb. Modern.az məsələ ilə bağlı bir necə siyasi partiya rəsmisinin fikrini öyrənib.
“Fransa parlamentinin qondarma “erməni soyqırmı” ilə bağlı qəbul eldiyi sənəd analoqu olmuyan bir yanaşmadır”. Bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Fransanın özü soyqırımı törədən bir dövlətdir.
“Fransa Əlcəzairdə insanların azadlıq mübarizəsini qan içində boğub, əsl soyqırımı odur. Çünki Əlcəzair xalqına qarşı edilən zülmlər, onun milli istiqlalının qan içində boğulmasına fransız xalqı tərəfindən bir etiraz aksiyasının keçirildiyinə dair tarixdə bircə fakt da yoxdur. Ona görə də mən Fransa dövləti ilə bərabər fransız xalqını da soqyqırımı yaradanlar sıyahısına əlavə edirəm”.
Fəzail Ağamalı deyir Fransa kimi bir dövlətin tarixi həqiqətləri özündə əks etdirməyən qondarma iddianı rəsmiləşdirməsi və hətta bunu tanımıyanları ciddi sanksiyalara məruz qoymaq istəməsi anormal bir hadisədir. AVP sədrinin sözlərinə görə, Fransanın və bu dövlətin öndə gedənlərinin belə addımını Türkiyəyə və Türk xalqına qarşı qərəzli yanaşmadır.
“Düşünürəm ki, bu faktın özü ədalətsizliyin simvoludur”-deyən Fəzail Ağamalı bildirib ki, Fransanın Türkiyəyə qarşı bu ədalətsiz addımı iki ölkə arasında münasibətlərin pisləşməsinə gətirib çıxara bilər və iki xalq arasında xoşagəlməz hadisələrin yaranmasına səbəb ola bilər. “Mən də bir Azərbaycan türkü kimi Fransa hökümətinin Türkiyə dövlətinə qarşı bu cür qərəzli münasibətinə kəskin etirazımı bildirirəm. Hesab edirəm ki, vaxt gələcək Türkiyə dövləti bir daha bu məsələyə qayıtmalı olacaq və Fransa atmış olduğu səhvi düzəltmək zorunda qalacaq”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, bu sənədə ən yaxşı münasibəti Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
“Əhməd Davudoğlu bildirib ki, Fransanın belə bir addım atması onun 400-500 il geriyə -orta əsrlərin düşüncəsinə çəkməsidir. Hürriyyətdən, söz azadlığından, demokratiyadan dəm vuran Avropanın böyük bir ölkəsi, “soyqırımı olmayıb” deyənləri, yəni onların rəsmən qəbul elədiyi fikrin əksini söyləyənlərə qarşı cinayətkar kimi baxacaqsa, onları həbs edəcəksə, o insanlar qanun qarşısında cavab verməli olacaqlarsa, bu Fransanın ibtidai düşüncədə oldunu göstərir”.
Sabir Rüstəmxanlının sözlərinə görə, Fransanın bu addımı bir daha onu göstərir ki, qondarma “erməni soyqırmı” haqqında Avropanın tutduğu mövqe, apardığı siyasət haqqın, ədalətin bərpasına xidmət etmir. Bu addım sadəcə olaraq,Türkiyəyə süni şəkildə problem yaratmaq və Türkiyəyə təzyiq göstərmək vasitəsinə çevrilib.
“Belə bir Avropanın haqdan, ədalətdən, demokratiyadan danışmağa bundan sonra ixtiyarı yoxdur”-deyə Sabir Rüstəmxanlı əlavə edib.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə bildirib ki, Fransa parlamentinin təklif etdiyi bu qanun bilavasitə həm Avropanın, həm də Fransanın dəyərlərinə zidd olan bir sənəddir.
“Əgər Fransa fikir, söz azadlığını məhdudlaşdıran və cinayət hesab olunan bir sənədi qəbul edərsə, bu, təkcə Fransa-Türkiyə munasibətlərinə xələl gətirməz. Həmin əsassız sənədin müzakirəsi Fransanın özünün və Avropanın bu gün bəyan etdiyi söz və fikir azadlığı dəyərlərinə qarşı olan bir cinayət prosedurudu”.
Mail Ağaxanov