Modern.az

Nəqliyyat Nazirliyi: “Bakıda avtobus marşrutlarının sayını 310-dan 217-ə endirdik”

Nəqliyyat Nazirliyi: “Bakıda avtobus marşrutlarının sayını 310-dan 217-ə endirdik”

Ölkə

22 Dekabr 2011, 15:54

Sərnişin avtobuslarında nömrələrin dəyişdirilməsi prosesi hələ tam başa çatmayıb. Ona görə də nömrələri dəyişdirilən sərnişin marşrutlarının tam siyahısını yaxın günlərdə təqdim edəcəyik ki, sərnişinlər bu barədə məlumatlı olsunlar”. Bu sözləri Modern.az saytına açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

“Proses tam başa çatmadığı üçün siyahını indi təqdim etsək, sərnişinlər arasında çaşqınlıq yaranacaq. Bildiyiniz kimi, avtobusların 60 faizində bu dəyişmə oldu. Eyni zamanda paytaxtda 310 sayda marşrut fəaliyyət göstərirdi. Biz onların sayını 217-ə endirmişik”-deyə qeyd edən Namiq Həsənov paralalliyi aradan qaldırmaq və ehtiyac olan istiqamətlərə yeni avtobuslar vermək üçün belə addım atdıqlarını söyləyib.

“Beləliklə, Bakıda fəaliyyət göstərən avtobuslar bir və ikirəqəmli, yəni 1-dən 99-dək olan nömrələr daşıyacaqlar. 100-dən yuxarı nömrələr isə şəhərətrafı qəsəbələr üçün nəzərdə tutulub. Nömrələr məhz bu prinsiplə sadələşdirilir. Eyni zamanda avtomatlaşdırma proqramına görə biz belə addım atdıq. Ona görə də proses tam başa çatdıqdan sonra biz həmin siyahını verəcəyik ki, dərc edəniz və sərnişinlər də bu rəqəmlərdən məlumatlı olsunlar”.

Namiq Həsənov eyni zamanda Bakı-Sumqayıt marşrutlarında səhər tezdən və axşam saatlarında  sərnişin sıxlığının olmasına və bu problemin həlli məsələsinə də münasibət bildirib.

“Bu istiqamətdə bizə də çoxsaylı müraciətlər daxil olur. Çox gümanki araşdırma aparılacaq və ehtiyac olduğu təqdirdə həmin istiqamətdə avtobusların sayı artırılacaq. Amma avtobusların sayını nə qədər artırsaq da, yenə də sərnişin sıxlığı kifayət qədərdir, hətta həddindən artıq çoxdur”.

Nazirlik rəsmisi avtobusların artırılmasına baxmayaraq, Bakı-Sumqayıt istiqamətində yaranan sərnişin sıxlığını aradan qaldırmağın mümkün olmadığını vurğulayıb.

“Amma çalışılır ki, maksimum dərəcədə ictimai nəqliyyatdan nə asılıdırsa biz onu edək. Yeni il qabağı yəqin ki, biz də gücləndirilmiş iş rejimində işləyəcəyik. Bu ərəfələrdə ümumiyyətlə, sərnişin sıxlığı çox olur. Amma bayramdan sonra bu tənzimlənir. Ancaq pik saatlarda bu istiqamətdə işə gedənlər, işdən gələnlər olanda problem yaranır. O ərəfələrdə də xəttə əlavə avtobuslar buraxılır”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı