“Eurovision-2012”yə ev sahibliyi edəcək rəsmi Bakı mahnı yarışmasına yüksək səviyyədə hazırlaşmaq üçün müxtəlif işlər həyata keçirir. Bir sıra nazirliklərin üzərinə vəzifələr qoyulub.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Modern.az-a bildirib ki, hazırda bir sıra istiqamətdə yeraltı tunellərin, qovaşaqların, yerüstü piyada keçidlərinin, avtomobil dayanacaqlarının tikilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir.
“Bundan əlavə, bizdə avtobus parkı yenilənir. Bununla əlaqədar olaraq gələn ilin əvvəllərindən də şəhərə daha 200 ədəd yeni avtobus gətiriləcək”.
Namiq Həsənov eyni zamanda Azərbaycana yeni taksilərin gətirilməsi prosesinin də davam etdiyini vurğulayıb.
“Bildiyiniz kimi müqavilə ilə bu ilin sonunadək 1000 ədəd taksi gətirilməli idi. Gələn ildə də “London taksi”lərinin gətirilməsi prosesi davam edəcək ki, sərnişinlərə, gələn qonaqlara yüksək səviyyədə xidmət göstərilsin”.
Nəqliyyatın intellektual idarəetmə sisteminin də tezliklə istifadəyə veriləcəyini deyən nazirlik rəsmisi qeyd edib ki, bu sistem ölkəyə gələcək qonaqlar üçün gözlənilməz olacaq. Çünki belə bir sistem dünyada barmaqla sayılan ölkələrdə istifadə edilir, o cümlədən də Koreyada.
“Qonaqlar Bakıda sərnişin nəqliyyatından istifadə edərkən ən azı intellektual idarəetmə sistemindən təəcüblənəcəklər.
Bundan əlavə bizim balanısımızda olan yolların bətbad hissələrinin bərpası ilə də məşğuluq. Yəni Nəqliyyat Nazirliyi tərəfindən çoxşaxəli işlər həyata keçirilir. Bütün hallarda nazirimizin də dediyi kimi, elə edəcəyik ki, 2012-ci ilin mayında Azərbaycana gələn qonaqlar heyrətlənib getsinlər” -deyə N.Həsənov əlavə edib.
Sərnişin nəqliyyatından istifadə edən qonaqlar üçün ingilis dilində informasiyaların olmasına gəlincə, mətbuat xidmətinin rəhbəri artıq 664 dayanacaqda informasiya tablolarının quraşdırıldığını bildirib. Bu tablolarda Azərbaycan və ingilis dillərində məlumatlar veriləcək.
“Eyni zamanda avtobuslarda naviqasiya cihazıları quraşdırılır və nəqliyyat vasitələrilə həmin dayanacaq arasında vahid dispetçer mərkəzi hesabına birbaşa əlaqə olacaq”.
Aytən ƏLİYEVA