Modern.az

Azərbaycanın hansı müxalifət partiyasının xarici əlaqələri daha genişdir?

Azərbaycanın hansı müxalifət partiyasının xarici əlaqələri daha genişdir?

Ölkə

29 Dekabr 2011, 15:18

Azərbaycanda  53 siyasi partiya rəsmən qeydiyyatdan keçib. Maraqlıdır, rəsmi qeydiyyatı olan müxalifət partiyalarından hansının xarici ölkələrin siyasi partiyaları ilə əlaqələri var? Modern.az saytı bu məsələ ilə bağlı  müxalifət partiyalarından münasibət öyrənib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, onlar çox çalışıblar ki, xarici ölkələrin siyasi partiyaları ilə əlaqə qursunlar.
“Amma çox təəssüflər olsun ki, hələki buna nail ola bilməmişik.  Bizim əsas niyyətimiz Avropada olan Xalq Partiyaları İttifaqına daxil olmaqdır. Hansı ki, o qurum ümumi demokratik dəyərləri bölüşdürən partiyaların birliyidir. Bir vaxt Amerikanın Milli Demokrat İnistutu bu məsələdə bizə köməklik göstərmək istəyirdi. Amma imkanlarımız yetərincə olmadı ki, həmin istiqamətdə müəyyən işlər görək”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  (AXCP) sədr müavini  Fuad Qəhrəmanlı bildirib ki, AXCP-nin xarici dövlətlərin siyasi partiyaları ilə hər hansı müqavilə əsasında tənzimlənən münasibətləri yoxdur.
“Ancaq ikitərəfli təmaslarımız var. Mən iki il bundan əvvəl Xalq Cəbhəsi Partiyasının nümayəndəsi kimi Türkiyədə oldum. Səfər zamanı siyasi partiya nümayəndəsi kimi, mənim Türkiyənin siyasi partiyalarının rəhbərləri ilə  görüşlərimiz oldu. Vaxtaşırı olaraq partiyamızın rəsmi nümayəndələri xaricdə olanda bu cür görüşlər, təmaslar olur”.
Fuad Qəhrəmanlı deyib AXCP sədri əli Kərimlinin xarici pasportu olmadığı üçün ölkə sərhədlərindən kənara səfər edə bilmir. 
“Ona görə də xarici ölkələrin siyasi qurumları ilə əlaqələr daha çox funksionerlər səviyyəsində tənzimlənir. AXCP-nin xarici əlaqələr üzrə müavini bu təmasları xarici ölkələrdən olan siyasi partiyalarla, o cümlədən beynəlxalq təşkilatlarla tənzimləyir. Doğrudur bizim ikitərəfli əlaqələrimiz mövcddür, amma bu əlaqələr sənəd formasında rəsmi ifadə olunmayıb”.
İkitərəfli münasibətlərin xarici ölkələrdəki müxalif, yaxud hökümətyönlü partiyalarla olmasına gəlincə, AXCP rəsmisi belə deyib: “Burada söhbət ölkədən ölkəyə dəyişir, bizim üçün vacib, aktual olan məsələləri həm müxalifət, həm də iqtidar partiyalarının diqqətinə çatdırırıq və onlarla müzakirələr aparırıq. Bizim üçün fərq eləmir ki, bu iqtidardı və  yaxud da müxalifət partiyasıdı”.

Müsavat Məclisinin sədri Arzu Səmədbəyli bildirib ki, partiyanın müxtəlif vaxtlarda, xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif siyasi partiyalarla əlaqələri olub və indidi də bu əlaqələr davam edir.
“Hər bir siyasi partiya öz əlaqələrini həm daxildə, həm də xaricdə qurur və çalışır ki, bu əlaqələr daha geniş dairəni əhatə etsin. Musavat Partiyasının ölkə daxilində əlaqələri hamımıza bəllidi və eyni zamanda  xarici ölkələrin siyasi partiyalarıyla əlaqələrimiz genişdir”.
Arzu Səmədbəyli bu əlaqəıərin daha çox müxalifət partiyalari ilə olduğunu bildirib. “Bəzi ölkələrdə vaxtilə müxalifətyönlü partiyalar olub, sonradan iqtidara gəlib ki, onlarla da əlaqələrimiz var. Amma biz xarici ölkələrdə əsasən müxalifət partiyaları ilə əlaqələr qururuq. Bizim əsasən Ukrayna, Rusiya və Avropa ölkələrinin siyasi partiyaları ilə əlaqələrimiz var”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov AMİP-in xarici əlaələrinin genişliyinə Azərbaycanda yeganə partiya olduğunu bildirib: “Mən deyərdim ki, AMİP Azərbaycanda yeganə partiyadır ki,  xarici ölkələrin aparıcı siyasi partiyaları ilə geniş əlaqələri var. Bildiyimiz kimi AMİP 69 ölkənin 83 partiyasını özündə birləşdirən Beynəlxalq Demokratik İttifaqın (BDİ) üzvüdur. Ayrı-ayrı ikitərəfli əlaqələr çərçivəsində də AMİP-in xarici ölkələrin siyasi partiyaları ilə əməkdaşlığı  var. AMİP eyni zamanda Avropa parlamentində  ən böyük fraksiya olan Avropa Xalq Partiyası ilə də əməkdaşlıq edir, artıq AMİP-in ora üzvlük məsələsi gündəmdədi. Sevindirici haldır ki, bu gün AMİP-in beynəlxalq əlaqələri hakim YAP-nın əlaqələrindən deyərdim ki, qat-qat çoxdur. AMİP-in münasibət yaratdığı partiyalar içərisində  hakimiyyəti təmsil edən   partiyalar da var. Məsələn, Böyük Britaniyada Konservator Partiyası, Fransada Fransa Milli Hərəkat Partiyası hakimiyyətdədir. İsveçin Moderat Partiyası hakimiyyətdə təmsil olunur, Macarıstan, Avstraliya, İtaliyada hakimiyyət partiyaları ilə əlaqələr qurmuşuq. AMİP-in əlaqə yaratdığı xarici ölkə partiyaları içərisində hakimiyyət partiyaları daha çoxdur”.
Əli Orucov onu da bildirib ki, AMİP lideri Etibar Məmmədov 2005-ci ildən BDİ-nin sədr müavinidir.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı