Sosial şəbəkələrdə müstəqil aktiv gənclər tərəfindən yeni etiraz kampaniyasına start verilib.
Böyük Xalq Hərəkatı adlanan bu etiraz kampaniyasına 1 həftə kimi qısa zaman ərzində facebook saytında artıq 1000 nəfərdən çox insan qoşulub.
Böyük Xalq Hərəkatı səhifəsində paylaşılan materiallar (yazılar, şəkillər, videolar və s.) isə ümumilikdə 20 mindən çox facebook istifadəçisini əhatə edir.
Böyük Xalq Hərəkatı səhifəsinin idarə heyəti adından açıqlama verən Fransada yaşayan jurnalist Elnur Məcidli bildirib ki, bu səhifənin yaradılmasının əsas məqsədlərindən biri internet istifadəçisi olan bütün narazı azərbaycanlıları bir araya gətirərək ölkə daxilində hakimiyyətin qanunsuz hərəkətlərinə ictimai nəzarəti gücləndirməkdir.
Böyük Xalq Hərəkatının idarə heyətinin Amerikada, Avropada və Azərbaycanda yaşayan fəal narazı gənclərdən təşkil olunduğunu və bu heyətin proseslərin sonuna qədər anonim qalacağını bildirən Elnur Məcidli, bu anonimliyin ehtimal edilən təyziq və həbslərin qarşısının alınması üçün vacib olduğunu qeyd edib.
Keçən il başladılan 11 Mart Böyük Xalq Gününün bu il hansı formatda qeyd olunacağının hələ dəqiq bilinmədiyini söyləyən jurnalist, Böyük Xalq Hərəkatının adı olmayan bənzər səhifələrdəki açıqlamalara etibar edilməməsi gərəkdiyini vurğulayıb.
Böyük Xalq Hərəkatı kampaniyasının təşkilatçıları proseslərin gedişinə uyğun olaraq ölkədəki gənclər təşkilatları, siyasi partiyalarla koordinasiyalı şəkildə hərəkət edəcəklər.
Hərəkatın rəsmi informasiya saytı facebook səhifəsiylə yanaşı etiraz.com saytıdır. O cümlədən hərəkatın youtube və twitter saytında da səhifəsi açılıb, mütəmadi olaraq yenilənir.
Qeyd edək ki, 2011-ci ildə keçirilən analoji aksiya polis tərəfindən dağıdılmışdı. O zaman bir neçə gənc saxlanılaraq polis şöbələrinə aparılmışdı.
X.SƏFƏROĞLU