Müsavat Partiyası başqanının keçmiş müavini Qabil Hüseynlinin fikrincə, partiyanın martın 3-4-də keçirilməsi nəzərdə tutulan qurultayı yeni başqan seçimi baxımından gərgin olacaq. O, Modern.az saytına açıqlamasında adları başqanlığa iddialılar arasında çəkilən Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının, Məclis və Divan üzvü Qubad İbadoğlunun və Məclis üzvü Nüşabə Sadıxlının hər birinin bu yerə layiq olduqlarını deyib: “Onların üçü də siyasi mübarizədə kifayət qədər təcrübəsi olan və möhkəmlənmiş adamlardır. Bu nöqteyi-nəzərdən də onların namizədliklərini irəli sürəcəklərini təsadüfi hesab etmirəm. Amma güman edirəm ki, başqanlıq yarışı çox gərgin keçəcək və bu zaman müsavatçıların rəyi əsas rol oynayacaq”.
Müsavatın keçmiş funksionerinin fikrincə, gərgin yarışda partiya içərisində ən populyar olan qələbə qazanacaq: “Bu səbəbdən Arif Hacılı ilə Qubad İbadoğlunun şanslarını daha yüksək qiymətləndirirəm”.
İsa Qəmbərin başqanlıqdan getməsinin Müsavat daxilində müəyyən problemlərə səbəb ola biləcəyi ilə bağlı ehtimallara gəldikdə, Qabil Hüseynlinin sözlərinə görə, bu haqda indi qəti proqnoz vermək mümkün deyil: “Onu gələcək göstərəcək”.
Müsavat Məclisinin keçmiş sədri Sülhəddin Əkbər və sabiq funksioner İbrahim İbrahimli isə partiya daxilində gedən proseslərə münasibət bildirmək istəməyiblər.
Modern.az