Modern.az

Bir şarkısın sən ömür boyu sürəcək

Bir şarkısın sən ömür boyu sürəcək

Ölkə

17 Yanvar 2012, 11:51

Və ya məkan dəyişdi, yer dəyişdi, amma eyni görəv davam edir

Havasına suyuna taşına toprağına
Bin can feda bir tek dostuma
Hər köşəsi cennetim, ezilir yanar içim
Bir başkadır benim memleketim

Yuxarıdakı bu bənd Aytən Alpmanın "Məmləkətim" mahnısındandır. Bu mahnı ötən əsrin 70-ci illərindən, daha doğrusu, 1974-cü il Kipr savaşından sonra dillər əzbəri oldu. Çünki bu mahnı sanki azadlıq mücadiləsinə qalxan Kipr türklərinin himni, döyüş musiqisi kimi qəbul edilməyə başladı. O gündən bu günə həmin mahnını eşidən hər kəs ilk növbədə Kipr türklərini, onların şanlı mübarizəsini xatırlayır. Çox güman ki, həmin mahnı bu gün yenə səslənəcək, bütün Kipr türklərinin dilində. Çox güman ki, Kipr türkləri qurucu prezidentlərini son mənzilə məhz bu mahnını zümzümə edə-edə yola salacaqlar. Çünki Rauf Denktaşın özü də çox sevərdi bu mahnını... 

Tarix boyu müxtəlif haqsızlıqlara tuş gələn, dövlətçilik haqları tapdanan xalqlar olub. Nə qədər acınacaqlı olsa da, həmin xalqlar arasında türklər üstünlük təşkil ediblər. Bütün bunlara rəğmən, türklər öz haqlı mücadilələrini davam etdiriblər və bu gün də etdirirlər. Çünki hər zaman türklərin bu haqlı savaşının önündə gedən dünyaya nümunə sayılacaq rəhbərlər, sərkərdələr, siyasi xadimlər olub və bundan sonra da olacaq. Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu və ilk prezidenti Rauf Denktaş da həmin sıradadır...

Bir neçə gün öncə gecədən xeyli keçmiş internet səhifələrindən oxuduğumuz bir xəbər bizləri çox sarsıtdı. Həmin xəbərdə deyilirdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu, Türk dünyasının əfsanəvi liderlərindən biri Rauf Denktaş yanvarın 13-də gecə yarısı dünyasını dəyişib.

Türkiyənin "Hürriyət" qəzetinin köşə yazarı Ertuğrul Özkök R.Denktaşın vəfatından dərhal sonra qələmə aldığı köşə yazısında türklərin Mustafa Kamal Atatürkü və Heydər Əliyevi unutmadığı kimi, Rauf Denktaşı da heç zaman unutmayacağını yazıb. Məncə bunu rəhmətlik Rauf Denktaşa, onun əməyinə verilən qiymət kimi dəyərləndirmək olar. Çünki Rauf Denktaş da dahi Mustafa Kamal Atatürk və Ulu öndər Heydər Əliyev kimi tarixə qurucu lider olaraq düşüb. Çünki Rauf Denktaş da bu iki dahi şəxsiyyət kimi yoxdan var yaradıb, xalqına azadlıq, müstəqillik xoşbəxtliyi yaşadıb. Türklüyün yox olmaması üçün canı, qanı bahasına mücadilə edib. O, təkcə ŞKTC-nin deyil, bütün Türk dünyasının unudulmaz simalarından idi. Məhz bunu nəzərə alan ŞKTC-nin indiki prezidenti Dərviş Əroğlu onun vəfatından dərhal sonra verdiyi açıqlamada "Bu gün daha bir tarix köçdü, baba Denktaşı itirdik. Kipr türklərinin və türklük dünyasının başı sağ olsun. Denktaşın apardığı mübarizəni heç vaxt unutmayacağıq. Ona layiq olacaq, onunla qürur duyacağıq" deyib.

Bəli, cənab Əroğlunun da bəyan etdiyi kimi, Rauf Denktaşın vəfatı ilə daha bir şanlı tarix köçüb. Elə bir tarix ki, əsası Kiprin rum kəsimində yerləşən və sonralar rumlar tərəfindən tamamilə yandırılaraq, yox edilən Aybifan kəndində1924-cü il yanvarın 27-də Rauf Denktaşın anadan olması ilə qoyulub. Elə bir tarix ki, özündə 1948-ci ildən etibarən Kipr türklərinin təşkil etdiyi mitinqlər, 1970-ci ildə keçirilən seçkilərdə Türk Camaat Məclisinin formalaşması və R.Denktaşın bu quruma rəhbər, həmçinin, 13 fevral 1975-ci ildə Kipr Türk Federal Dövlətinin elan olunması və 1976-cı ildə keçirilən ilk seçkilərdə onun dövlət başçısı seçilməsi, eyni zamanda, 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin elanından sonra keçirilən ilk seçkilərdə R.Denktaşın prezident seçilməsi, bu uğuru bir neçə dəfə təkrarlaması, ən nəhayət, Kipr türklərinin dövlətçilik haqlarının tanınması üçün az qala bütün dünya ilə aparılan mücadiləni əks etdirir...

Yeri gəlmişkən, mərhum Rauf Denktaş Azərbaycanı və azərbaycanlıları çox sevərdi. Bunu vaxtının azlığına, gərgin iş qrafikinə baxmayaraq onun istər prezident olduğu dönəmdə, istərsə də sonrakı illərdə ŞKTC-yə səfər edən Azərbaycan təmsilçiləri ilə şəxsən görüşməsi də təsdiq edir. Onu da deyim ki, mənə də bu dahi şəxsiyyətlə şəxsən görüşmək xoşbəxtliyi nəsib olub. Onunla ilk görüşümüz ŞKTC prezidenti olduğu dövrə təsadüf etmişdi. Həmin vaxt Azərbaycandan gedən jurnalistləri çox isti qarşılayan Rauf Denktaş görüş üçün 20 dəqiqə ayrılmasına baxmayaraq, bizlərə 1 saata qədər zaman sərf etdi.

Bu dahi şəxsiyyətlə, növbəti görüşümüz isə 2005-ci il iyulun 29-na təsadüf etdi. Həmin vaxt o artıq dövlət başçısı deyildi. Lakin prezidentlikdən getməsinə baxmayaraq, bu dövlətin əsl sahibi kimi yenə də meydanda idi. Bunu həmin tarixdə cənab Denktaşın Lefkoşadakı İlhan Savut sokak 16 ünvanında yerləşən qərargahında gördüklərim də təsdiq edirdi. Sanki prezident qərargahına bənzəyən bu ofisdə telefonlar bir an belə susmurdu. Kimisi Rauf Denktaşı hansısa konfransda çıxışa, kimisi hansısa məclisdə ev sahibliyi etməyə, kimisi isə dəyərli fikirlərini dinləmək üçün söhbətləşməyə dəvət edirdi. Müxtəlif KİV-lərdən olan qəzetçilər isə onunla müsahibə üçün vaxt  almağa nail olduqlarına görə Rauf Denktaşın özəl sekretarı Fatoş xanıma dərin minnətdarlıq edirdilər. Ona görə yox ki, Rauf Denktaş jurnalistlərdən qaçırdı. Ona görə ki, sadəcə, ŞKTC-nin qurucusu gün ərzində bəlkə də 10-15 jurnalistə müsahibə, açıqlama və şərhlər verirdi. Eyni qaynarlıq qərargaha baş çəkənlər arasında da yaşanırdı. Orada olduğum zaman kəsiyində hərbçi, ziyalı, biznesmen və sair sahənin təmsilçilərinin birinci prezidentdən məsləhətlər aldıqlarının şahidinə çevrildim.

Prezidentlikdən getsə də, yenə də həmin enerji ilə çalışdığını mənə verdiyi özəl müsahibə zamanı onun özü də təsdiqləmişdi: "Məkan dəyişdi, yer dəyişdi, amma eyni görəv davam edir. Yenə hər səhər "rum mətbuatı nə dedi, nə yazdı deyə" əlimizdəki məlumatları dəyərləndiririk. Lazım olursa buradakı hökumətə, qəzetlərə və türk hökumətinə yazılar yazmaqla işimi davam edirəm. Hazırda bir neçə qəzetə həftədə bir neçə gün Kiprlə, keçmişlə, gələcəklə bağlı yazılar yazaraq, xalqı və gəncliyi məlumatlandırmağa çalışıram. Yəni, görəvimi sürdürürəm".

Bu arada, hörmətli millət vəkilimiz Qənirə Paşayevanın Rauf Denktaşın vəfatı ilə bağlı KİV-ə açıqlamasında "Əslində, Rauf bəyin itkisi hamımızın, bütün Türk millətinin itkisi, acısıdır. Kıbrıs onsuz çox solğun görünəcək" sözlərini xatırlatmaq istəyirəm. Doğrudan da bu, belədir. ŞKTC Rauf Denktaşsız çox solğun, çox tənha görünəcək. Çünki yuxarıda da vurğuladığım kimi, bu dahi insan prezidentlikdən getdikdən sonra belə dövlətin gerçək sahibi kimi daima ön sırada idi. Bu görəv onun gözlərini əbədi olaraq işıqlı dünyaya yummasına qədər davam etdi. Hər halda baba Denktaşın ömrünün son anlarında belə, "müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin" deməsi və rum tərəfinə mesaj olaraq "burası baxımsız Cümhuriyyətdir" sözlərini işlətməsi də bunu təsdiq edir. Bu həmçinin, "Mənim ən böyük övladım Kuzey Kıbrıs Türk Cümhuriyyətidir və o mənim üçün hər şeydən əziz və qiymətlidir. Hətta ailəm və övladlarımdan da..."deyən Rauf Denktaşın bir qədər nigaran getməsinə işarə edir. Amma, inanırıq ki, ŞKTC-nin qurucusunun ruhunun şad olması üçün Kipr türkləri onun başlatdığı azadlıq mücadiləsini qələbə ilə başa çatdıracaq.

Və sonda, Rauf Denktaş oğlunun yanında dəfn olunmasını vəsiyyət edib. Lakin ŞKTC rəsmiləri qurucu prezidentin elə bir yerdə dəfn olunmasını istəyirlər ki, ora daim ziyarət məkanı olsun. Dünən yayılan məlumatlara görə, mərhum lider Lefkoşa şəhərindəki "Cumhuriyyət" parkına dəfn ediləcək. Lakin mənə elə gəlir ki, Rauf Denktaşı ŞKTC-dəki ən uca dağda dəfn etmək daha doğru olardı. Elə bir zirvədə ki ŞKTC-nin varlığına son qoymaq istəyən qara qüvvələr, xarici dairələr, türklüyün düşmənləri bu məzarı görüb, əl saxlasınlar. Bilsinlər ki, Rauf Denktaş daima Kipr türklərinin qoruyucusu olaraq qalacaq və məkan dəyişsə də, yer dəyişsə də, eyni görəv davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı