Bakı Mühəndislik Universitetinin (BMU) 3 tələbə və 1 müəllim komandası Türk dünyası ölkələri arasında əməkdaşlığın inkişafına yönələn “Türk Forum 2026 - Bir Fikir, Ortak Gələcək” proqramının final mərhələsinə vəsiqə qazanıb.
Universitetdən Modern.az-a bildirilib ki, final dekabrın 8-10-da Türkiyənin Ankara şəhərində keçiriləcək. İvedik Mütəşəkkil Sənaye Bölgəsinin ev sahibliyi, Qazi və Ankara Hacı Bayram Vəli universitetlərinin əməkdaşlığı ilə təşkil olunan müsabiqədə mühəndislik və sosial elmlər istiqamətləri üzrə təqdim edilən layihələr qiymətləndirilib. Akademik Şuranın qərarı ilə mühəndislik kateqoriyasından 9, sosial elmlər kateqoriyasından isə 12 layihə finala seçilib.
BMU-nun finala yüksələn komandalarından biri dosent İlhami Süleymanovun rəhbərlik etdiyi müəllim komandasıdır. “C-MON Edge” adlı layihə sənaye obyektlərində kritik avadanlıqların texniki vəziyyətinin FPGA və süni intellekt əsaslı TinyML texnologiyaları vasitəsilə real vaxt rejimində izlənilməsini və mümkün nasazlıqların əvvəlcədən aşkarlanmasını nəzərdə tutur. Komandada professor Vaqif Qasımov, müəllimlər Nurlan Babanlı, Ərtoğrul Qayıbov və Türkiyənin “METADİAG BİLİŞİM TEKNOLOJİ” şirkətinin layihə meneceri Kənan Qəribli də təmsil olunur.
Mühəndislik kateqoriyasında finala vəsiqə qazanan digər iki layihə tələbələrə məxsusdur. Mühəndislik fakültəsinin IV kurs tələbəsi Adəm Məmmədovun “Yeşil Pusula” layihəsi kiçik və orta sahibkarlıq subyektləri üçün karbon emissiyalarının hesablanması və enerji səmərəliliyinin qiymətləndirilməsinə xidmət edən rəqəmsal platformadır. Həll müəssisələrin Avropa İttifaqının Sərhəddə Karbon Tənzimləmə Mexanizminin (CBAM) tələblərinə uyğun hesabatlılığını dəstəkləyir.
“+qElixir” layihəsi isə BMU-nun “Kimya mühəndisliyi” ixtisasının məzunu Məhəmmədəli Ayralov və IV kurs tələbəsi Reyhanə Mahmudovanın birgə işidir. Süni intellekt əsaslı platforma kimyəvi reaksiyaların proqnozlaşdırılması, molekulyar analiz və kvant-kimyəvi hesablamaları birləşdirərək elmi tədqiqatların daha səmərəli aparılmasına, vaxt və resurslara qənaətə imkan yaradır.
Sosial elmlər kateqoriyasında BMU-nu İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Təhminə Əliyevanın “TURK YOUTH HUB: Discover. Connect. Collaborate.” layihəsi təmsil edəcək. Türk dünyasının gənc tədqiqatçılarını, startapçılarını və tələbələrini bir araya gətirməyi hədəfləyən platforma 7 dildə ünsiyyət, tematik şəbəkələşmə və etimologiya sözlüyü imkanları ilə dil baryerlərinin aradan qaldırılmasına yönəlib.
BMU-nun tələbə komandaları finala hazırlıq prosesində universitetin Texnoparkı tərəfindən təşkil olunan təlim və hakatonlara hazırlıq proqramlarında iştirak ediblər. Finalda layihələr münsiflər heyətinə təqdim olunacaq, hər kateqoriya üzrə ilk üç yerin qalibləri mükafatlandırılacaq.