Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin rəhbəri Rafiq Əliyev ona məxsus 6 mərtəbəli binanın qanunazidd olaraq satışa çıxarıldığını bəyan edib.
Modern.az xəbər verir ki, R.Əliyev bu barədə sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, dünən, 22 noyabr 2026-cı il tarixində Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elektron hərracda “İrşad” İslam Araşdırmaları Mərkəzinə məxsus 6 mərtəbəli bina qanunazidd olaraq satışa çıxarılsa da, alıcı tapılmayıb.
“Bununla belə, qanunun tələblərinə məhəl qoyulmadan binanın satışının yenidən təşkil edilməsi nəzərdə tutulur. Belə ki, bina noyabrın 29-da dördüncü dəfə hərraca çıxarılmalıdır.
Potensial alıcılar da yaxşı anlayırlar ki, əldə edəcəkləri bu bina mübahisəli əmlakdır. Binada əsaslı təmir işləri aparıldıqdan sonra texniki pasportun və yeni çıxarışın alınması, eləcə də sənədləşmə prosesinin həyata keçirilməsi ciddi problemlərlə üzləşə bilər. Üstəlik, məsələ ilə bağlı məhkəmə prosesi davam etdiyindən, çıxarılacaq qərar binanın satışının hüquqi əsaslarına və qanuniliyinə birbaşa təsir göstərəcək.
Mən hərracın keçirilməsi ilə bağlı artıq şikayət vermişəm. İnanıram ki, hüquqi müstəvidə ədalət öz yerini tapacaq və haqqımız qorunacaq”, - Rafiq Əliyev deyib.