“Bu gün insanlarımızda, yetişməkdə olan gənc nəslimizdə, hətta bəzi məmurlarımızın özündə Qarabağ hadisələri, Dağlıq Qarabağ barədə tam məlumat yoxdur.
Çoxları hələ də bilmir ki, Xocavənd harada yerləşir, işğal olunub, ya olunmayıb”.
Bunu Parlament Jurnalistləri ilə görüşdə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikasının Dağlıq Qarabağln azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü Eyvaz Hüseynov deyib.
Onun dediyinə görə, öncə bir xalq, millət olaraq özümüzün Qarabağ hadisələri, faciələrimiz, Dağlıq Qarabağ haqqında məlumarlarımız və tam təsəvvürlərimiz olmalıdır və buna cox ciddi ehtiyac var: “ Qarşıdan Xocalı soyqırımının 20 illiyi gəlir. Ancaq bilmək lazımdır ki, Xocalı faciəsinə gedən uzun, ağrılı-acılı yol var. Bu yol Qaradağlı, Meşəli, Cəmilli faciəsindən, digər faciələrimizdən kecir. Xocalıya kimi bu kəndlərdə erməni cəlladları tərəfindən soyqırımlar həyata keçirilmişdi. Amma indi coxlarından Qaradağlı, Meşəli, Cəmilli soyqırımları haqda nə bildiklərini soruşsan, hec bir cavab ala bilməyəcəksən. Qaradağlı soyqırımı xalqımızın tarixində ən dəhşətli faciələrdən biribir.
Bu kənd 4 ay erməni cəlladlarının mühasirəsində qaldı, 4 gün gücə-gündüz ermənilərlə ölüm-dirim savaşı apardı və axırda qeyri-bərabər döyüş vəziyyətində ermənilər tərəfindən işğal olundu, yerlə-yeksan edildi. Bu kəndin demək olar ki, hər 10 sakinindən biri ermənilər tərəfindən amansızcasına qətlə yetirildi. Bir çox kənd sakini güllələləndi və diri-diri basdırılaraq vəhşicəsinə məhv edildi… İndi belə bir soyqırımını unutmaq olarmı, bu, nə dərəcədə düzgündür?
Bəzən soruşurlar ki, Qaradağlı, Xocavənd harada yerləşir, işğal altındadır, yoxsa, bizdədir? Adamı dəhşət bürüyür”.
Hazırda Xocavəndin 15 faizə yaxın ərzisinin Azərbaycanın nəzarətində qaldığını və bunun da məhz 1991-94-cü illərdə vuruşan könüllülərin hesabına qorumaq mümkün olduğunu qeyd edən icra başçısı bildirib ki, bu rayonun İcra Hakimiyyəti həmin ərazi ilə qonşuluqda olan Beyləqan rayonunda yerləşir: “Bir amalımız var, bizi gecə-gündüz ancaq bir məsələ düşündürür: nəyin bahasına olursa-olsun torpaqlarımızı işğaldan azad etmək və torpaqlarımıza qayıtmaq. Onu da deyim ki, bu gün Xocavəndin “Nərgiztəpə” deyilən yeri var. O ərazi bizim nəzarətimizdədir. Orada Xacavənd şəhidlərinə abidə ucaltmışıq, ermənilərlə sərhəddin iki kilometrliyində Azərbaycan bayrağını dalğalandırmışıq. İstəyirik ki, tezliklə bayrağımız Xocavənddə, Xocalıda. Şuşada, digər işğal olunmuş ərazilərimizdə də dalğalansın”.
Icra başcısı Xocavənd rayonunda baş vermiş erməni vəhşilikləri, xüsusilə, Qaradağlı soyqırımı ilə bağlı həqiqətlərin dünya və ölkə ictimaiyyətinə daha yaxından tanıdılması üçün “Qaradagli.org” saytının yaradıldığını, eləcə də, “Qaradağlı soyqırımı” adlı filmin hazırlandığını qeyd edib:
“Biz fevralıın 17-nə-Qaradağlı soyqırımının növbəti ildönümü günunə kimi həmin filmin üç dildə təqdimat mərasimini keçirməyi nəzərdə tuturuq. Cox güman ki, onu fevralın 10-da İcmanın ofisində keçirəcəyik”.
Modern.az