Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən stasionar telefon aparatlarının sayı 18,6 ədədə çatdırılıb. Bu göstərici Bakı şəhərində 35,7 ədəd, respublikanın digər ərazilərində 10,9 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edir. Modern.az-ın məlumatına görə, bu barədə yanvarın 21-də Rabitə və İnformasiya Texnologiyaları nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov deyib ki, indi ölkədə hər 100 ailəyə düşən telefon aparatlarının sayı 68,8 ədəd təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə 140,2 ədəd, respublikanın digər ərazilərində isə 47,6 ədəd təşkil edir.
Mobil abunəçilərin 2011-ci ilin əvvəlinə nisbətən təxminən 1 009 965 ədəd artaraq 10 120 000 ədəd təşkil edib və indi hər 100 nəfərə təxminən 110 mobil abunəçisi düşür.
2011-ci ildə “Azercell Telecom” və “Bakcell LTD” MMC-yə də 3G xidmətlərinin tətbiqi ilə bağlı lisenziya verilib və nəticədə hesabat ilində 3G abunəçilərinin sayı 2 milyona ədədə çatıb. Hazırda ölkənin mobil operatorları ilə birgə 4-cü nəsil (4G-LTE) texnologiyasının Azərbaycanda tətbiq edilməsi üzərində işlərə başlanılıb.
“2011-ci ilin oktyabr ayının 1-dən etibarən aztelekom.net və bakinter.net üzrə genişzolaqlı internet tarifləri təqribən 30-50% aşağı endirilmişdir.
Respublikada internet infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2011-2015-ci illərdə genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə Fəaliyyət Proqramı” hazırlanmışdır”-deyə V.Zeynalov bildirib.
“Xalq kompüteri” layihəsi 2011-ci ildə də ali və ümumitəhsil məktəblərinin müəllim, tələbə və şagirdlər 16 000 ədəd kompüter əldə ediblər.
Həyata keçirilmiş tədbirlər nəticəsində, əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı isə 65 ədədə bərabər olub. Hazırda respublika üzrə hər 100 nəfərə təxminən 30 genişzolaqlı internet istifadəçisi düşür ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur.
2012-ci ildə qarşıda həlli vacib tapşırıqlar vardır. Ölkənin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin qurulmasına başlanılması, e-imzanın tətbiqinin genişləndirilməsi, elektron hökumət infrastrukturnun qurulması və istismarı, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması, telekommunikasiya və poçt infrastrukturunun modernləşdirilməsi, ölkəmizdə keçiriləcək “Eurovision-2012” beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üzrə zəruri tədbirlərin görülməsi bu qəbildən olan tədbirlərdir”-deyə V.Zeynalov qeyd edib.
Modern.az