QAT sədri: “Qarabağın sülh yolu ilə geri qaytarılacağına inananlar ermənilərin siyasətinə xidmət edirlər”
Dağlıq Qarabağın işğaldan azad edilməsinin iki yolu olduğunu siyasi partiyalar, qeyri-hökumət təşkilatları tez-tez söyləyirlər. Bəzi siyasi partiyalar sülh danışıqlarının davam etdirilməsini ən zəruri çıxış yolu hesab edirlər. Bəs, Qarabağ Azadlıq Təşkilatı (QAT) hansı yolu daha məqbul hesab edir?
QAT sədri Akif Nağı Modern.az saytına deyib ki, siyasi partiyalar öz imkanları daxilində hansısa bir mövqeni ortaya qoyurlar: “Siyasi partiyaların Qarabağ problemi ilə bağlı fəaliyyəti məni o qədər də qane eləmir. Əlbəttə, siyasi partiyalara qarşı tənqidçi rolunda çıxış eləmək istəməzdim. Sadəcə, istəyimiz ondan ibarətdir ki, bütün siyasi partiyaların fəaliyyətində birinci yerdə Dağlıq Qarabağ məsələsi dayansın. Çox təəssüflər olsun ki, bu gün biz bunu Azərbaycandakı siyasi partiyaların timsalında görmürük”.
QAT sədrinin fikrincə, qeyri-hökümət təşkilatları da Qarabağ məsələsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər: “Burada əsas məsələ Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılmasıdır. Bu istiqamətdə fəaliyyət nəzərə çarpır, kitablar buraxılır, müəyyən internet resuslardan istifadə edilir, internet saytları da yaradılır, Bakıda, xarici ölkələrdə konfranslar da keçirilir. Amma bunlar kifayət deyil, fəaliyyət daha da güclənməlidi. Xüsusilə adında Qarabağ sözü olan QHT-lərin fəaliyyətinin gücləndirilməsinə ehtiyac var”.
A.Nağı onu da bildirib ki, münaqişənin sülh yolu ilə həll olunacağına inananlar Qarabağın Ermənistana verilməsinin tərəfdarı kimi çıxış edənlərdir: “Onların bu mövqeyi ermənilərin siyasətinə xidmət edir. Daha doğrusu, müəyyən beynəlxalq mərkəzlərin, böyük dövlətlərin, güclərin siyasətinə xidmət edirlər. Onlar münaqişənin başqa həlli yolu olduğunu söyləməyə çəkinirlər. Çünki onlar maliyyə cəhətdən müəyyən qədər beynəlxalq təşkilardan asılı olduqlarını nəzərə alıb belə çıxış edirlər”.
Mail Ağaxanov