Qabil Hüseynli: “Bu, Azərbaycanla Türkiyənin birgə istəyindən asılıdır”

“Fransa Senatının “erməni soyqırımı”n inkar edənlərin cəzalandırılmasına dair qanun qəbul etməsinə heç bir mənəvi-siyasi-hüquqi haqqı yoxdur”.
Politoloq Qabil Hüseynli Modern.az saytına deyib ki, genosid haqqında o zaman siyasi bir qərar qəbul etmək mümkündür ki, ona qədər məhkəmə yolu ilə bu genosidin həyata keçirilməsi sübut olunsun:
“Yəni məhkəmə əşyayi-dəlil, sübutlar, videomateriallar, digər şahid sübutlarını toplayaraq bunu məhkəmə yolu ilə qərarlaşdırır və genosidin olduğunu isbatlayır. Yəhudi soyqırımı haqqında Nürnberq məhkəməsi keçirilib. Həmin prosesdə həm kino materialları, həm saysız-hesabsız şahid ifadələri varıydı, həm də məhkəmədə bu genosidi həyata keşirən şəxslərin demək olar ki, böyük əksəriyyəti iştirak edirdi. Beləliklə, Nürnberq məhkəməsi yəhudi soyqırımı haqqında bir qərar çıxartdı. Ondan sonra yəhudi soyqırımının olması bütün dünyaya yayıldı. Amma yəhudilər bunu parlamentlərində müzakirə etmədilər, bunu təbliğat vasitəsinə də çevirmədilər”.
Politoloq deyib ki, “erməni soyqırımı” haqqında bir dənə də olsun şahid ifadəsi yoxdur: “Sadəcə, ermənilərin barmaqlarından sorub yazdıqları kitablar və kitababənzər materiallar var. İndi görün Fransa parlamenti nə qədər həyasızcasına və xəyanətkarcasına hərəkət edir ki, isbat olunmamış, hətta tarixi sənədlər əsasında belə sübuta yetirilə bilməyən bir tarixi fakt haqqında qərar çıxarır, üstəlik bu qərarda inkar edənlərin cəzalandırılması nəzərdə tutulur. Bu, Fransa tarixində ifadə azadlığına qarşı yönəlmiş bir qərardır. Yəni Fransa Konstitusiyasının fundamental müddəasına, Fransa Böyük İnqilabının dəyərlərinə qarşı yönəlmiş bir addımdır. Fransızlar xristian təəssübkeşlyi, öz daxili intriqaları naminə belə bir addımı atmaqla indiyə qədər Fransanın həm demokratiya, həm maarifçilik tarixini, həm də bəşər mədəniyyətinə verdiyi dəyərlərin hamısnı gözdən saldı. Mən şəxsən bu gündən sonra Fransanı radikal millətçi, radikal dinçi ölkə kimi tanıyacam”.
Qabil Hüseynlinin fikrincə. Fransa çox böyük tarixi xətaya imza atıb: “Bununla da dünya sivilizasiyasına xidmət etmək əvəzinə sivilizasiyalararası toqquşmanı gücləndirəcək ideoloji-siyasi bir prosesin bünövrəsi qoyuldu. Düzdür, bu işin başında mənşəcə yəhudi olan Sarkozi durur, amma hər halda bu məsələdə bütün Fransa parlamentini və bu ölkədəki partiyaların hamısını günahlandırmaq lazımdır”.
Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılması proseduruna gəldikdə, politoloqun dediyinə görə, bunun üçün ilk növbədə Azərbaycan özü səy göstərməlidir: “Azərbaycan səy göstərsə, Fransanın bu qrupda olmasını istəməsə, üstəlik Türkiyə də Minsk qrupunun üzvüdür, o da bu məsələni qaldırsa, bu ölkəni Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırmaq çətin deyil. Bundan ötrü Azərbaycan və Türkiyə birgə mövqe ortaya qoymalıdır. Fransanın həmsədrlikdən getməsi və yerinə başqa dövlətin gəlməsi tələb olunmalıdır. Erməniləri bu cür müdafiə edən, şeytan xislətli bir adamın təmsil etdiyi ölkəni Minsk qrupunda saxlamağa dəyərmi? Nə üçün Azərbaycan torpaqlarının taleyini belə ermənipərəst və xristianpərəst bir ölkənin taleyinə buraxmalıdır? Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq haqqında bir şura var. Həmin qurum toplanmalıdır, çünki iki ölkə arasında ən strateji məsələlər burada müzakirə edilməsi qərarlaşdırılıb. Yubanmada bu məsələləri müzakirə etmək lazımdır”.
Modern.az