Modern.az

Mənzil növbəsində olan neftçilərə şad xəbər

Mənzil növbəsində olan neftçilərə şad xəbər

Ölkə

25 Yanvar 2012, 18:21

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə mənzil növbəsində olan əməkdaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə “Neftçi” Mənzil Tikinti Kooperativi (MTK) təsis edilib.

Modern.az xəbər ARDNŞ-yə istinadən verir ki, kooperativin təsis sənədlərində qeyd olunduğu kimi, 01.10.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinə əsasən ARDNŞ tərəfindən işçilərin mənzillə təmin olunması “Neftçi” MTK vasitəsi ilə həyata keçirilir. Bununla bağlı müddəa ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2011-2013-cü illər üçün bağlanmış sahə (tarif) Kollektiv Sazişində də öz əksini tapmışdır. Kooperativ öz fəaliyyətini uğurla davam etdirir. Yeni Yasamal yaşayış massivində tikilmiş yaşayış binalarında təmir, Badamdar qəsəbəsi ərazisində inşa edilən yaşayış binasında isə son tamamlama işləri aparılır. Bu binaların 2012-ci ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Xətai rayonu, A.İsmayılov küçəsi, 35 ünvanında yeni yaşayış binalarının tikintisi isə davam etdirilməkdədir. Bundan başqa Səbail rayonu Bibiheybət ərazisində 1500-dən artıq neftçi ailəsi üçün yaşayış kompleksinin, Qaradağ rayonu Lökbatan və Sahil qəsəbələri, Xəzər rayonu Pirallahı qəsəbəsi ərazilərində yeni yaşayış binalarının tikintisi üçün hazırlıq işləri aparılır.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin “Neftçi” mənzil tikinti kooperativinə üzvlüyü barədə Qaydalar”a əsasən MTK-ya üzvlük ARDNŞ üzrə mənzil uçotunda olan işçilərin müraciətləri əsasında həyata keçirilir. ARDNŞ-nin təqaüd proqramı çərçivəsində təhsilini başa vurub şirkətdə işə qəbul edilən işçilər də “Neftçi” MTK-ya üzv qəbul edilirlər. Mənzil növbəsində olan işçilərin uçota götürüldükləri tarixlərə uyğun olaraq seçdikləri mənzillərin dəyərinin bir hissəsi kooperativə ARDNŞ, digər hissəsi isə işçi tərəfindən ödənilir. Kooperativ üzvlərinin ödəyəcəkləri pay haqqı ARDNŞ-nin Şurasının qərarları ilə tənzimlənir. Daha uzun müddət mənzil uçotunda olan işçilər üçün ARDNŞ tərəfindən ödəniləcək hissə 70 %-dək artır. MTK-ya üzv qəbul edilən şəxs mənzil uçotuna 1984-cü ilədək götürülmüşdürsə, onun üçün mənzilin dəyərinin 70 %-i ARDNŞ, 30 %-i isə özü tərəfindən ödənilir. Sonrakı illərdə uçota dayananlara gəlincə, bu faiz dərəcəsi ARDNŞ tərəfindən ödəniləcək hissədən hər il üçün 2 % azalır və işçi tərəfindən ödəniləcək hissədə artır. Nəticədə 2008-ci ildə mənzil uçotuna dayanmış işçi MTK-ya üzv qəbul edilərkən mənzilin ümumi dəyərinin 20 %-i ARDNŞ, 80 %-i isə onun özü tərəfindən ödənilməli olur. Qeyd olunan faiz dərəcələri mənzil qanunvericiliyinə uyğun olaraq ailəyə düşən normaya tətbiq olunur. Təqaüd proqramı üzrə təhsilini başa vurub ARDNŞ-də işə qəbul olunmuş və “Neftçi” MTK-ya üzvlüklə bağlı müraciət etmiş işçilər üçün isə norma olaraq 2 otaqlı mənzil qəbul edilmişdir. Onların norma daxilində seçdikləri sahənin dəyərinin 50 %-i ARDNŞ tərəfindən ödənilir. Kooperativə üzv qəbul edilmiş işçilər ödəniləcək məbləğin üzərlərinə düşən hissəsini üzv olduqları binanın tikintisi başa çatanadək “Neftçi” MTK-nın hesabına ödəməlidirlər. ARDNŞ, “Xalq Bank” ASC və “Neftçi” MTK arasında imzalanmış Çərçivə Sazişinə əsasən, kooperativə üzv qəbul edilmiş işçilərin istəyi ilə onların ödəyəcəkləri məbləğ və ya onun bir hissəsi ARDNŞ-nin məktubu əsasında “Xalq Bank” ASC tərəfindən tikinti müddətində kooperativin hesabına ödənilə bilər. Bu zaman kooperativin üzvü öz üzərinə illik 4 % əlavə olmaqla həmin məbləği banka 10 ilə qədər müddətə ödəmək haqda öhdəlik götürür.

“Neftçi” MTK-ya üzv qəbul edilmiş işçi mənzil qanunvericiliyinə uyğun olaraq ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsi normasından əlavə bir otaq və ya ona düşən mənzilin ümumi sahəsinin 50 %-dən çox olmamaq şərtilə əlavə sahə də ala bilər. Normadan artıq götürülmüş otağın və ya sahənin dəyəri üzv tərəfindən tam miqdarda ödənilir və bu məbləğ kreditləşməyə daxil edilmir.
Xatırladaq ki, 2012-ci ilin əvvəlinə ARDNŞ üzrə 6238 işçi mənzil növbəsindədir. Onların 5743 nəfəri Bakı şəhəri üzrə, 495 nəfəri isə respublikanın müxtəlif şəhər və rayonları üzrə uçota götürülmüşdür. Gələcəkdə ARDNŞ üzrə mənzil uçotunda olmayan və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərin də “Neftçi” MTK tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulur.


Moden.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı