“Seçkidə özünün iştirak şansı olmayan şəxs vahid namizəd ola bilməz”
“Qarabağ” blokunun təsisçiləri olan Azərbaycan Demokrat və Ümid partiyaları yanvarın 25-də müxalifət partiyalarına yeni təkliflə müraciət edib. Sənəddə mart ayından gec olmayaraq müxalifətin vahid cəbhəsinin yaradılması ilə bağlı konkret təkliflər də öz əksini tapıb. Bu təkliflərdən biri hər kəsin birləşdiyi qurumlara toxunmadan 2013-cü ilin prezident seçkisində vahid namizəd və vahid komanda ilə iştirakı şərtləndirən birlik yaradılmasını elan etməkdir.
ADP sədri Sərdar Cəlaloğlu Modern.az saytına deyib ki, onların təklifinin əsas məqsədi növbəti prezident seçkilərində müxalifətin vahid komanda və və vahid namizədlə iştirakına nail olmaqdır: “Bu, xüsusi bir məsələdir. Biz belə hesab edirik ki, müxalifətdən olan üç-dörd rəqib oturub öz aralarında ümumi razılığa gəlməli və bir nəfəri namizədliyinin irəli sürülməsini razılaşdırmalıdır, bir komanda yaratmalıdırlar”.
ADP sədri bununla bağlı müzakirələrin blok adından partiyalara ünvanlanan müraciətə cavab veriləcəyi halda mümkün olduğunu bildirir: “Əgər ideya ilə razı olmasalar, təbii ki, görüşlərin də heç bir mənası yoxdur”.
“Məsələn, Rəsul Quliyev deyir ki, prezidentliyə namizəd olacam və qələbəmə çox inanıram, siz vahid namizəd kimi nəzərdə tutursunuz” sualına S.Cəlaloğlu belə cavab verib:
“Əvvəla, seçkidə iştirakına ciddi siyasi ya ictimai maneələr olmayan namizədin üzərində dururuq. Çünki vahid namizədin özünün də seçkilərdə iştirakı əgər problemlidirsə, onda ikiqat problem ortaya çıxacaq. Bu halda namizədin seçkiyə qatılması üçün həm şəxsi, həm də seçki prosesi ilə bağlı problemlərini həll etməliyik. İrrasional düşüncə budur ki, seçkilərdə iştirakına daha böyük şansı olan adamlar arasından bu namizəd seçilsin. Təbii ki, kiminsə seçilmək şansı ola bilər. Amma seçkilərdə iştirak şansı yoxdursa, dəstək verəndə bu adamın həm də seçilmək şansı meydana çıxacaq. Ona görə biz prezident seçkilərini fərdiləşdirməyin qəti əleyhinəyik. Əsas məsələ ideyanın qəbul olunmasıdır. Bu ideya ətrafında kriteriyalar müəyyən edilməlidir, kimin namizədliyinin verilməsi kriteriyalara daha uyğun gələrsə, biz onu qabağa çıxartmalıyıq”.
Modern.az