“Yəhudilər Türkiyəni cəzalandırmaq üçün dünya miqyasında addımlar atırlar”
“Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cəzanı nəzərdə tutan qanunun qəbulunu təkcə prezident Nikolas Sarkozinin türklərə və İslam dünyasına olan şəxsi nifrəti, seçki öncəsi manevri, Fransız cəmiyyətindəki islamafobiya və erməni diasporuun səyləri prizmasından gözdən keçirmək qətiyyən doğru deyil”. Bu sözləri Modern.az saytına Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib.
Onun fkrincə, sadaladıqları faktorların da rolu az olmayıb: “Amma bu faktorlar öncələr də mövcud idi, fəqət heç bir zaman bənzər qanunun Senatda qəbul edilməsi üçün yetərli olmayıb. Bu dəfə sözügedən faktorlara bir yenisi və onlardan daha güclüsü əlavə olundu – yəhudi faktoru! Yəqin ki, nəyə işarə etdiyimi anladınız. Söhbət Yaxın və Orta Şərqdə baş verən və əslində qlobal xarakter daşıyan böyük geosiyasi inqilab fonunda Türkiyə-İsrail münasibətlərinin xarakterinin dəyişməsindən və yəhudilərin Türkiyəni cəzalandırmaq üçün dünya miqyasında atdıqları addımlardan gedir. Məsələnin əsl səbəbi budur”.
Azərbaycan diasporunun bu qanunun qəbul olunmaması üçün fəaliyyətində gəldikdə, Məmməd Əlizadə deyib ki, bu, ümumilikdə Azərbaycan hökümətinin sərgilədiyi son dərəcə passiv, hətta imitasiya xarakterli mövqeyə tam adekvat olub: “Halbuki dövlətimiz bütün imkanlarını ortaya qoysaydı, qanun layihəsinin qəbulunun qarşısını almaq olardı. Lakin bu istiqamətdə yetərincə iş görülmədi”.
DADP sədrinin fikrincə, Azərbaycan diasporunun güclü keçirdiyi imitasiya xarakterli aksiyaların sayı ilə deyil, diasporun təsir gücü ilə ölçülür:
“Bu baxımdan Azərbaycan diasporu olduqca böyük potensialına rəğmən çox zəif və sönük təsir bağışlayır. Bu da onun ölkənin milli maraqlarından daha çox iqtidarın ölkə daxilindəki və xaricindəki müxaliflərə qarşı ideoloji, siyasi bir alət kimi istifadə edilməyə çalışılmasından qaynaqlanır. Məhz bu siyasət nəticəsində diasporumuz bir neçə yerə parçalanıb və bu gün diaspor adından çıxış edənlər iqtidara xidmət edənlərdir. Bir sözlə, Azərbaycanın xaricdəki diasporu son 20 il ərzində daxili siyasətin alətinə çevrildiyindən ondan nə isə böyük nəticə və qələbə gözləmək özünü aldatmaqdan başqa bir şey deyil. Əvvəla onu deyim ki, Azərbaycan ərazisində gedən proseslər eyni ilə xaricdə yaşayan soydaşlarımızın da həyatında özünü göstərməkdədir. Yəni müxalifəti və iqtidarı dəstəkləyənlər şəkilində bölünmələri. Əgər əlavə etsək ki, burada regionçuluq, üstəgəl şəxsi maraqlar da özünü göstərməkdədi, o zaman hər şey aydın olur. Bir də, axı, bu qələbəni dövlətin müəyyən kürsüsündə oturan bəzi iqtidar sahibi olan məmurların özü istəməlidir. Onların isə ermənilər üzərində qələbə çalmaq və işğal altında olan torpaqları qaytarmaq istiqamətində güclü istəyinin olduğu qətiyyən hiss edilmir”.
Modern.az